Xankəndi əməliyyatı (Keybalı - Xəlfəli - Kərkicahan cəbhəsi)

Xankəndi əməliyyatı (Keybalı - Xəlfəli - Kərkicahan cəbhəsi)

Üçüncü Qarabağ müharibəsində Xankəndi istiqamətində aparılan döyüş əməliyyatları, münaqişənin ən kritik mərhələlərindən biri hesab olunur. Bu əməliyyatlar həm strateji, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Xüsusilə Kərkicahan–Keybalı–Xəlfəli xətti boyunca aparılan döyüşlər həm coğrafi mövqe, həm də səfərbər olunan qüvvələrin miqyası baxımından seçilirdi. 

Şuşa–Xankəndi istiqamətində erməni ordusunun müdafiə sistemində strateji mövqelərdən biri “26” adı ilə tanınırdı. Bu sektor Şuşadan düz xətt boyunca şimal-qərbə 5,5 km, Xankəndidən isə 4,5 km cənub-qərbdə yerləşirdi. Həm azərbaycanlı, həm də erməni hərbi və ictimai diskursunda istifadə olunan bu adlandırma, böyük ehtimalla, Kərkicahanın Xankəndinin 26-cı məhəlləsi kimi qeydiyyata alınması ilə əlaqəlidir (Qaraca, 2014, s. 7).

Bu ərazi erməni mənbələrində “TSOR” kimi tanınan və Mərkəzi Müdafiə Rayonu kimi təsvir olunan hərbi hissə tərəfindən qorunurdu. Həmin briqada 1992-ci ildə Aşot Qulyanın rəhbərlik etdiyi Stepanakert 1-ci bölüyü əsasında yaradılmışdı. “DQR” Müdafiə Ordusunun ən döyüş qabiliyyətli bölmələri məhz bu strukturun tərkibində idi. İkinci Qarabağ müharibəsi zamanı Dördçinar – Horadiz – Cocuq Mərcanlı istiqamətində ağır məğlubiyyətlə nəticələnən əks-hücum əməliyyatının özəyini bu briqada təşkil etmişdi. Daha sonra Füzulinin Cuvarlı kəndində bu briqadanın əsgərlərinin mühasirəyə alınıb məhv edilməsi Ermənistanda geniş rezonans yaratdı. Bu hadisəyə görə məsuliyyət daşıdığı üçün Müdafiə Ordusunun sabiq komandanı Cəlal Harutyunyan 5,5 il həbs cəzasına məhkum edilmişdi.

 

Keybalı - Xəlfəli döyüşləri 

Keybalı və Xəlfəli kəndləri Şuşa şəhərinin şimal-qərbində, Xəlfəliçay dərəsinin ətrafında yerləşir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölmələrinin ərazidəki yüksək mövqelərdə yerləşməsi onlara əhəmiyyətli coğrafi üstünlük qazandırmışdı. Digər tərəfdən, Şuşanın azad olunması erməni qüvvələrinin Laçın–Xankəndi magistral yolundan istifadə imkanını əngəllədi. Bu səbəbdən ermənilər Xankəndi–Keybalı–Xəlfəli–Şırlan istiqamətindəki torpaq yolundan istifadə edərək əsas magistrala çıxmağa və buradan Ermənistanla əlaqəni təmin etməyə çalışırdılar. Bu yol, ekoloji fəalların Laçın–Xankəndi yolunun Şuşadan keçən hissəsini bloklamasından sonra strateji əhəmiyyət qazandı. Azərbaycan rəhbərliyi isə bu torpaq yoldan istifadəyə sərt reaksiya göstərdi və Ermənistandan Qarabağa qanunsuz silah daşınmasını iddia etdi. Bir neçə xəbərdarlıqdan sonra, 2023-cü il martın 25-də, Azərbaycan bölmələri irəliləyərək yola nəzarəti tam şəkildə ələ keçirdi. Bu addım Keybalı–Xəlfəli xəttindəki erməni postlarının mövqeyini daha da zəiflətdi. 44 günlük müharibədən sonra erməni bölmələri bu ərazidə, əsasən Xəlfəliçay dərəsi boyunca, yeni döyüş mövqeləri formalaşdırmağa başlamışdılar.

Keybalı kəndində “DQR” Müdafiə Ordusunun əsas postu Nağılar yolu üzərində, 1050 metr yüksəklikdə yerləşirdi. Kəndin şimal-şərqində, 950 metr yüksəklikdə yerləşən ikinci post isə Xəlfəliçay dərəsinə nəzarət edirdi. Bu istiqamətdə Azərbaycan Ordusunun əsas postu İsa bulağının şimalında, 1225 metr yüksəklikdə yerləşirdi. Bu mövqedən torpaq yoluna vizual nəzarət imkanı mövcud idi. Beləliklə, hərbi əməliyyatlar öncəsində coğrafi üstünlük Azərbaycanın tərəfində idi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri təmas xətti boyunca hücum əməliyyatlarına başladı. Azərbaycan Ordusunun əməliyyat planı, Xankəndidə yerləşən əsas hərbi hədəflərin dərhal sıradan çıxarılmasını nəzərdə tuturdu. Beləliklə, döyüşlər yalnız ərazi üzərində nəzarətin bərpasına deyil, Müdafiə Ordusunun hərbi infrastrukturunun sürətlə iflic edilməsinə yönəlmişdi. Ən kritik zərbələrdən biri Xankəndinin şimalında, Yenigün məhəlləsi ərazisinə endirildi. Bu hücum nəticəsində Müdafiə Ordusuna məxsus “Tor” hava hücumundan müdafiə sistemi məhv edildi. Eyni vaxtda, Xocalıda yerləşən hərbi baza da ağır bombardmana məruz qaldı.[1] Hədəflərə yönəlmiş bu ilkin zərbələrdən sonra, döyüşlərin intensivliyi müxtəlif istiqamətlərdə daha da şiddətləndi.

