Ağdərə əməliyyatı (Papravənd-Sırxavənd-Canyataq cəbhəsi)
Birinci Qarabağ müharibəsindən sonra Ermənistan Ordusu təmas xətti boyunca ən möhkəm müdafiə xəttini Ağdam istiqamətində formalaşdırmışdı. Bu səbəbdən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu bu istiqamətdə mümkün yüksək itkiləri nəzərə alaraq birbaşa hərbi əməliyyatlara başlamadı. Müharibənin başa çatmasından sonra Ağdam rayonunun Azərbaycana döyüşsüz qaytarılması strateji baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu əməliyyat nəticəsində Ermənistan tərəfindən uzun illər ərzində qurulmuş və gücləndirilmiş hərbi istehkamlar Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu, həm döyüş zamanı üstünlük qazandırdı, həm də ərazidəki təhlükəsizlik şəraitini xeyli yaxşılaşdırdı. Rayonun yerləşdiyi coğrafi mövqe isə Azərbaycan Silahlı Qüvvələrinə Dağlıq Qarabağın mərkəzi hissələrinə doğru irəliləmək üçün əlverişli imkan yaratdı. Ağdam ərazisinin Ağdərə, Xocalı və Xocavənd rayonları ilə sərhəddə yerləşməsi isə bu istiqamətdə taktiki üstünlük əldə edilməsini strateji planlaşdırmada ön plana çıxarırdı.
Papravənd-Ağdərə cəbhəsi
Papravənd kəndi, Ağdam rayonunun Ağdərə istiqamətində yerləşən və strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsidir. Kəndin adı kürd mənşəli qaraçorlu tayfasının papravənd qolundan qaynaqlanır. Bu tayfanın tarixən Xorasandan köç etdiyi və sonradan türkləşdiyi ehtimal olunur (Geybullaev, 1986, s. 66-67). 1930-cu ildən etibarən Ağdam rayonunun inzibati ərazisinə daxil edilmiş Papravəndin əhalisi 1993-cü ildə baş vermiş erməni hücumu nəticəsində kəndi tərk etməyə məcbur qaldı. İşğal dövründə kəndə əsasən Ağdərənin Azərbaycan nəzarətinə keçmiş Karmiravan (indiki Qızıloba) kəndindən köçürülmüş erməni əhalisi yerləşdirildi, kənd “Nor-Karmiravan” (Yeni Karmiravan) adlandırıldı. İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanata əsasən yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə qaytarıldı.
Coğrafi mövqeyinə görə Papravənd kəndi, Azərbaycan Ordusunun Ağdərəyə çıxışı baxımından həm ən əlverişli, həm də ən yaxın yerləşən yaşayış məntəqəsi hesab olunurdu. Ordunun Qızıloba (Karmiravan) və Çiləbürt istiqamətlərində də Ağdərəyə yaxın mövqeləri mövcud olsa da, həmin ərazilərdə 1994-cü ildən etibarən Ermənistan Silahlı Qüvvələri tərəfindən qurulmuş və gücləndirilmiş müdafiə sədləri hələ də qorunub saxlanılırdı. Bu şəraitdə həmin istiqamətlərdən ediləcək hücumlar ehtimal olunan yüksək itkilərlə müşayiət oluna bilərdi. Belə hərbi-strateji reallıq Papravəndin əhəmiyyətini artıraraq onu həm əlverişli mövqe, həm də qarşı tərəfin nisbətən zəif müdafiə xətti ilə üzbəüz yerləşən irəliləmə istiqaməti kimi ön plana çıxarırdı. Bu istiqamətdəki bütün mövqelər Təzə Xaçınyal silsiləsində yerləşirdi. Azərbaycan Ordusunun əsas postu 780 metr yüksəklikdə, onun qarşısında yerləşən və “Puşkin yalı” adlandırılan erməni postu isə 790 metr yüksəklikdə yerləşirdi. Silsilə boyunca erməni qüvvələrinin bir neçə mövqeyi mövcud idi. Bu postların ələ keçirilməsi Azərbaycan Ordusuna Ağdərə şəhərinin mühasirəyə alınması və Aşağı Oratağ kəndinə nəzarətin təmin edilməsi baxımından əhəmiyyətli imkanlar yaradırdı.
Müdafiə mövqelərinin şəxsi heyəti “DQR” Milli Təhlükəsizlik Xidmətinin 3-cü idarəsinin xüsusi təyinatlı bölmələri tərəfindən təşkil olunmuşdu. Bölmənin ümumi tərkibi 35 nəfərdən ibarət idi və ona polkovnik Artur Avanesyan rəhbərlik edirdi. Bu ərazidə yerləşən erməni hərbi birləşmələri digər istiqamətlərlə müqayisədə daha müasir texniki vasitələrlə təchiz olunmuşdu. Xüsusilə pilotsuz uçuş aparatları ilə təmin edilmiş dron bölməsi aktiv fəaliyyət göstərirdi.
