15 iyun Şuşa Bəyannaməsi

15 iyun Şuşa Bəyannaməsi

15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində imzaladığı “Şuşa Bəyannaməsi” Bakı-Ankara arasında çox yaxın müttəfiqlik münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirdi.

Son 30 il ərzində iki ölkə arasında münasibətlərin əsas istiqaməti müstəqillik illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi işğal və təcavüzün nəticələrinin aradan qaldırılmasına fokuslanmışdı. Təbii ki, bu da ikili əlaqələrin əsasən hərbi müstəvidə inkişaf etməsinə səbəb oldu. İkili hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan Ordusunun təlim-tədris və taktiki hazırlığına, eləcə də maddi-texniki təchizatına Türkiyə Silahlı Qüvvələrinin müstəsna dəstəyi vurğulanmalıdır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi qələbəsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əldə etmək istədiyi nəticəyə nail olunması demək idi. İşğaldan azad olunmuş Şuşa şəhəri də son 30 ildə formalaşdırılan ikili hərbi əməkdaşlığın ən görkəmli meyvəsidir. Fikrimcə, yeni müqavilənin imza yeri olaraq Şuşa şəhərinin seçilməsi əvvəlki mərhələnin uğurla nəticələndiyi barədə siyasi mesajdır.

Müharibə sonrası formalaşmış yeni geosiyasi konyunkturada əsasən “Qarabağ məsələsi” ətrafında toplanmış və hərbi xarakter daşıyan ikili əməkdaşlıq enerjisinin yeni istiqamətlərə yönləndirilməsinə ehtiyac yaranmışdı.Təsadüfi deyil ki, elə liderlər də öz çıxışlarında münaqişə və hərbi mərhələnin geridə qaldığına xüsusi diqqət çəkərək, yeni mərhələdə əsasən regional və iqtisadi əməkdaşlıq istiqamətlərinə önəm veriləcəyini dilə gətirdi.

Digər tərəfdən, “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə müttəfiqliyinin Qarabağ müstəvisindən çıxaraq, regional miqyasdakı məsələlərə yön verə bilən hərbi-siyasi blok formatına təkamülünün ilk mötəbər addımı kimi qiymətləndirilə bilər.