Müharibənin ilk saatlarında ən intensiv döyüşlər Keybalı istiqamətində baş verdi. Əməliyyatların başlamasından cəmi 20 dəqiqə sonra Keybalıdakı iki erməni postu məhv edildi. Azərbaycan Müdafiə Nazirliyinin Üçüncü Qarabağ müharibəsi ilə bağlı yaydığı ilk video Nağılar yolu üzərində yerləşən döyüş mövqeyinin vurulması ilə bağlı idi. Kadrlarda postdan qalxan tüstü aydın görünürdü. Bununla paralel, Keybalının cənubunda, Laçınlar yolu üzərində yerləşən daha bir erməni postu da hücumun ilk günü məhv edildi.[2] Keybalı ətrafında nəzarəti ələ keçirən Azərbaycan Ordusu həm cənub, həm də şimal istiqamətində irəliləməyə başladı. Əsas məqsəd, strateji yüksəklikləri tutaraq rəqibin müdafiə xəttini yarmaq idi. Bu çərçivədə Azərbaycan bölmələri koordinasiyalı şəkildə “26” sektorunun hədəflərinə yönəldi. 

Bu sektor Mıxtökən silsiləsinin yaxınlığında, Başkənd-Kosalar yolunun kəsişməsində başlayırdı. Tam kəsişmə nöqtəsində, 1622 metr hündürlükdə 2-ci taqımın səngərləri qazılmışdı. 1715 metr hündürlükdə isə 1-ci taqımın döyüş mövqeyi yerləşirdi. Bu xətt boyunca ardıcıl 4-5 erməni postu mövcud idi ki, onlar Kərkicahan qəsəbəsinə qədər uzanırdı və müdafiə tərəfinə ciddi mövqe üstünlüyü qazandırırdı. Azərbaycan Ordusu Keybalının şimal və cənubundakı postları neytrallaşdırdıqdan sonra Xəlfəli yolu boyunca hücumları intensivləşdirdi. Əsas zərbə Xəlfəli kəndi ərazisindəki 35 saylı posta endirildi. Hücum zamanı iki erməni hərbçi, o cümlədən postun komandiri baş leytenant Nver Avanesyan öldürüldü. Postun müdafiəsi zəiflədiyi üçün 1-ci taqımdan beş erməni əsgəri 600 metr aşağı enərək dəstəyə gəlməyə çalışdı. Lakin mövqenin saxlanmasının qeyri-mümkün olduğunu görüb, sağ qalanlarla birlikdə əvvəlki mövqelərə geri çəkildilər. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə Xəlfəli kəndinə daxil oldu (Süleymanov & Ələkbərova, 2024, s. 61). Bu istiqamətdə döyüşmüş “TSOR” alayının hərbçisi Tiqran İşxanyan müharibədən sonra belə xatırlayır:“Bizim bölük Keybalı–Xəlfəli xəttindən müharibədən bir neçə gün əvvəl geri çəkildi. Bu istiqamətdə mövqelərimiz çox zəif idi. Müharibənin başlanmasından qısa müddət sonra bizə bu xəttdə artıq heç bir postun qalmadığı bildirildi.”

Beləliklə, erməni tərəfinin əsas kommunikasiya xətti ilk mərhələdə neytrallaşdırıldı. Bununla yanaşı, yol üzərində nəzarət Azərbaycan Silahlı Qüvvələrinə həm Xankəndi istiqamətində irəliləmək, həm də yolun digər tərəfində – Şırlan–Sarıbaba istiqamətində yeni qüvvələr cəmləşdirmək üçün şərait yaratdı. Növbəti strateji hədəf  “26” sektorunun tam ələ keçirilməsi idi.

 

26” sektoru uğrunda döyüş 

35 saylı postun şəxsi heyətinin hərəkət marşrutu ilə yüksəkliyə doğru irəliləyən Azərbaycan hərbçiləri sentyabrın 19-u axşam saatlarında “26” sektoruna yaxınlaşdılar. Tiqran İşxanyan xatırlayır: “Açıq, meşəsiz ərazilərdə çoxsaylı canlı qüvvənin hərəkəti görünürdü. Onlar 50-60 nəfər deyildilər; sanki qarışqalar kimi gəlirdilər. Bir müddət müqavimət göstərdik. Hər birimizin cəmi bir patron darağı qalmışdı. Ətraf mühasirəyə alınmaq üzrə idi. Heç bir yardım gəlmirdi.” Ciddi müqavimətlə qarşılaşmayan Azərbaycan bölmələri, 1-ci taqımın səngərlərini ələ keçirdilər. Bu uğur, Azərbaycan bölmələrinin yüksəklik üzərində möhkəmlənməsinə imkan verdi və qarşıdakı manevrləri daha əlverişli etdi. Bununla belə, yolun üzərində yerləşən 2-ci taqımın mövqeyinə birbaşa hücum həyata keçirilmədi. Bu, ehtimal ki, ərazinin relyefi, müdafiə dərinliyi və ümumi döyüş planına uyğun olaraq taktiki manevr seçimi ilə bağlı idi.