2023-cü il sentyabrın 19-da günorta saatlarında Azərbaycan Ordusu Papravənd istiqamətində toplaşaraq “Puşkin yalı” adlandırılan erməni mövqelərinə qarşı hücuma başladı. Təxminən saat 11 radələrində erməni bölmələri hərəkətliliyi müşahidə etdikləri üçün hücumdan əvvəl ehtiyat qüvvələr ön xəttə gətirildi. Artilleriya hazırlığından sonra Azərbaycan Ordusunun piyada bölmələri frontal hücuma keçdi. Polkovnik Artur Avanesyan hücumun intensivliyini belə təsvir edir: “Adətən artilleriya hazırlığından sonra piyada hücumu təxminən 25–30 dəqiqə ərzində həyata keçirilir, lakin bu dəfə Azərbaycan qüvvələri cəmi 5 dəqiqə sonra irəliləməyə başladı. Müdafiə xətti boyunca erməni xüsusi təyinatlı bölmələri ilə Azərbaycan Silahlı Qüvvələrinin hücum qrupları arasında yaxın məsafədə şiddətli döyüşlər baş verdi. Qarşılıqlı təmas o qədər sıx idi ki, bəzi mövqelərdə döyüşlər süngü-bıçaqla və əlbəyaxa toqquşmalarla davam edirdi.” İlk hücum zamanı Azərbaycan hərbçiləri posta daxil ola bilsələr də, təxminən 10–15 dəqiqə ərzində göstərilən sərt müqavimət nəticəsində geri çəkilməyə məcbur oldular. Ardınca “DQR” Milli Təhlükəsizlik Xidmətinə bağlı bölmələr tərəfindən Azərbaycan mövqelərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum təşkil olundu. Mövqelərə Çin istehsalı dronlardan qumbaralar atıldı, lakin bir saat ərzində Azərbaycan Ordusunun radioelektron mübarizə sistemləri bu vasitələri sıradan çıxardı.
Müvəqqəti fasilədən sonra saat 15:00 radələrində Azərbaycan bölmələri ikinci hücum dalğasını başladılar. Bu mərhələdə hücum daha genişmiqyaslı və intensiv idi. Minaatan zərbələrinin nəticəsində erməni qüvvələri itkilər verməyə başladı. Polkovnik Artur Avanesyan həmin anları belə xatırlayır: “Mövqelərdə vəziyyətin nə qədər kritik olduğunu və təşəbbüsün hər an qarşı tərəfin əlinə keçə biləcəyini aydın şəkildə görürdüm. Buna görə dərhal artilleriya briqadasının komandiri Davit Kazaryanla əlaqə saxladım və dedim: “Puşkin Yalı ilə üzbəüz yerləşən Azərbaycan mövqelərinə zərbə endirin, vəziyyət çox gərgindir.” Qazaryan tərəddüdlə cavab verdi: “Siz düşmənə çox yaxınsınız, mərmilər sizə də dəyə bilər.” Mən isə qəti şəkildə söylədim: “Nə baş verirsə versin. Sadəcə atəş açın!” Avanesyanın göstərişindən sonra həyata keçirilən artilleriya atəşi nəticəsində Azərbaycan bölmələri geri çəkildi. Hücumun qarşısının alınmasında erməni snayper qruplarının rolu xüsusilə önəmli oldu. Bu qruplar termal optik nişangahlarla təchiz edilmişdi və gecə şəraitində də müşahidə aparırdılar. Gecə saatlarında Azərbaycan Ordusu iki dəfə erməni mövqelərinə yaxınlaşdı, lakin hər iki cəhddə snayper atəşi nəticəsində geri çəkilməyə məcbur qaldı. Sentyabrın 20-də səhər saatlarından etibarən Azərbaycan Ordusu bu istiqamətdə hücum əməliyyatlarını dayandırdı. Qərarın qəbuluna digər cəbhələrdəki vəziyyət də təsir göstərmiş ola bilər. Nəticədə, Papravənd-Ağdərə istiqamətində mövqe dəyişikliyi baş vermədi və hərbi əməliyyatlar həmin gün saat 13:00-da yekunlaşdı.
Papravənd–Ağdərə istiqamətində baş vermiş döyüşlər zamanı “DQR” Milli Təhlükəsizlik Xidmətinə bağlı xüsusi təyinatlı bölmələrin üç hərbçi – Vaqe Mamunts, Qor Antonyan və Tiqran Avanesyan məhv edildi. Daha bir erməni hərbçi Sergey Atayan isə digər postda öldürülmüşdü. Azərbaycan Ordusunun itkiləri ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Artur Avanesyanın ifadəsinə əsasən, azı yeddi Azərbaycan hərbçisinin cəsədi erməni mövqelərində aşkar edilib. Qeyri-rəsmi mənbələrə görə, bu döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisi – Əli Tağıyev, Mikayıl Həmidli və Devid Cəlilov həlak olub. Mikayıl Həmidli xüsusi təyinatlı qüvvələrin, Əli Tağıyev və Devid Cəlilov isə Quru Qoşunlarının şəxsi heyətinə mənsub idilər.
Əliağalı-Sırxavənd cəbhəsi
Üçtərəfli bəyanatın imzalanması nəticəsində Ağdam rayonunun dinc yolla Azərbaycana qaytarılması, eyni zamanda Xaçın çayı hövzəsində yerləşən ərazilərin hərbi-siyasi vəziyyətində də mühüm dəyişikliklərə səbəb oldu. 10 noyabr razılaşmasında anklavlarla bağlı konkret müddəa yer almadığından, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Mardakert rayonuna daxil olmuş Yeni Qaralar kəndi də Azərbaycan tərəfinin nəzarətinə keçdi. Beləliklə, bu kənd 10 noyabr bəyanatına əsasən Azərbaycana verilmiş yeganə keçmiş DQMV ərazisi olmuşdu.
