Sülh sazişinə doğru: ərazi iddialarından imtina və 1990-cı il sənədi

Sülh sazişinə doğru: ərazi iddialarından imtina və 1990-cı il sənədi

Sentyabr-oktyabr aylarında Azərbaycanın Qarabağda separatçı rejimi çökdürməsi və 1991-ci ildə müstəqilliyin elan olunmasından sonra ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünü təmin etməsindən sonra Bakı və İrəvan arasında sülh sazişi məsələsi yenidən aktuallaşmışdır.

Bir tərəfdən hər iki dövlətin rəsmiləri vaxtilə Azərbaycan tərəfinin təklif etdiyi 5 baza prinsipini qəbul etdiyini açıqlayır və bu prinsiplər əsasında yekun sənədin imzalanması yaxın görünür. Digər tərəfdən, bu prinsiplərdən bəzilərinin şərhi və ya başqa məsələlər normallaşma üçün çətinlik yaradır. Bu xüsusda Azərbaycanda - həm siyasi elitada, həm də ekspert icmasında prinsiplərdən biri – Azərbaycanla Ermənistanın qarşılıqlı şəkildə bir-birlərinə qarşı ərazi iddialarının olmamasının təsdiqi üzrə müddəa ilə bağlı müəyyən narahatlıq mövcuddur.

Ermənistan rəhbərliyi hal-hazırda Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, gələcəkdə də hər hansı ərazi iddiasında olmayacağı sual altındadır. Bu kontekstdə hətta Ermənistanın daxili qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Belə ki, 1990-cı ilin 21 sentyabrına aid olan və Ermənistanın İstiqlal Bəyannaməsi kimi tanınan tarixi sənəd öz preambulasında Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli Ermənistan və Dağlıq Qarabağın birləşməsini ehtiva edən qərara da istina edir.

Sözügedən bəyannamə Ermənistan Respublikasının sonradan – 1995-ci ildə qəbul olunmuş Konstitusiyası üçün baza rolunu oynayır; başqa sözlə, o, Konstitusiyadan da üstün olan tarixi və hüquqi-normativ sənəddir. Buna görə də hazırkı vəziyyətdə belə bir sənədin mövcudluğu Azərbaycan tərəfini qıcıqlandıran narahatlıq mənbəyidir. Hazırda Azərbaycan hökuməti Qarabağ üzərində tam suverenliyini bərpa edib və yerdə tam nəzarətə malik olsa da, gələcəkdə Ermənistanda hökumət dəyişikliyi və daha revanşist qüvvələrin hakimiyyətə gəlməsi şəraitində, 1990-cı il İstiqlal Bəyannaməsinin gündəmə gətirilməsi və onun əsasında Azərbaycana qarşı ərazi iddialarına yenidən start verilməsi, sözsüz ki, Bakıda müzakirə olunur.

Hətta yaxın perspektivdə Azərbaycan rəhbərliyi və Ermənistanın indiki hökuməti arasında hansısa sülh müqaviləsi imzalanarsa, onun Ermənistan daxilində təsdiqlənməsi prosesi zamanı Konstitusiya Məhkəməsinin 1990-cı il sənədinə istinadən onu tanımaqdan imtina etməsi həm sazişin qüvvəyə minməsinin qarşısını ala, həm də ümumilikdə sülh prosesinə zərbə vurar.

İndiki halda 1990-cı il sənədinin ləğv olunması hüquqi cəhətdən real görünmür, çünki qeyd edildiyi kimi bu Konstitusiyadan da üstün olan və Ermənistanın suverenliyini təsbit etmiş sənəddir.

2021-ci ilin yanvarında – İkinci Qarabağ müharibəsinin bitməsindən cəmi iki ay sonra həmin dövrdə Ermənistan prezidenti olan Armen Sərkisyan yazdığı məqalədə Ermənistandakı indiki dövlətin – Üçüncü respublikanın siyasi, hüquqi və psixoloji-mənəvi cəhətdən iflas etdiyini və ona görə də “Dördüncü respublika” adlandırdığı yeni quruluşa ehtiyac olduğunu bildirmişdi. Belə bir dəyişiklik Ermənistan üçün yeni qanunvericilik toplusuna da start verə və bəlkə Azərbaycan üçün də narahatlıq yaradan hüquqi-normativ sənədlərin dəyişdirilməsinə kömək edərdi.

İstənilən halda, sözügedən məsələ hal-hazırda Azərbaycan siyasi çevrələrində müzakirə olunan mövzulardan biridir və Ermənistan rəhbərliyinin bu mövzuya nə cür yanaşacağı, eyni zamanda gələcəkdə Ermənistanda siyasi və hərbi revanşizmin qarşısını alacağı ilə bağlı müəyyən suallar mövcuddur. Bu cür suallara cavab verilməsi Azərbaycan və Ermənistan arasında sülh sazişisinin bağlanmasına təkan verə və ya onu sürətləndirə bilər.