Sentyabrın 19-da gecə Azərbaycan Ordusunun bir hissəsi Başkənd–Kosalar yolunu nəzarətə götürdü, əsas qüvvələr isə “26” sektoruna doğru irəlilədi. Qısa müddətdə əsas mövqelərini itirən “TSOR” alayının qalıqları, DQR Milli Təhlükəsizlik Xidmətinin (MTX) 1575 metr yüksəklikdə yerləşən postuna çəkildilər. Burada 9K111 “Faqot” tank əleyhinə raket kompleksi də yerləşdirilmişdi. Sentyabrın 20-də səhər tezdən, Azərbaycan Ordusu bu mövqeyə üç istiqamətdən hücum etdi. Hücum zamanı bölmələr Türkiyə istehsallı “Kargu” kamikadze dronlarından istifadə edirdi. Tiqran İşxanyan xatırlayır: “Əl qumbarası istifadə etdik, onlar isə qumbaraatanla cavab verdilər. Mövqeyimiz çox əlverişli idi – qarşı tərəf uzun müddət görünə bilmədi. Amma döyüş yaxın məsafədə baş verdi. Yol kənarında bir dəstə dayanmışdı, nə etdikləri bəlli deyildi. Heyət çox qarışıq idi – yalnız hərbi geyimdə olduqlarını görürdük.” 

Posta qarşı frontal hücumla nəticə əldə olunmadığı üçün, Azərbaycan hərbçiləri Kosalar istiqamətindən ətrafı dolanaraq mövqenin arxasına keçməyə çalışdılar. Əraziyə snayper qrupu da gətirildi. Snayper atəşləri və çarpaz hücumun yaratdığı təzyiq erməni müdafiə xəttini tez bir zamanda zəiflətmişdi. Bu taktik manevr nəticəsində, çoxtərəfli hücum şəraitində erməni qüvvələri Kərkicahanın girişindəki sonuncu mövqeyə geri çəkildilər. “Faqot” heyətindən Armen Əzizyan xatırlayır :“Sentyabrın 20-də sübh idi. Vadidən qışqırıq və səs-küy gəlirdi. Aşağıda tank vardı, amma “Faqot”un təsir zonasında deyildi. Bir polkovnik-leytenant gəlib dedi: “At “Faqot”u, biz geri çəkilirik.” Qarşıda dörd azərbaycanlı kommandos göründü. İri cüssəli biri “Bozqurd” işarəsi göstərərək “Allahu-əkbər” deyə qışqırdı. O anda geri çəkildim; başqa yol yox idi.” 

Bu istiqamətdə gedən döyüşlərdə Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələrini Xankəndidən müşahidə etmək olurdu. Hərbçilər təqibi dərhal davam etdirərək, “26” sektorunun ətrafında yerləşən sonuncu mövqeyə doğru irəlilədi. Bu post 1264 metr hündürlükdə, qayalıq ərazidə yerləşirdi. Postun arxasına keçmək çətin idi, lakin səngərlər dayaz və zəif mühəndisliklə qazılmışdı. Artilleriya dəstəyi ilə Azərbaycan bölmələri saat 12:00 radələrində əraziyə yaxınlaşdı. Snayper qrupunun ilk atəşi nəticəsində “DQR” Müdafiə Ordusunun zabiti, mayor Qarik Xorumyan öldürüldü, Armen Əzizyan yaralandı. Eyni istiqamətdə daha iki erməni hərbçi qol və ayaq nahiyələrindən yaralandı. Təxminən bir saat davam edən döyüş, müharibənin son akkordlarına çevrildi.

Azərbaycan Ordusu “26” sektorunun biri istisna, bütün postlarını tutaraq Kərkicahanın önündə döyüşləri başa vurdu. 1622 metr yüksəklikdə yerləşən 2-ci taqım postu isə müharibənin bitməsini gec xəbər aldı. Frontal hücum olmasa da, Azərbaycan snayperləri bu mövqeyə ciddi itkilər yetirdi – 20 sentyabrda burada 3 erməni hərbçi, o cümlədən mayor İqor Qalstyan məhv edildi. Mövqedə qalan azsaylı əsgərlər, əmri gözləyərək vəziyyəti qiymətləndirməyə çalışırdılar. Döyüşün sonlarına yaxın bəzi mövqelərdə əlaqə və koordinasiya tam pozulmuşdu. Vladimir Udumyan xatırlayır :“Əlaqə saxladıq və dedik: “Nə edək? Hamı artıq arxaya çəkilib, biz hələ də buradayıq.”Bizə cavab verdilər: “Saat 4-ə qədər gözləyin, hər şey başa çatacaq.'”