Xaçın çayı hövzəsindəki əsas yaşayış məntəqələrindən biri Əliağalı kəndi idi. İşğal dövründə bu bölgənin digər kəndlərində olduğu kimi, burada da erməni əhali məskunlaşmışdı. Əliağalının şimalında yerləşən Sırxavənd kəndi isə bölgədə ermənilərin ən iri yaşayış məntəqəsi hesab olunurdu. Sırxavənd toponimi kürd mənşəli qaraçorlu tayfasının şıxavənd qoluna istinad edir. Papravənd kəndində olduğu kimi, bu tayfanın da tarixən Xorasandan köç etdiyi və sonradan bölgədə məskunlaşdığı ehtimal olunur (Geybullaev, 1986, s. 66-67). Bu tayfa, Xaçın çayı boyunca məskunlaşmış digər kürd mənşəli tayfalar kimi, XIX əsrin sonlarına doğru tamamilə türkləşmişdi. Münaqişəyə qədər Sırxavənd kəndinin əhalisi azərbaycanlılardan ibarət idi və bu kənd keçmiş Mardakert rayonunun ərazisində etnik azərbaycanlıların ən böyük yaşayış məntəqəsi hesab olunurdu. Sırxavənd, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun ən ağır itki verdiyi ərazilərdən biri idi. Kənd ümumilikdə üç dəfə tərəflər arasında əldən-ələ keçmiş və nəhayət 1992-ci ildə erməni bölmələri tərəfindən tam nəzarətə götürülmüşdü. İşğal dövründə Sırxavənddə məskunlaşmış erməni əhali əsasən qonşu Qazançı kəndindən köç etmiş şəxslərdən ibarət idi. Qazançı kəndi 1992-ci ildə baş vermiş döyüşlər nəticəsində dağıdıldıqdan sonra həmin sakinlər Sırxavəndə yerləşdirilmiş və kənd Nor Qazançı (Yeni Qazançı) adlandırılmışdı.
Bu istiqamətdə təmas xətti Xaçın və Qabartı çaylarının kəsişməsində yerləşən Həsənçobanlı kəndi boyunca formalaşdırılmışdı. [1] 2020-ci ildən etibarən bölgədəki müdafiə xətləri yenidən təşkil olundu və mövqelərin bölgüsü dəyişdirildi. Bu çərçivədə Müdafiə Ordusunun 72-ci atıcı briqadasının tərkibində fəaliyyət göstərən Sırxavənd batalyonuna Xaçın körpüsündən Canyatağa qədər uzanan 12 postdan ibarət geniş döyüş sahəsinə nəzarət tapşırıldı. Batalyonun əsas qərargahı Sırxavənd kəndində yerləşirdi.
Azərbaycan Ordusunun Sırxavənd istiqamətindəki ilk postu Xaçınçay vadisində, keçmiş DQMV ilə Ağdam rayonu arasında yerləşirdi. 717 metr yüksəklikdə yerləşən bu mövqenin qarşısında iki erməni postu mövcud idi. Onlardan biri 855 metr yüksəklikdə qərar tutaraq Sırxavəndin qərb istiqamətindəki müdafiəsini təmin edirdi. Digər post isə 700 metr yüksəklikdə yerləşir və Xaçınçaya ən yaxın erməni mövqesi hesab olunurdu. Bu post eyni zamanda yolun yaxınlığında yerləşdiyindən, Azərbaycan Ordusunun ilk postu üçün taktiki təhlükə yaradırdı. Həmin əraziyə nəzarət 690 metr yüksəklikdə yerləşən, yolun yaxınlığında yerləşən ikinci Azərbaycan postu vasitəsilə həyata keçirilirdi. Ordunun bu istiqamətdəki ən mühüm mövqeyi Sırxavəndin şərqində, Gülbar çayı ətrafında yerləşən və 953 metr yüksəklikdə qurulmuş döyüş postu idi. Bu post Ağdam-Ağdərə istiqamətində Azərbaycan tərəfinin sahib olduğu ən yüksək mövqe sayılırdı. [2] Bu yüksəklikdən Sırxavənd kəndindəki hərəkəti açıq şəkildə müşahidə etmək mümkün olurdu. Onun qarşısında yerləşən 707 saylı erməni postu isə 827 metr yüksəklikdə idi. Sırxavənd istiqamətindəki postların bir digər xüsusiyyəti onların kəndə və əkin sahələrinə yaxın yerləşməsi idi. Nəticə etibarilə, erməni əhali Azərbaycan hərbçilərinin icazəsi olmadan əkinçilik fəaliyyəti göstərə bilmirdi. Hərbi əməliyyatlara qədər bu vəziyyət tərəflər arasında bir neçə dəfə insidentlə nəticələnmişdi. Bu istiqamətdə ən ciddi hərbi insident 2021-ci ildə qeydə alındı. Aprelin 26-da Azərbaycan hərbçiləri Sırxavənd kəndi yaxınlığında, buğda tarlalarının yerləşdiyi ərazidə təqribən 370 metr irəliləyərək yeni mövqelər ələ keçirdilər. Məsələyə Rusiya sülhməramlı kontingenti müdaxilə etdikdən sonra, Azərbaycan tərəfi əvvəlki mövqelərinə geri çəkilməyə razı oldu. Növbəti atəşkəs pozuntusu 2023-cü ilin iyununda baş verdi. İyunun 27-də baş vermiş insident nəticəsində bir Azərbaycan hərbçisi yaralandı. Ertəsi gün Azərbaycan bölmələrinin cavab zərbəsi ilə Sırxavənddə yerləşən hərbi hissədə dörd hərbçi – Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayan öldürüldü. 2023-cü ilin sentyabrına qədər tərəflər arasında gərginlik davam etdi.
