Ermənistanın Avropa gələcəyi?

Ermənistanın Avropa gələcəyi?

2025-ci ilin Brüssel və İrəvan arasında məhsuldar olduğunu demək olar. Belə ki, hələ bu ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük istəyini bəyan edən qanun qəbul etmişdi. Noyabrda isə Avropa Komissiyası Ermənistan rəsmilərinə Viza Liberallaşdırılması Fəaliyyət Planını təqdim etdi. Nəzəri olaraq, əgər Ermənistan həmin fəaliyyət planındakı addımları uğurla tamamlayarsa onda Ermənistan vətəndaşları Şengen ərazisinə vizasız səfər edə biləcəklər. Ancaq bunun baş tutması üçün Aİ-nin yekun siyasi qərarına ehtiyac var.

Dekabrın 2-də isə Brüsseldə Ermənistanla Aİ arasında yeni strateji tərəfdaşlıq gündəliyini qəbul edildi. Aİ-nin xarici işlər naziri vəzifəsini yerinə yetirən Kaya Kallas bu addımı birlikdə daha çox sahədə işləmək üçün ortaq ambisiya kimi xarakterizə edib. 64 səhifə olan bu sənəd tematik olaraq bir çox mövzulara - iqtisadiyyatdan tutmuş süni intellektə toxunur və Aİ-Ermənistan münasibətlərində tamamilə yeni bir səhifənin açılmasının əsasını qoyur.

Brüssel və İrəvan arasında təmasların intensivləşməsi əsasən 2022-ci il Ukrayna müharibəsindən sonra baş tutmağa başlamış və xüsusilə 2023-cü ildə yeni bir mərhələyə qədəm qoymuşdur. 2024-cü ilin aprel ayında Brüsseldə baş tutmuş Ermənistan-Aİ-ABŞ üçtərəfli sammiti cəmi 5 il əvvəl heç kimin ağlına gəlməyəcək bir addım idi. Xüsusilə, Aİ-nin Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə yardım etməyə başlaması və Aİ üzv dövlətlərdən Fransanın Ermənistana silah ixrac etməsi çox qısa müddətdə regiondakı geosiyasi dinamikaların necə dəyişdiyinin əyani göstəricisi idi. 

Belə ki, xarici və təhlükəsizlik siyasətində “Qarabağ problemindən” faktiki olaraq 2023-cü ildə “qurtulmuş” Ermənistan üçün Rusiya ilə münasibətlərin davamlı olaraq gərginləşdiyi bir müddətdə Aİ və ümumiyyətlə Avro-Atlantik strukturlar yeni bir xarici siyasət seçimi kimi görsənməyə başlamış və Ermənistanda Avrointeqrasiya tərəfdarı olan qüvvələrin (bunlar arasında xüsusilə hakim partiya fərdlərinin adını çəkmək olar) xüsusi görünürlük çəkisinin artması diqqətə layiq bir məqamdır. Belə bir məqamda sual bundan ibarət olmalıdır: Ermənistanın Avropa gələcəyi varmı? Əgər varsa, bu gələcək Ermənistan üçün nələr vəd edir?

Əvvəla onu qeyd etmək lazımdır ki, Ermənistanın “Avropa gələcəyi” barədə son dövrlərdə artan simvolik addımlara baxmayaraq, ölkənin yaxın zamanlarda Aİ-yə üzv ola biləcəyi real görünmür. Bunun səbəbi həm prosedural, həm də geosiyasi məsələlərdir. 

Aİ daxilində hal-hazırda gedən ən böyük debatlardan biri ümumiyyətlə Aİ-nin genişlənib-genişlənməməsidir. Onların aralarında böyük bir qism genişlənmə siyasətinə və iqtisadi cəhətdən zəif ölkələrin qəbuluna razı deyillər. Ermənistandan öncə Türkiyə, Serbiya, Albaniya və xüsusilə də Ukrayna kimi illərdir gözləyən ölkələr var. 

Hətta ani bir geosiyasi qərarla Ermənistanı Aİ üzvü etməyə razılıq əldə edilsə də, Aİ üzvlüyü üçün Ermənistan yüzlərlə sahədə islahatlar aparmalıdır. Bunlara isə illər lazımdır. Ermənistan isə hələ rəsmi müraciət təqdim etməyib və Aİ tərəfindən potensial namizəd kimi belə tanınmayıb. Ölkənin siyasi-iqtisadi strukturu ciddi şəkildə yenilənmədən ölkənin bu prosesə başlaması belə mümkün deyil. 

Digər bir məsələ Ermənistanın hələ də iqtisadi baxımdan böyük ölçüdə Rusiyadan asılı olmağıdır. Ermənistan ÜDM-sinin bir qismi Rusiyadan daxil olan köçürmələrdən formalaşır. İrəvan son illər bu asılılığı azaltmağa çalışsa da, Rusiyadan asılılıq struktural bir problem olaraq qalmaqdadır. 

Digər tərəfdən, Ermənistanın ətrafında heç bir Aİ ölkəsi yoxdur və o, hətta Aİ-nin bütün qaydalarına uyğun bir sistem qursa belə regionda sadəcə bir “ada” olacaq. Bu isə həm sərhəd idarəçiliyi, həm gömrük siyasəti, həm də viza rejimi baxımından real suallar doğurur. Ermənistan qonşu ölkələrinə viza rejimi tətbiq edə bilər? Ermənistan Gürcüstan, İran və digər hamıya qarşı sərhədlərini bağlayaraq minlərlə kilometr uzaqlıqdakı Belçika və Niderland ilə dayanıqlı iqtisadi münasibətlər qura bilər?

Bütün bunları nəzərə alaraq, Ermənistanın Aİ-yə tam üzvlük perspektivi zəifdir. Lakin tədrici iqtisadi və institusional inteqrasiyası mümkündür. Avropa İttifaqı Norveç, İslandiya, Lixtenşteyn və qismən İsveçrə ilə olduğu kimi, üzv olmayan ölkələrlə müxtəlif səviyyələrdə ticarət və siyasi dialoq mexanizmləri qura bilir. Ermənistan üçün belə bir model, ölkənin qanunvericiliyinin böyük hissəsinin Aİ standartlarına uyğunlaşdırılmasını tələb edəcək, amma ona ixrac üçün daha böyük bazar və ümumi iqtisadi rəqabətlilik baxımından ciddi faydalar verəcək.

Bu baxımdan ən real istiqamət daha dərin və daha praktiki əməkdaşlıqdır. İnfrastruktur, idarəçilik, iqtisadi modernizasiya və xüsusilə də rəqəmsal inkişaf, yaşıl keçid və innovasiya kimi sahələrdə əməkdaşlıq ən perspektivli görünür. Ermənistanın inkişaf edən İT və süni intellekt sektoru da Aİ üçün potensial strateji əməkdaşlıq məkanı ola bilər.

Viza liberallaşdırılmasına gəldikdə Ermənistan vətəndaşları üçün Şengen zonasına vizasız səyahət üçün sərhəd nəzarəti, sənəd təhlükəsizliyi, korrupsiya ilə mübarizə və şəxsi məlumatların qorunması kimi sahələrdə ardıcıl islahatlar tələb olunur. 

Sonda, Aİ-nin yaxın illərdə genişlənəcəyi sual altındadır. Ermənistanın coğrafiyası, iqtisadi quruluşu və mövcud institutları da hazırda tam üzvlük yolunu ağırlaşdırır. Lakin viza liberallaşdırılması, iqtisadi və sektorial inteqrasiya, institutların gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq Ermənistanı Avropaya əhəmiyyətli dərəcədə yaxınlaşdıra bilər.