Nəhayət, sentyabrın 20-də, 2-ci taqım Kosalar kəndi istiqamətindən Xankəndiyə doğru geri çəkildi.

 

Kərkicahan və Kərpiçni insidenti

DQR rəhbərliyinin 2023-cü il sentyabrın 20-də Azərbaycana atəşkəslə bağlı müraciətindən sonra hərbi əməliyyatlar dayandırıldı. Bu zaman Azərbaycan Ordusu artıq iki istiqamətdən Xankəndiyə yaxınlaşmışdı. 

Yüksəkliklərə nəzarətin Azərbaycan bölmələri tərəfindən ələ keçirilməsi Kərkicahan ətrafındakı erməni mövqelərini kritik vəziyyətə salmışdı. Bu səbəbdən “DQR” Milli Təhlükəsizlik Xidmətinin (MTX) hərbçiləri Kərkicahan ərazisində ikili müdafiə xətti qurmağa çalışırdı. Ərazidə MTX bölmələri ilə yanaşı, “TSOR” hərbi hissəsinin əsgərləri də yerləşdirilmişdi. Lakin mühəndis işlərinin aparılmaması və təcili mövqe seçimi səbəbindən müdafiə xətti zəif və əlverişsiz idi. Ermənilər vaxtilə azərbaycanlılara məxsus evlərin xarabalıqlarından müvəqqəti istehkam kimi istifadə edirdilər. Müdafiənin birinci xətti Kərkicahanın girişində, ikinci xətti isə Yağlıtəpənin qarşısında yerləşirdi. Azərbaycan Ordusunun bölmələri isə 1040 metr yüksəklikdəki səngərlərdə yerləşmişdi, həm texniki, həm də vizual üstünlüyə malikdi.

Azərbaycan qüvvələri, həmçinin Kərpiçni məhəlləsi istiqamətindən də Xankəndiyə yaxınlaşmışdı. Ərazinin adı vaxtilə orda fəaliyyət göstərmiş kərpic zavodundan qalmışdı. Ermənilər bu yeri, 6 lentvari küçəyə görə “Paralel” adlandırırdılar. Azərbaycanın nəzarətində olan yüksəklikdən, Xankəndinin mərkəzi meydanına qədər olan məsafə təxminən 1,5 kilometr təşkil edirdi. 1030 metr yüksəklikdə yerləşən bu mövqedən Xankəndi şəhərinin bir hissəsinə vizual nəzarət mümkün idi. Buradakı erməni mövqeləri də məhəllənin giriş hissəsində formalaşdırılmışdı. 

Xankəndi istiqamətindəki son qarşıdurma Azərbaycan Silahlı Qüvvələri ilə “DQR” Müdafiə Ordusu arasında Kərpiçni məhəlləsində baş verdi. Arsen Simonyan həmin anları belə xatırlayır: “Bizi xaç abidəsinin sol tərəfində, şəhər qəbiristanlığına yaxın bir mövqeyə göndərdilər.[3] Orada heç bir səngər yox idi. Saat 10-11 radələrində idarəetmə məntəqəsindən çıxdıq. Avtomobil 9 nömrəli məktəbin yanında dayandı. Orada silah və sursatımızı götürdük. Məktəbdən çıxaraq yuxarıdakı evlərə doğru hərəkət etdik. Məlum oldu ki, önümüzdə heç bir bölmə yoxdur. Gecə saatlarında xaçın altındakı meydançaya doğru irəlilədik. Bizə poçt binasına doğru irəliləmək əmri verilmişdi. Altı nəfərlik qrup yaxınlıqdakı dirək yanında mövqe tutdu. Burada gecə boyunca müşahidə apardıq. Yanımızda yüksək keyfiyyətli termovizor var idi. Qarşı tərəf xaç abidəsindən təxminən 300–350 metr aralıda mövqe tutmuşdu. Üzərimizdə lazer məsafəölçən olduğundan məsafəni dəqiq hesablaya bildik. Sentyabrın 21-də səhər saatlarında texnika səsi eşidildi. Lakin bu texnikanın növünü müəyyənləşdirmək mümkün olmadı. Bizim istifadə etdiyimiz bütün PUA-lar düşmənin radioelektron mübarizə sistemləri tərəfindən sıradan çıxarılmışdı.