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 19-da saat 13:00 radələrində Sırxavənd istiqamətində hücum əməliyyatına başladı. Müdafiə mövqelərində yerləşən qüvvələr üçün bu hücum gözlənilməz olmadı. Onlar komanda məntəqəsindən Azərbaycan hərbçilərinin toplanmasını müşahidə etmişdilər. Hazırlıq bitdikdən sonra Azərbaycan bölmələri kənd ətrafındakı mövqelərə artilleriya zərbələri endirməyə başladı. Sırxavənd kəndinin icma rəhbəri Ruslan Arstamyan hücumun ilk saatlarını belə təsvir edir: “Sırxavənd kəndi üç tərəfdən Azərbaycan mövqeləri ilə mühasirəyə alınmışdı. Qarşı tərəf kəndə o qədər intensiv atəş açırdı ki, sakinlərin təxliyəsi mümkün deyildi. Kəndi Qarabağın digər hissələri ilə birləşdirən yeganə yol qonşu Kiçana (Ballıqaya) gedirdi və oradan əsas magistrala çıxırdı. Lakin həmin yol Azərbaycan Silahlı Qüvvələrinin atəş nəzarətində idi. Bir tərəfdən yolun atəş altında olması, digər tərəfdən isə yanacağın kənd inzibati binasında saxlanılması evakuasiyaya imkan vermirdi.”
Sırxavəndə daxil olmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran əsas maneə 707 nömrəli post idi. Bu mövqedə səkkiz nəfərdən ibarət erməni hərbi heyəti yerləşdirilmişdi. Hücumun ilk dəqiqələrindən etibarən ərazidə intensiv döyüşlər başladı və Azərbaycan bölmələri müxtəlif istiqamətlərdən postun yaxınlığına irəliləyə bildilər. Xüsusi təyinatlı qüvvələrin bir qrupu isə mövqeyə arxa tərəfdən dolanaraq hücum etdi. Döyüş şəraitinin gərginliyini nəzərə alaraq, əlavə qüvvə kimi baş leytenant Qriqori Karapetyanın rəhbərliyi altında səkkiz nəfərlik başqa bir hərbi qrup həmin əraziyə göndərildi. Onlar arxa istiqamətdən postu ələ keçirməyə çalışan Azərbaycan xüsusi təyinatlı qüvvələri ilə birbaşa toqquşmaya girdilər. Nəticədə Qriqori Karapetyan və müqaviləli hərbi qulluqçu Mxitar Baqmanyan öldürüldü. Bununla belə, itkilərə baxmayaraq, 707-ci mövqedə yerləşən müdafiə heyəti hücumu dəf etməyə müvəffəq oldu.
Eyni zamanda, Xaçın çayı boyunca yerləşən mövqelərdən hücum başladıldı. Xaçın körpüsü istiqamətində isə ən ciddi itki qeydə alındı. Buradakı döyüşdə 6 nəfər erməni hərbçisi məhv edildi, 5-i isə yaralandı. [3] Xaçın çayı boyunca müdafiə xəttini yaran bölmələr Sırxavənd və Ballıqayanın cənubdan kommunikasiya xətlərini kəsməyə başladılar. Paralel olaraq, Sırxavəndin Xaçın çayı sahilindəki döyüş mövqelərini tutmaq üçün tankla hücum başladıldı. Atəş nəticəsində bölük komandiri Jora Aqasyan həyatını itirdi. Hücumun gedişində daha 3 erməni hərbçi – Manuel Vardanyan, Marat Qriqoryan və Marat Zaqaryan öldürüldü. Sırxavəndin qərbindəki 1 postu tutan bölmələr kənd istiqamətində irəliləyə bilmədi. Lakin Xaçın çayı boyunca Azərbaycanca bölmələri daha da irəliləyərək sentyabrın 20-də Dovşanlı kəndinə yaxınlaşdılar. Beləliklə, Sırxavənd uğrunda gedən döyüşlər yarımmühasirə şəraitində yekunlaşdı. Azərbaycan Ordusu kəndi nəzarətə götürə bilməsə də, erməni bölmələrini şimala doğru sıxışdırdı. Nəticədə qarşı tərəf üçün həm manevr imkanları məhdudlaşdı, həm də logistik əlaqələrdə çətinliklər yarandı. Bu irəliləyiş isə ciddi itkilər bahasına əldə edildi. Qeyri-rəsmi mənbələrə görə, Sırxavənd döyüşləri zamanı Azərbaycan Ordusunun azı 10 hərbçisi – kapitan Xəzər Cəfərov, baş gizir Oleg Cəfərov, Tuncay Əlizadə, Gökhan Səfərov, Hüseyn Novruzzadə, Oruc Bədəlov, Şamxal Həmidov, Ramazan Nurməhəmmədov, Tapdıq Xələfov, İslam Dünyamalıyev və Şəhriyar Mehtiyev həlak oldu.
