Şəhər terrorizmi: ermənilər niyə şəhərləri hədəfə alır?

Şəhər terrorizmi: ermənilər niyə şəhərləri hədəfə alır?

Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlamasından bəri Azərbaycanın Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Gəncə və digər şəhərləri separatçı erməni qruplarının hədəfinə çevrilib. Bəzi alimlər bu cür hərəkətləri müharibə cinayəti baxımından nəzərdə keçirdiyi halda, biz bu halları şəhər terrorizmi kimi qiymətləndirəcəyik. Terrorizm anlayışı  BMT Narkotik və Cinayət Ofisi tərəfindən bir dövlətə qarşı yönəlmiş, bütünlüklə ictimaiyyətin, bir qrup şəxsin və ya ayrı-ayrı şəxslərin düşüncəsində qorxu vəziyyəti yaratmağa hesablanmış və ya buna yönələn bütün cinayət aktları kimi təyin edilir. Hədəflərin şəhər daxilində yerləşdiyi və hərbi xüsusiyyəti olmayan hallarda bu, şəhər terrorizmi adlanır. Bəs erməni tərəfinin şəhərləri vurmasının səbəbi nədir?

Qarabağdakı separatçı birləşmələr Gəncə və ya Bakını hədəf aldıqda mütləq şəkildə hökuməti vurmaq ya da itkiyə səbəb olmaq niyyətində olmurlar. Onların əsas məqsədi şəhərlərin mahiyyətinə hücum etmək və şəhər tolerantlığını məhv etməkdir. Bu birləşmələr Gəncəni məhz təmsil etdiklərinə - Azərbaycan mədəniyyətinin, kimliyinin, tarixinin və mübarizəsinin bir simvolu olduğuna görə atəşə tuturlar. Bu şəhərlər sadəcə insanlardan və tikililərdən ibarət sıx yaşayış mərkəzləri deyil, həm də milli nüfuz və dəyərlərin qoruyucularıdır. Bu cür şəhər ərazilərini vurmaqla terroristlər sadəcə sakinlərin həyatına son qoymağa çalışmır, eyni zamanda müstəqil bir oqranizmin – şəhərin həyatına təsir göstərməyə cəhd edirlər. Şəhərin həyatındakı dəyişiklik onun sakinlərinə hücum sonrası yaranan qısamüddətli şokdan daha çox təsir edir.

Erməni separatçıları və ya digər terror təşkilatlarının ən az 5 terror strategiyası var. Şəhərlərdə həyata keçirilən bu strategiyalar 1) sosial dislokasiya hissi yaratmaq, 2) qorxu, anarxiya və xaos yaymaq, 3) mövcud hökuməti nüfuzdan salmaqla qəsdən mühafizəsizlik hissi doğurmaq, 4) iqtisadi və hərbi ziyan törətmək, 5) məsələni beynəlmiləl və kütləvi miqyasa qaldırmaq kimi məqsədlər güdür.

Bəs, şəhərləri terror birləşmələri üçün cəlbedici hədəf edən nədir? Şəhərlər yerli iqtisadiyyat üçün sinir mərkəzləri rolunu oynayır. Şəhərlər nə qədər böyük olarsa və onların dünyadakı rolu nə qədər əhəmiyyətli olarsa, bir o qədər terrorçular üçün cəlbedici hədəfə çevrilir. Şəhərin sinir mərkəzi rolu, tanınması və hücumları dramatikləşdirmə qabiliyyəti onu terrorçuların mesajını yaymaq üçün ideal nöqtə edir. Bununla birlikdə, terrorçular çox vaxt simvolik dəyərə malik olan və ya medianın diqqətini ən çox çəkəcək və psixoloji təsirləri olacaq hədəfləri seçir. Odur ki çoxsaylı simvolik hədəfləri olan, eyni zamanda medianın diqqətini çəkən şəhərlərin terrorçuları cəlb etməsi ehtimalı da yuxarıdır.