Sentyabrın 21-də, səhər saat 10–11 radələrində Azərbaycan Ordusunun ilk qrupu Kərpiçni məhəlləsinə daxil oldu. Bu, əməliyyatın planlı şəkildə aparıldığını göstərirdi. İlkin mərhələdə müqavimətin olmaması sürətli irəliləyiş üçün şərait yaratmışdı. Əraziyə nəzarət edən DQR Milli Təhlükəsizlik Xidmətinin (MTX) mövqelərində yerləşən erməni hərbçiləri, Azərbaycan bölmələrinin ardıcıl və sistemli şəkildə irəliləməsini müşahidə edirdilər. Artıq ikinci qrup əraziyə daxil olmuşdu, lakin mövqedəki erməni əsgərlər hələ də yuxarı komandanlıqdan atəş açmaq üçün icazə almamışdılar. Üçüncü qrupun yaxınlaşması ilə vəziyyət daha da gərginləşdi. Müdafiə xəttindəki təzyiq artırdı, bu isə mövqedə qərarsızlıq və koordinasiya çatışmazlığı ilə müşayiət olunurdu. Erməni bölməsi atəş açmaq və ya gözləmək arasında tərəddüd yaşayırdı. Bu qeyri-müəyyənlik şəraitində, xəbərdarlıq məqsədilə qarşı tərəfə iki güllə atıldı. Lakin öndə olan Azərbaycan komandiri bu atəşə sərt və təhqiramiz sözlərlə cavab verdi. Gərginliyin artdığı anda MTX snayperlərindən biri dəqiq atəş açaraq Azərbaycan hərbçisini dəbilqəsindən vurdu. Snayper atəşindən dərhal sonra azərbaycanlı komandir geri çəkilmə əmri verdi

Bu əmrdən sonra açıq qarşıdurma dayansa da, ərazidəki ümumi vəziyyət gərgin idi. Azərbaycan Ordusunun şəhərə daxil olması Kərpiçni məhəlləsində yaşayan mülki əhali arasında panikaya səbəb oldu. Bəzi sakinlər evlərini tərk edərək təhlükəsiz saydıqları istiqamətlərə doğru hərəkət etdilər. Yaranmış xaosun təsiri ilə məntəqənin “İsveçrə” adlanan hissəsində bir qrup erməni mülki şəxs silahlanaraq MTX bölmələrini səhvən atəşə tutdu.[4] Qısa müddətli atışmadan sonra, qarşılarındakı şəxslərin erməni hərbçiləri olduğunu anlayan sakinlər, həmin bölmələrin köməyi ilə ərazidən təxliyə olundular.

Geriyə çəkilən Azərbaycan bölmələri iki istiqamətdə yenidən mövqe tutdular: bir hissə Kərkicahan istiqamətində, digər hissə isə subartezian quyusu tərəfdə yerləşdi. Əsas silahlı qarşıdurma məhz bu istiqamətində baş verdi. Xankəndinin digər hissələrindən erməni xüsusi təyinatlı qüvvələrinin döyüşə qoşulması vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan bölmələri 60 mm-lik minaatanlardan istifadə edərək, xarabalıqlarda mövqe tutmuş erməni qüvvələrinə qarşı atəş açmağa başladılar. Ardınca snayper qrupları əraziyə cəlb edildi. Onların əsas vəzifəsi məhəllədaxili yollar üzərində nəzarət qurmaq və mümkün xarici dəstəyin qarşısını almaq idi. Lakin döyüş zamanı, erməni tərəfi ilə yanaşı, Azərbaycan bölmələri arasında da koordinasiya pozuntuları baş verdi. Belə ki, Kərpiçni məhəlləsində yerləşən Azərbaycan əsgərləri, Kərkicahandakı bölmələri qarşı tərəf zənn edərək atəş açmağa başladılar. Qısa müddət ərzində bu səhv aydınlaşdırıldı və bölmələr real mövqe bölgüsünü bərpa etdilər. Bundan sonra Azərbaycan qüvvələri Kərkicahanın mərkəzinə doğru irəliləməyə başladı. Hücum zamanı Azərbaycan snayperinin dəqiq atəşi nəticəsində bir erməni hərbçisi ayağından yaralandı.[5] Kərkicahanda yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının hərbçisi Qurgen Abramyan həmin anları belə xatırlayır: “Zəng edə bilmirdim, amma gələn zəngləri qəbul edirdim. Azərbaycan qüvvələrinin şəhərə daxil olduğu, Müdafiə Ordusu bölmələrinin geri çəkildiyi barədə məlumatlar gəlirdi. Azərbaycan Ordusu Kərkicahana birbaşa yox, Kərpiçni məhəlləsi istiqamətindən daxil olmuşdu.” Təxminən yarım saat davam edən qarşıdurmadan sonra Rusiya sülhməramlıları əraziyə daxil olaraq tərəflər arasında dayanıb münaqişəni dayandırdılar. Onların ardınca “DQR” rəhbəri Samvel Şahramanyan Kərkicahanda Azərbaycan hərbçiləri ilə danışıqlara başladı. Müzakirələr nəticəsində, Azərbaycan bölmələri Kərpiçni məhəlləsindən mərhələli şəkildə geri çəkilməyə başladılar. Həmin proses MTX snayperləri tərəfindən müşahidə olunurdu. Azərbaycan qüvvələri geri çəkildikdən sonra erməni bölmələri əraziyə qayıtdı. Onlar əvvəlki təmas xəttinə yaxın yolayrıcılarda mövqeləndilər. Kərpiçnidən fərqli olaraq, Kərkicahanda Azərbaycan Ordusu daha irəlidə idi və artıq yaşayış məntəqəsinin mərkəzində mövqelənmişdi. Hadisələrdə iştirak etmiş digər Hava Hücumundan Müdafiə Qoşunu əməkdaşı Arşak Manukyan belə xatırlayır: “Biz onlarla əlaqə saxladıq və məlum oldu ki, bir evdə təxminən 20 nəfərlik bir qrup var. Onlara bildirdik ki, qarşıdurmanın davam etdirilməsinin mənası yoxdur. İtkilərin qarşısını almaq üçün vəziyyəti gərginləşdirməməyə çağırdıq. Əks halda qarşılıqlı atəş başlayacaqdı və bu, ciddi nəticələrə gətirib çıxara bilərdi. Nəticədə, danışıqlardan sonra onların çıxmasına nail olduq.” Nəticə etibarilə, qarşıdurmanın diplomatik həllinə şərait yaradıldı və Azərbaycan bölmələri bu istiqamətdə təxminən yarım kilometr geri çəkildi.