Atəşkəsin imzalanmasından sonra Sırxavənd batalyonu kənd ərazisində üç gün müddətində fəaliyyətini davam etdirdi. Bu müddət ərzində kəndin evakuasiyası həyata keçirildi. İntensiv atəşə görə mülki əhali ətraf ərazilərə səpələnmişdi. Ruslan Arstamyan xatırlayır: “Atəş altında qalan əhali meşədə gizlənmək məcburiyyətində qalmışdı. Təxminən 60 nəfər piyada olaraq meşəyə getdi. 19 sentyabr gecəsini də orada keçirdi. Biz düşünürdük ki, bir neçə saat ərzində Araçadzora (Dovşanlı) çata biləcəklər. Gecə saat ikidə bir neçə kənd sakini ilə birlikdə həmin kəndə getdim, amma onları orada tapa bilmədik. Atəşin fasiləsiz davam etdiyini nəzərə alaraq, onların yolu dəyişib Çıldırana keçdiyini düşündük. 20 sentyabr səhəri, saat 11:00 radələrində kəndin qarşısındakı təpədə insanlar göründü. Yaxınlaşdıq və onların bizim kənd sakinləri olduğunu anladıq.” Sentyabrın 24-də sonuncu Sırxavənd sakini kəndi tərk etdi. Əhalinin tam şəkildə evakuasiyası başa çatdıqdan sonra, batalyonun şəxsi heyəti silahlarını təhvil verərək ərazidən çıxarıldı. Azərbaycan Ordusu sentyabrın 26-da Sırxavəndə daxil olaraq batalyonun qərargah binasında Azərbaycan bayrağını qaldırdı.
Qalayçılar-Canyataq cəbhəsi
Qabartı çayının sahilində yerləşən Qalayçılar kəndi strateji baxımdan mühüm keçid nöqtəsində yerləşir. Əhalisi əsasən azərbaycanlılardan ibarət olan kənd 1993-cü ildəki işğal zamanı tamamilə boşaldıldı. İşğaldan sonra kəndin demoqrafik strukturu dəyişdi və yeni məskunlaşmalar həyata keçirildi. 1992-ci ildə Azərbaycanın nəzarətinə keçən DQMV-yə daxil olan Çiləbürt kəndindən olan ermənilər bu əraziyə köçürülərək burada Nor Çerabert adlandırılan yaşayış məntəqəsi saldılar. Bu kənd Xaçın hövzəsində ermənilərin formalaşdırdıqları ən kiçik yaşayış məntəqəsi idi. 2020-ci ildə Ağdamın Azərbaycana qaytarılmasından sonra erməni əhali burdan köçdü. Qalayçıların Ağdərə rayonuna girən dərin çıxıntıda yerləşdiyi üçün strateji üstünlük Azərbaycan tərəfinə keçdi.
Bu kəndin qərbindəki əsas erməni yaşayış məntəqəsi Canyataq idi. Canyataq kəndinin əsası Türkmənçay müqaviləsindən sonra İrandan Qarabağa köçən ermənilər tərəfindən qoyulmuşdu (Geybullaev, 1986, s. 105). DQMV dövründə böyük kənd olan buranın əhalisi Birinci Qarabağ müharibəsindən sonra xeyli azalmışdı. Onun ətrafında isə digər bir erməni kəndi – Gülyataq yerləşirdi. Bu kəndlərin strateji əhəmiyyətindən əlavə, iqtisadi əhəmiyyəti vardı. Belə ki, Gülyataq kəndinin ətrafında Dəmirli mis-molibden yatağı mövcuddur. [4] Bu yatağı DQR-in ən böyük şirkəti “Base Metals” istismar edirdi. Şirkət 1500 nəfərin işlədiyi yatağa 2020-ci ildə 250 milyon dollar sərmayə qoymuşdu. Məhz bu səbəbdən Ağdam istiqamətindəki əsas hərbi əməliyyatlar bu ərazidə cəmlənmişdi.
Canyataq istiqamətində Azərbaycan postlarının erməni tərəfi üzərində coğrafi üstünlüyü vardı. Burada formalaşdırılmış ilk Azərbaycan postu Canyatağın şərqində idi. 800 metr hündürlükdə yerləşən bu post vasitəsilə Manikli kəndinə gedən yola vizual nəzarət mümkün idi. [5] Əsas Azərbaycan postu isə Qalayçı dağında yerləşirdi. 932,6 metr yüksəklikdə yerləşən bu post vasitəsilə Canyataq kəndini tam müşahidə etmək olurdu. [6] Onun qarşısında 910 metr yüksəklikdə yerləşən erməni postu da həmin silsilədə yerləşirdi və mövqelər bir-birinə çox yaxın yerləşirdi. Azərbaycan Ordusunun bu silsilədə digər postu nisbətən aralıda 832,5 metr yüksəkliyində idi. Bu post vasitəsilə də Canyataq, qismən də Gülyataq kəndlərini müşahidə etmək mümkün idi. Onun qarşısında duran 718 saylı erməni postu isə xeyli aşağıda – 760 metr yüksəkliyində yerləşmişdi. Digər postlar isə yaşayış məntəqəsinin içərisində yerləşirdi. Keçmiş DQMV sərhəddinə əsasən, erməni postu Qalayçıların tam mərkəzinə yaxın yerdə idi. Azərbaycan postu isə kəndin xarabalıqları ətrafında formalaşdırılmışdı. Qalayçılar-Papravənd istiqamətində sonuncu Azərbaycan postu isə 761 yüksəkliyində idi. Burdan Canyataq və Gülyataq, eləcə də Aşağı Oratağ kəndlərinə gedən yola nəzarət etmək olurdu. Ancaq nisbətən dərinlikdə yerləşən bu postun hücum əməliyyatları baxımından əhəmiyyəti daha aşağı idi.
