Suriya, Yəmən, Qətər… Səudiyyə xarici siyasətinin sistematik uğursuzluqları

Suriya, Yəmən, Qətər… Səudiyyə xarici siyasətinin sistematik uğursuzluqları

May ayından etibarən Səudiyyə Ərəbistanı və Suriya arasında münasibətlərin normallaşması prosesi sürətlənməyə başlayıb. Ər-Riyadı təmsil edən yüksək vəzifəli şəxslər tez-tez Suriyanın paytaxtı Dəməşqə səfər edir. İki ölkə arasında münasibətlərdə yeni bir səhifənin açılmasıyla bağlı danışıqların tezliklə müsbət nəticələnəcəyinə dair gözləntilər yüksəkdir. 

Məlum olduğu kimi, Səudiyyə Suriya münaqişəsinin əvvəllərindən etibarən Bəşər Əsədi devirmək istəyən sünni-sələfi qrupların əsas sponsoru idi. Lakin Əsədi devirmək mümkün olmadı. Suriya münaqişəsi Qətər və Yəmən məsələsi ilə birlikdə son 10 illikdə ər-Riyadın üzləşdiyi üç ən ciddi xarici siyasət uğursuzluğudur. 

Səudiyyə hər üç prosesdə fərqli metodlardan istifadə edirdi: Qətər məsələsində diplomatik və iqtisadi blokada, Suriya münaqişəsində proksilər, Yəmən münaqişəsində isə birbaşa müdaxilə.

Metodlar fərqli olsa da, heç birində Krallığın hədəflədiyi, arzu etdiyi nəticələr ortaya çıxmadı. Əksinə, hər üç nümunədəki ölkədə Səudiyyənin əsas regional rəqibi İranın möhkəmlənməsinə şahid olduq. Tehranın “Müqavimət Mehvəri” kimi adlandırdığı, İraq, Suriya ərazisindən Livan və Aralıq dənizinə uzanan şiə şəbəkəsi Suriyadakı müharibədən öncəki situasiyaya nisbətən xeyli kök salıb və hazırda Suriyada onminlərlə İran-dəstəkli milisin fəaliyyət göstərdiyi məlumdur. Yəmən örnəyi isə daha böyük fiyasko hesab olunmalıdır. Çünki Yəmən münaqişəsi təkcə Husiləri İranın orbitinə yaxınlaşdırmadı, həm də Səudiyyə şəhərlərini və Krallığın can damarı olan neft yataqlarını açıq hədəf halına gətirdi. Qətərin sıxışdırılması isə Tehran-Doha yaxınlaşması ilə yanaşı, Türkiyənin Körfəzdə hərbi mövcudluğunu genişləndirməsinə də yol açdı.

Başqa sözlə, Krallığın regional status-kvoları dəyişmək üçün risk etdiyi aqressiv və müdaxiləçi yanaşmalarının geri dönüşü olmayan çox ağır nəticələrə səbəb olduğunu iddia edə bilərik. Buna görə də, fikrimizcə, Səudiyyənin xarici siyasətlə bağlı “modus operandi”sində dəyişikliyə ehtiyac var. Ər-Riyad regional konfiqurasiyalara müdaxilə edərkən daha az riskli və daha təmkinli gedişlər etməli, eləcə də, uğursuz situasiyalardan minimum zərərlə çıxış yollarını da diqqətdə saxlamalıdır.