 

Yevlax və Xocalı danışıqları

Sentyabrın 20-də bütün cəbhələrdə ciddi çöküş yaşayan “DQR” rəhbərliyi kapitulyasiya elan etdi. Saat 13:00-da Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı komandanlığının vasitəçiliyi ilə tərəflər arasında hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılıq əldə edildi. Razılaşmanın bəndləri belə idi:

  • Ermənistan Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlı kontingentinin dislokasiya zonasından çıxarılması;[6]
  • Dağlıq Qarabağ Müdafiə Ordusunun silahlı birləşmələrinin buraxılması və tam tərksilah edilməsi;
  • Dağlıq Qarabağ ermənilərinin reinteqrasiyası, hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində DQR nümayəndələri ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında görüşün keçirilməsi.

Kərkicahan və Kərpiçni toqquşması Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hökuməti üzvləri arasında Yevlaxda baş tutan danışıqlarla eyni vaxta təsadüf etmişdi. 

Danışıqlar prosesi ilə eyni vaxtda “DQR” rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirdi. Onlar MTX-yə Azərbaycan hərbçilərinin şəhərə daxil olmasının qarşısını almağı tapşırdı. Bu qərarın danışıqların tonuna müəyyən psixoloji təsir göstərmək məqsədi daşıdığı ehtimal olunur.  Yevlaxdakı keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının Qarabağ erməniləri ilə təmaslara cavabdeh nümayəndəsi Ramin Məmmədov rəhbərlik edirdi. Görüşdə Azərbaycan tərəfini Prezidentin işğaldan azad edilmiş Qarabağ ərazilərində xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirdi. “DQR” nümayəndə heyəti isə deputat David Melkumyan və Təhlükəsizlik Şurası katibinin müavini Sergey Martirosyanla təmsil olunmuşdu. Erməni tərəfdən danışıqlarda iştirak etməli olan dövlət naziri Artur Harutyunyan Yevlaxa gəlməmişdi. Danışıqlarda vasitəçi funksiyasını yalnız Rusiya Federasiyasının sülhməramlı kontingenti yerinə yetirirdi. Onlar görüşün təhlükəsizliyini təmin edir və logistik müşahidəçi rolunu oynayırdılar. 1-ci Yevlax danışıqlarında əsas müzakirə mövzuları əhalinin təhlükəsizliyi, hüquqları və sosial təminatı ilə bağlı idi. Danışıqlarda bölgədə yaşayan erməni əhalisinin hüquqi statusu, fiziki təhlükəsizliyi və Azərbaycanın hüquq sisteminə inteqrasiya məsələləri nəzərdən keçirildi. Eyni zamanda, sosial infrastruktur – su, elektrik, rabitə, tibbi xidmət və təhsil sahələrinin fəaliyyətinin bərpası da diqqət mərkəzində idi. Sergey Martirosyan Qarabağda ciddi yanacaq qıtlığı yaşandığı üçün Azərbaycandan bunun üçün kömək istədi.[7] Eyni zamanda erməni tərəfinin xahişi əsasında Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin olundu. Azərbaycan tərəfi  görüş zamanı “DQR” Müdafiə Ordusunun tərk-silah olunmasını və hüquqi qiymətləndirmənin fərdi qaydada aparılmasını tələb etdi. Qarabağ nümayəndələri isə yerli əhalinin hüquqi toxunulmazlığına və təhlükəsizliyinə dair zəmanətlər istəyirdilər. 

Danışıqların bitməsindən sonra Xankəndiyə qayıdan Sergey Martirosyan və David Melkumyan müzakirə edilən məsələləri Samvel Şahramanyanla böldü. Sentyabrın 22-də “DQR” rəhbəri Samvel Şahramanyan Xankəndidən Şuşaya gələrək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşdü. Bu görüşdən 1 gün sonra ordu qruplarının ləğvinə başlanıldı. Həmin gün Rusiya sülhməramlıları Kərkicahan və ətrafındakı bölmələrin şəhərin mərkəzinə doğru geri çəkilməsinə çağırdı. Erməni hərbçilər öz formalarını çıxardıb yandırmağa başladılar. Xankəndidə müvəqqəti nəzarət mülki geyimli silahlı şəxslər tərəfindən qorunurdu. Sentyabrın 23-də Xankəndi əhalisinin Xocalıya evakuasiyasına başlandı. 