Papravənddə olduğu kimi, Canyataq cəbhəsini də DQR Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları qoruyurdu. Azərbaycan tərəfində isə hücum əməliyyatında Quru qoşunları ilə yanaşı xüsusi təyinatlılar iştirak edirdi. Azərbaycan Ordusu sentyabrın 19-da saat 13:00 radələrində Canyataq istiqamətində hücuma başladı. Əsas zərbə Dəmirli mədəninin qarşısında yerləşən 718 saylı posta endirildi. PUA, eləcə də tank qrupunun dəstəyi ilə baş verən döyüşdə erməni bölmələri güclü müqavimət göstərdi. Təxminən saat yarım davam edən döyüşdən sonra müdafiə xəttini yaran Azərbaycan bölmələri postdakı şəxsi heyətin qaçmasına imkan vermədi. Döyüş zamanı postdakı doqquz nəfərdən sadəcə ikisi sağ qaldı. [7] Öldürülənlər arasında Rafik Harutyunyan, Armen Balayan, Aleksandr Karaxanyan var idi. Yaralanan postun komandiri isə çətinliklə ərazini tərk edərək Rusiya sülhməramlılarının bazasına çatmağı bacardı. Azərbaycan bölmələrinin postu ələ keçirməsi müdafiə xəttinin sağ cinahının çökməsinə səbəb oldu. Sol cinahda 832,5 metr yüksəkliyində yerləşən bölmələrin də hücumu uğurlu alındı. Bu postun ələ keçirilməsindən sonra Qalayçılar önündəki erməni hərbçiləri Azərbaycan hərbçilərinin onların arxasına keçməməsi üçün məcburi geri çəkilməli oldu. Beləliklə, müharibənin üçüncü saatında Azərbaycan Ordusu 3 istiqamətdə irəlilədi. Canyatağın cənub və cənub-qərbindəki bölmələr birbaşa kənd üzərinə hərəkət etdilər, qərbdəki bölmələr isə Canyataq-Manikli yoluna çıxaraq buranı nəzarətə götürdü. Bu vaxta qədər kənddəki əhali təcili olaraq evakuasiya edildi. Axşama yaxın Azərbaycan Ordusu Canyataq kəndinə tam nəzarət edirdi (Süleymanov & Ələkbərova, 2024, s. 61). Gecə və səhər bölmələrin bir qismi Canyatağın şimalındakı Alyataq zirvəsini ələ keçirdi, bir qismi isə yol üzərində olan Dəmirli mis-molibden yatağına doğru yönəldi. Beləliklə, sentyabrın 20-i günorta saatlarında Gülyataq kəndinin mühasirəsi ilə hərbi əməliyyatlar başa çatdı.
Atəşkəs sazişindən sonra Gülyataq kəndinin evakuasiyası həyata keçirildi. Buradakı erməni silahlıları daha tez silahlarını təhvil verərək ərazidən çəkildilər. Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 22-də Qalayçılar və Canyataq ərazisində tərk edilmiş döyüş mövqelərinin kadrlarını nümayiş etdirdi. Sentyabrın 23-də ərazidə yerləşən bütün yaşayış məntəqələri Azərbaycan Ordusunun nəzarətində idi.
Rusiya sülhməramlılarının atəşə tutulması: Canyataq insidenti
Canyataq kəndində Rusiya sülhməramlılarının 18 saylı müşahidə məntəqəsi yerləşirdi. Həmçinin kontingentə məxsus 1-ci motoatıcı tabor da burada dislokasiya olunmuşdu. Canyataq istiqamətində həyata keçirilən hərbi əməliyyatlar zamanı, digər ərazilərdə olduğu kimi, Rusiya sülhməramlıları münaqişəyə müdaxilə etmədilər. Əməliyyatlar tərəflər arasında qarşılıqlı məlumatlandırma şəraitində aparıldığından ciddi insident qeydə alınmadı. Atəşkəslə bağlı razılaşma əldə olunduqdan sonra axşam saatlarında Canyataqdakı postda növbə dəyişikliyinə hazırlıq başlandı.
