Livan: yeni proksi meydanı?

Avqust 4-də Beyrut limanında baş vermiş güclü partlayış, onsuzda uçurumun kənarında olan Livana son zərbəni endirdi. Artıq ölkə üçün ən nikbin ssenari belə, de-fakto müstəqilliyinin itirilməsidir. Çoxsaylı dini fərqliliklərin mövcud olduğu Livan, qaynar münaqişə ocağına çevrilə biləcək ən həssas ölkələrdən biri, bəlkə də birincisidir.

Digər qonşularından fərqli olaraq, Livan enerji ehtiyatları ilə zəngin ölkə deyil. Bu da böyük güclərin Livanda cəbhə açmasını iqtisadi mənafe cəhətdən əlverişsiz edir. Lakin eyni zamanda onu da vurğulamaq lazımdır ki, Livanın Yaxın Şərq geosiyasətində müstəsna strateji əhəmiyyəti var. Bəzi regional güclərin, xüsusilə İranın Aralıq dənizinə çıxış qapısı olması, İsrail və Suriya ilə sərhədlərinin mövcudluğu, eləcə də Rusiyanın Suriyada, Aralıq dənizi sahillərində yerləşən hərbi bazalarından bir neçə yüz kilometrdə yerləşməsi Livanın əsas strateji üstünlükləridir.

Hazırda regionun və dünyanın əsas dövlətləri Livandakı mövqelərini möhkəmləndirmək üçün intensiv diplomatik səylər göstərirlər. Xüsusilə, Fransa-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə-Qatar ittifaqları Livanda daha aktiv iştirak etməyə çalışırlar. Dini və məzhəb cəhətdən ölkənin bütünlüyü mümkün olmasa da, Livanda da Liviyadakı Həftər və Misirdəki Sisi ssenarilərinə bənzər milllətçi fiqur vasitəsilə çevriliş ehtimalı çox yüksəkdir. Ona görə də, indiki situasiyada Fransa-BƏƏ ittifaqının bir addım öndə olduğunu söyləmək olar. Ancaq Misirdən və Liviyadan fərqli olaraq, İranın dəstəklədiyi “Hizbullah”ın Livanda xeyli güclü olduğu və şiddətli müqavimət göstərəcəyi gözlənilir. Təbii ki, bu məqam da İsraili Livana qarşı daha aqressiv addımlar atmağa məcbur edəcək.