“DQR” nümayəndələri ilə Azərbaycan hökumət üzvləri arasında növbəti görüş sentyabrın 25-də məhz Xocalıda baş tutdu. 1-ci Yevlax danışıqlarında iştirak edən şəxslərin iştirakı ilə baş tutan görüş zamanı humanitar yardımın göstərilməsi, eləcə də reinteqrasiya məsələsi müzakirə olundu. Danışıqlarda Baş nazirinin müavini Şahin Mustafayevin Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. Qarabağ ermənilərinin nümayəndələri görüş zamanı Azərbaycanın təqdim etdiyi reinteqrasiya planını qəbul etmədilər. Bununla da, erməni əhalinin Qarabağdan birdəfəlik köçü başlandı. 

Bu ərəfədə Kərpiçni məhəlləsindən 1,5 km aralıda duran çoxlu sayda Azərbaycan polisi şəhərə girməyi gözləyirdi. Polislərin Xankəndiyə daxil olması ilə Müdafiə Ordusu və MTX bölmələrinin silahı təhvil verməsi eyni anda baş tutdu. Sentyabrın 28-də Samvel Şahramanyan “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı fərman imzaladı. Qərarda deyilirdi: 

  • 2024-cü il yanvarın 1-dək bütün dövlət idarəetmə orqanları və onların tabeliyində olan qurumlar buraxılsın, Dağlıq Qarabağ Respublikası isə fəaliyyətini dayandırsın.
  • Dağlıq Qarabağ əhalisinə, o cümlədən respublikanın hüdudlarından kənarda yaşayan şəxslərə, bu fərman qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası tərəfindən təqdim olunmuş reinteqrasiya şərtləri ilə tanış olmaq və Dağlıq Qarabağda qalmaq (və ya geri qayıtmaq) imkanına dair müstəqil və fərdi qərar qəbul etmək tövsiyə olunur.

Bu qərardan 1 gün sonra, sentyabrın 29-da Yevlaxda tərəflər arasında sonuncu görüş baş tutdu. “DQR” ləğv olunduğu üçün 29 sentyabr görüşü bölgədə yaşayan erməni əsilli mülki əhalinin nümayəndələri ilə Azərbaycan dövləti arasında praktiki və inzibati xarakterli bir dialoq idi. Bu görüşdə Azərbaycan tərəfi reinteqrasiya məsələsini son dəfə gündəmə gətirdi. Əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə ümumi prinsiplər deyil, konkret texniki mərhələlər müzakirə mövzusu oldu. Ancaq bu görüş zamanı artıq Qarabağda yaşamış 98.929 nəfər əhali bölgəni tərk etmişdi. Azərbaycan nümayəndə heyəti ilə Yevlax görüşündə iştirak etmiş David Melkumyan xatırlayır: “ Danışıqlar üç raundda baş tutdu. İlk görüşdən sonra mən hər gün Stepanakertdə olan əhalimizlə görüşürdüm. Hər şey barədə onlara danışır, baş verənləri sözbəsöz izah edirdim. Son günlər Yevlaxda gizli və qapalı danışıqların aparıldığı ilə bağlı bəzi intriqalar yayılıb – bu, tamamilə yalan və uydurmadır. Bizim əsas müzakirə etdiyimiz məsələlər sosial, humanitar və təhlükəsizliklə bağlı idi. Azərbaycan tərəfi isə əsasən inteqrasiya məsələlərini gündəmə gətirirdi. Bizim əsas məqsədlərimizdən biri blokadada qalan insanların təhlükəsiz şəkildə təxliyəsi idi və mən bir nəfərin belə zərər çəkdiyi bir hadisəni xatırlamıram. Bu, uğur kimi qeyd olunmalıdır. Həmin günlərdə nə çörək, nə su, nə də elektrik mövcud idi. Gündəlik müzakirə olunan məsələlərdən biri də yolların açılması, humanitar yardımın çatdırılması, qaz və elektrik təchizatının bərpası idi.”

Beləliklə, Yevlaxda keçirilmiş sonuncu görüş, real reinteqrasiya imkanlarından çox, post-münaqişə mərhələsində formal dialoqun davamı və siyasi prosesin simvolik yekunu kimi yadda qaldı. 2023-cü il oktyabrın 2-də isə Azərbaycan hökuməti tərəfindən Xankəndidə keçirilmiş iclasda Qarabağ ermənilərinin hüquqi statusu, sosial təminatı və vətəndaş inteqrasiyası üzrə prinsipləri əhatə edən rəsmi reinteqrasiya planı ictimaiyyətə təqdim olundu. Lakin əhalinin böyük əksəriyyətinin bölgəni artıq tərk etməsi səbəbindən bu planın praktiki tətbiq imkanı qalmamışdı.

 

Nəticə

2023-cü ilin sentyabr ayında Xankəndi istiqamətində aparılan hərbi əməliyyatlar, münaqişənin son mərhələsində vəziyyətin hərbi və siyasi baxımdan ciddi dəyişikliklərə uğramasına səbəb oldu. Azərbaycan Ordusu Xankəndi istiqamətində əsas yarma əməliyyatını Keybalı–Xəlfəli–Kərkicahan xətti üzrə həyata keçirsə də, paralel olaraq digər istiqamətlərdə də hücum xarakterli hərbi fəaliyyətlər davam etdirilirdi. Digər əsas hücum isə Şuşanın şərqindəki bölmələr tərəfindən həyata keçirilmiş, bölmələr Muxtar, Şuşakənd, Daşkənd və Dağdağanı ələ keçirərək Malıbəyli kəndinin qarşısında durmuşdular. Həm qərbdə, həm də şərqdəki irəliləyişlər Xankəndi əməliyyatının uğurla başa çatmasının əsas göstəriciləri idi. 