Növbə dəyişiminə şəxsən nəzarət edən Rusiya Sülhməramlı Kontingentinin komandir müavini, 1-ci dərəcəli kapitan İvan Kovqan polkovnik Taqoymurod Karayevi Canyatağa müşayiət edirdi. Müşahidə məntəqəsindəki şəxsi heyətin növbə komandirini məhz Karayev əvəz edəcəkdi. Səfər zamanı onları Rusiya Sülhməramlı Kontingentinin tibbi xidmət rəisi, polkovnik-leytenant Aleksey Oleynikov və kapitan-leytenant Mixail Qolofast müşayiət edirdilər. Həm Oleynikov, həm də Qolofast, İvan Kovqan kimi, Şimal Donanmasının heyətində xidmət edən hərbçilər olaraq Qarabağa ezam olunmuşdular. Taqoymurod Karayev isə Yekaterinburqda yerləşən Mərkəzi Hərbi Dairənin polkovniki kimi bölgəyə göndərilmişdi. “UAZ Patriot” markalı avtomobili isə Rostov vilayətindən olan baş gizir Anton Şvoren idarə edirdi. Avtomobilin üzərində sülhməramlılara məxsus olduğunu bildirən “MC” işarəsi və Rusiya bayrağı, eləcə də gerbi aydın şəkildə görünürdü. Axşam saatlarında, Canyatağa çatmağa az qalmış, avtomobil dağlıq ərazidəki bir döngədə Azərbaycan Ordusunun bölmələri tərəfindən çarpaz atəşə tutuldu. [8] Atəş nəticəsində avtomobildə olan beş nəfərin hamısı həlak oldu. Rusiya sülhməramlılarının vurulduğunu anlayan Azərbaycan hərbçiləri dərhal hadisə barədə yuxarı komandanlığa məlumat verdilər. İlkin mərhələdə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Rusiya Müdafiə Nazirliyindən rəsmi şəkildə üzr istədi. Növbəti gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı insidentə görə dərin təəssüf hissi keçirdiyini bildirdi və üzr istədi. Danışıq zamanı İlham Əliyev insidentlə əlaqədar hərtərəfli istintaqın aparılacağına, günahkar şəxslərin məsuliyyətə cəlb olunacağına dair söz verdi.
Hadisə ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları dərhal cinayət işi açdı və istintaq tədbirlərinə başlandı.
Azərbaycan Baş Prokurorluğunun rəsmi açıqlamasına əsasən, Rusiya sülhməramlılarına atəş açılması texniki səhv nəticəsində baş vermişdi. Açıqlamada bildirilirdi ki, əməliyyata cəlb olunmuş Azərbaycan hərbçiləri mürəkkəb dağlıq relyef və əlverişsiz hava şəraiti (duman və yağış) səbəbindən Rusiya sülhməramlılarına məxsus “UAZ Patriot” markalı avtomobili erməni silahlı dəstələrinin nəqliyyat vasitəsi kimi qiymətləndirərək səhvən atəşə tutmuşdular. [9] Bu versiyanı dəstəkləyən amillərdən biri də həmin gün Gülyataqda baş vermiş iki digər silahlı insident idi. Gülyataq sakini Berjik Hovsepyan xatırlayır: “Sentyabrın 19-da axşam Gülyatağı tərk etməyimiz təklif olundu, amma mən imtina etdim. Oğlumun dediyinə görə, o, gələcəkdi. Biz onu gözləyirdik. Sentyabrın 20-də səhər saat 8 radələrində atəş səsləri eşitdim. Səs yaxınlıqdan gəlirdi, mən də nə baş verdiyini anlamaq üçün o tərəfə getdim. Bir neçə yüz metr aralıda oğlumun maşınını gördüm. Elə oradaca ürəyimə damdı ki, ya Hayk öldürülüb, ya da qaçıb. Düşündüm ki, bəlkə bir yerdə gizlənib, bəlkə də salamat qurtulub. Amma içim rahat deyildi. Sonradan öyrəndik ki, Hayk kəndə – bizim evə cəmi 250 metr qalmış, maşındaykən atəşə tutulub. O, maşından düşüb qaçmağa çalışıb, amma başından vurulub keçinmişdi. Bu zaman Gülyatağa gələn yol Azərbaycan əsgərlərinin nəzarətində idi. Haykın ölümündən sonra kəndə daxil olmağa çalışan başqa bir avtomobil də atəşə tutuldu. Vova Avanesyan hadisə yerində həlak oldu, Mişa Şahnazaryan isə yaralanaraq meşəyə qaçıb canını qurtardı.”
Sentyabrın 21-də avtomobilə atəş açan Azərbaycan hərbçiləri müəyyənləşdirildi və onlar həbs olundu. Elə həmin gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan 1-ci Ordu Korpusunun komandanı, general-mayor Qiyas Abbasovun vəzifədən azad edildiyini açıqladı. Lakin bu informasiya Azərbaycan Müdafiə Nazirliyi və ya dövlətə məxsus rəsmi media orqanları tərəfindən təsdiq edilmədi. Daha sonra istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verilmədi. Azərbaycan hökuməti hadisədən sonra Rusiya tərəfinə təzminat ödəməyə hazır olduğunu bəyan etdi, lakin bu istiqamətdə konkret ödənişin həyata keçirildiyinə dair açıq və təsdiqlənmiş məlumat təqdim olunmadı. 2024-cü ilin sentyabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqladı ki, azərbaycanlı hərbçilərlə bağlı məhkəmə prosesi hələ də başlamayıb, lakin Rusiya və Azərbaycan prokurorluq orqanları arasında sıx təmaslar davam edir. Bu kontekstdə “AZAL”-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması və ardınca yaşanan diplomatik gərginlik fonunda Canyataq insidenti hüquqi yox, daha çox siyasi müstəvidə tənzimlənən məsələ kimi görünür. Hadisənin səssiz diplomatik razılaşma və ya siyasi balans çərçivəsində “bağlandığı” qənaəti yaranır.