Bununla yanaşı, Şuşanın şimal istiqamətində də toqquşmalar qeydə alınmışdı. Buradakı əməliyyatlar, əsasən Laçın-Xankəndi magistralı boyunca strateji yüksəkliklərin nəzarətə götürülməsi məqsədini daşıyırdı. Azərbaycan hərbçiləri R-28 yolu boyunca hərəkət edərək 642 saylı erməni postunu ələ keçirmişdi.[8] Qarnik Mnatsakanyanın rəhbərlik etdiyi döyüş mövqeyində 3 qadın hərbçi - Sirun Oqanyan, Anuş Qriqoryan və Diana Ağacanyan xidmət edirdi. “Xaçın postu” adlandırılan ərazidə baş verən döyüşdə “DQR” Müdafiə Ordusunun 4 hərbçisi - Boris Balayan, Artur Ağacanyan, Sergey Barseqyan və Zorik Qarayan həlak olmuşdu. Bölmələr sentyabrın 20-də tank abidəsinin yaxınlığında idi.[9]

Əməliyyatlar həm ön xətdə, həm də şəhər daxilində koordinasiyalı şəkildə aparıldığı üçün müqavimət imkanları qısa müddətdə zəiflədildi. Müxtəlif istiqamətlərdə yerləşən erməni hərbi postları ya boşaldıldı, ya da lokal qarşıdurmalar nəticəsində nəzarət altına alındı. 

Ordunun tərksilah edilməsi ilə Azərbaycan hökuməti bir neçə nəfəri həbs etdi. Sentyabrın 27-də keçmiş dövlət naziri Ruben Vardanyan əhali ilə birgə bölgəni tərk etmək istəyərkən saxlanıldı, 1 gün sonra isə keçmiş xarici işlər naziri David Babayan öz istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanlarına təslim oldu. “DQR”-in ləğv olunması və əhalinin Qarabağdan Ermənistana getməsi regionda qalmış erməni siyasətçilərinin taleyini müəmmalı etmişdi. Azərbaycan Baş prokuroru Kamran Əliyev oktyabrın 1-də Arayik Harutyunyan haqqında həbs qərarının çıxarıldığı barədə jurnalistlərə məlumat verdi. 2 gün sonra, oktyabrın 3-də “DQR”-in keçmiş liderləri – Bako Sahakyan, Arayik Harutyunyan və Arkadi Qukasyan Azərbaycan təhlükəsizlik orqanları tərəfindən saxlanıldı

Siyasi və hərbi nəzarətin tam bərqərar olunmasından sonra, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə təntənəli surətdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Noyabrın 8-də isə şəhərdə İkinci Qarabağ müharibəsinin bitməsinin 3-cü il dönümüdə hərbi parad keçirildi. Beləliklə, post-münaqişə dövründə Xankəndidə keçirilən bu ilk hərbi parad, Azərbaycan Ordusunun əldə etdiyi qələbənin təntənəli nümayişi və müharibənin bitməsinin rəmzi yekunu oldu.

 

 

İstinadlar

[1] Bu bombalama yaxınlıqdakı Rusiya sülhməramlısı tərəfindən lentə alınmışdı.

[2] Müharibənin bitməsindən sonra Keybalı kəndində 1 erməni hərbçisi yaralı halda tapılmış və təxliyə olunmuşdu.

[3] Daşkənd ərazisindəki Böyük Xaç qülləsi ilə qarışdırılmamalıdır.

[4] Xankəndidə o dövrdə Frank Müller saat zavodu fəaliyyət göstərirdi. Həmin ərazini yerli sakinlər “İsveçrə” adlandırırdı.

[5] Kərkicahan və Kərpiçni insidenti zamanı erməni tərəfi  1 Azərbaycan əsgərinin həlak olması, 2 erməni hərbçisinin isə yaralandığını iddia edir.

[6] Ermənistan bu bəndi rədd edərək bildirir ki, Qarabağda Ermənistan Silahlı Qüvvələri olmayıb.

[7] Sentyabrın 23-də Azərbaycan Qarabağ ermənilərinə 24 ton benzin, 40 ton dizel yanacağı göndərdi.

[8] Həmin ərazinin yaxınlığında sentyabrın 23-ü “REAL TV” çəkiliş aparmışdı.

[9] Bu tank 1992-ci ildə Şuşa işğal olunanda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurulmuşdu.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı

Qaraca, B. (2014, Dekabr 28). Xankəndinin işğalı Kərkicahandan başladı. Azərbaycan, p. 7.

Süleymanov, M., & Ələkbərova, S. (2024). Azərbaycanın suverenliyinin təmin edilməsi üçün həyata keçirilən lokal xarakterli antiterror tədbirləri. Hərbi Bilik, 1, 53–64.