Nəticə
Ağdam–Ağdərə cəbhəsində baş verən döyüşlər Üçüncü Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun əsas yarma əməliyyatına çevrilə bilmədi. Bu cəbhədə yerləşən erməni bölmələrinin hərbi hazırlığı və texniki təminatı digər istiqamətlərlə müqayisədə daha yüksək idi. Xüsusilə Papravənd–Ağdərə xəttində Azərbaycan bölmələri heç bir əhəmiyyətli irəliləyiş əldə edə bilmədi. Bu amil Canyataq döyüşləri zamanı Azərbaycan qüvvələrinin manevr imkanlarını da məhdudlaşdırdı. Canyataqda yerləşən hərbi hissələr sağ cinahda erməni mövqelərinin mövcudluğu səbəbilə Gülyataq və oradan Aşağı Oratağ istiqamətinə doğru irəliləyə bilmədilər. Əgər Gülyataq nəzarətə götürülmüş olsaydı, 1-ci Ordu Korpusunun bölmələri Çıldıran kəndinə qədər irəliləyə, oradan da Çərəkdar istiqamətindən hücum edən 3-cü Ordu Korpusu ilə birləşə bilərdi. Bu halda Dağlıq Qarabağın cənub və şimal hissələri bir-birindən tamamilə ayrılmış olardı. Sırxavənd istiqamətindəki bölmələr Xaçın çayı boyunca irəliləsə də, kəndin özünü ələ keçirmək mümkün olmadı. Ümumilikdə bu istiqamətdə də ciddi uğur əldə olunmadı.
Digər mühüm faktor isə Rusiya sülhməramlılarının atəşə tutulması hadisəsi oldu. Hadisə texniki səhv nəticəsində baş vermiş kimi qiymətləndirilsə də, ona verilən reaksiyalar siyasi və strateji mahiyyət daşıyırdı. Azərbaycan tərəfi bu hadisəni texniki səhv kimi qəbul edərək həm siyasi müstəvidə addımlar atdı, həm də istintaq başladaraq məsuliyyət məsələsini gündəmə gətirdi. Rusiya isə öz hərbi və diplomatik nüfuzunu qorumaq üçün məsələni daha çox əməkdaşlıq kontekstində, genişləndirmədən həll etməyə çalışdı. Rusiya sülhməramlılarının həlak olması ilə bağlı insident hərbi səhv kimi təqdim olunsa da, bu hadisə Bakı-Moskva münasibətlərində mühüm siyasi testə çevrildi.
Bütün bunlara baxmayaraq, Üçüncü Qarabağ müharibəsində qələbənin əldə olunması Azərbaycanın 1992-ci ildən bəri çox böyük itkilər verdiyi Ağdərə rayonuna nəzarəti bərpa etdi. Silahların təhvil verilməsi və evakuasiya paralel formada davam etdi. Sentyabrın 24-də Azərbaycan hərbçiləri Ağdərə şəhərinin girişinə çatdı. Ertəsi gün şəhər əhalisinin tam evakuasiyası həyata keçirildi. Sentyabrın 26-da Azərbaycan Ordusu Ağdərəyə daxil oldu və şəhər inzibati binasının qarşısında Azərbaycan bayrağını qaldırdı. Beləliklə, Üçüncü Qarabağ müharibəsində əldə edilən qələbə Azərbaycanın Ağdərə üzərində tam idarəetməsini təmin etdi, Prezident İlham Əliyevin oktyabrın 15-də şəhərə səfəri isə bu ərazidə dövlət hakimiyyətinin bərqərar olmasını rəsmən təsdiqlədi.
Qeydlər
- [1] Bu kənd ləğv olunub.
- [2] Xaçınçay vadisinə baxan 1081 metr yüksəklikdəki erməni postu isə “DQR” Müdafiə Ordusunun həmin ərazidəki ən hündür postu olub. Bu post Qazançı istiqamətinə düşdüyü üçün qeyd olunmayıb.
- [3] Həmin ərazidə həlak olanlardan biri Raman Aharonyan idi.
- [4] Ermənilər bu yatağı “Kaşen” adlandırırdılar.
- [5] Bəzi mənbələrdə bu kənd Məlikli kimi də deyilir.
- [6] Hərbi əməliyyatlar başlayana qədər Canyataq sakinləri bu istiqamətdə bir neçə dəfə silahlı insidentin yaşandığını iddia edir.
- [7] Bəzi erməni mənbələrində 3-ü qeyd olunur.
- [8] Hadisənin gün batmadan əvvəl baş verdiyi güman olunur.
- [9] Baş prokurorluq həmin gün daha 1 sülhməramlının erməni silahlıları tərəfindən öldürüldüyünü qeyd etmişdi. Qətlə yetirilən 2004 təvəllüdlü Movsar Dokonov Dağıstandan idi.
İstifadə edilmiş ədəbiyyat siyahısı
- Geybullaev, G. A. O. (1986). Toponimiya Azerbaydzhana. Baku: Elm.
- Süleymanov, M., & Ələkbərova, S. (2024). Azərbaycanın suverenliyinin təmin edilməsi üçün həyata keçirilən lokal xarakterli antiterror tədbirləri. Hərbi Bilik, 1(1), 53–64.