Ermənistan xarici siyasətinin cari məqsədləri və iki Bakı

Ermənistan xarici siyasətinin cari məqsədləri və iki Bakı

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Ermənistan xarici siyasətində ciddi dəyişikliklər baş verdi və son 3 ildə, xüsusilə sentyabr əməliyyatı ilə Bakının Qarabağ üzərində suverənliyini tam bərpa etməsinin ardınca və Azərbaycanın guya Ermənistan ərazisinə hücum edəcəyi ilə bağlı şayiələr fonunda İrəvan xarici siyasi vektorunda  diversifikasiya ilə daha aktiv məşğul olmağa başladı. Qeyd etmək lazımdır ki, hazırda İrəvandakı hökumətin qarşısında duran bir neçə əsas məsələlər var ki, onları məntiqi ardıcıllığına və bir-biri ilə əlaqəsinə görə aşağıdakı şəkildə kateqoriyalaşdırmaq olar:

       • Azərbaycanla sülhün bərqərar olunması;

       • Türkiyə ilə münasibətlərin normallaşması;

       • Qərb insitutlarına doğru hərəkət və onlarla inteqrasiya;

       • Rusiya asılılığının azaldılması və mümkünsə tamamən ləğv edilməsi.

Qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyi üçün prioritet məqsəd məhz Rusiyanın siyasi və hərbi asılılığından xilas olmaqdır ki, digər qeyd olunan məqsədlər də bu son məqsədə xidmət edir. Məhz Rusiyanı Qərb insitutları ilə əvəz etməyə çalışan İrəvanda bir çoxları anlayır ki, onun Qərbə gedən əsas yolu Türkiyədən keçir. (Doğrudur, hazırda Qərb insitutları Cənubi Qafqaz siyasətində Ermənistanı Gürcüstan ilə birlikdə özünə yaxınlaşdırmağa çalışır və yəqin ki bu ssenari ilə daha aktiv işlər aparılacaq.) Nəzərə almaq lazımdır ki, Ermənistanın Qərbə doğru hərəkəti onun Türkiyə ilə münasibətləri normallaşmadan ya baş verməyəcək, ya da tam olmayacaq. Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması isə ilk növbədə Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasından və sülh müqaviləsinin imzalanmasından keçir.

Vaxtilə Ermənistan-Türkiyə normallaşmasını özündə ehtiva edən futbol diplomatiyası və Sürix protokollarının Qərb institutlarının təzyiqi ilə baş verdiyini xatırlayanlar eyni zamanda prosesin niyə dayandığını da yaxşı bilirlər. Ermənistan-Türkiyə normallaşması prosesində də Ermənistan-Türkiyə normallaşması prosesində Ankara erməni diplomatlara və ekspertlərə ilk növbədə Bakını istiqamət kimi göstərir. Ötən ilin noyabrında bir erməni ekspertin bu yazının müəllifinə “Biz Ermənistanda elə düşünürdük ki, Ankara və Bakı ilə həmsərhədik, amma indi görürük ki, iki Bakı ilə əhatə olunmuşuq” şikayəti və ya elə mart ayında erməni kanalına müsahibə vermiş polyak mütəxəssis Voytsex Quretskinin “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının açarı İlham Əliyevin cibindədir” sitatı təsadüfi hesab olunmamalıdır.

Bu bir tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra regional məsələlərdə, o cümlədən Ermənistana münasibətdə Azərbaycan-Türkiyə tandeminin əhəmiyyəti artmasından xəbər verir. Digər tərəfdən, geosiyasi sivilizasiyaların kəsişməsində yerləşən Türkiyə üçün özünə qonşu olan başqa regionlarda – Yaxın Şərq, Şərqi Aralıq dənizi, Qara dəniz, Şimali Afrikada baş verən proseslər daha prioritet əhəmiyyət daşıyıdığından, bir qərbli eksperin qapalı görüşlərin birində izah etdiyi kimi, sanki Ankara Qafqazı, xüsusilə Ermənistan ilə münasibətləri Azərbaycana autsorsinq edib.

Hazırda Rusiyanın diqqətinin Ukraynaya yönəlməsini özü üçün fürsət pəncərəsi kimi görən Ermənistan rəhbərliyi məhz bu vəziyyətdən istifadə edərək, mümkün qədər yuxarıda qeyd olunmuş 3 əsas məqsədə nail olmaq və bu fürsət pəncərəsi bağlanana kimi müəyyən dividendlər əldə etmək niyyətindədir. Çünki İrəvanda və bəzi Qərb siyasi dairələrində Ermənistanın onsuz da çox böyük zamanının olmadığı qənaətindədirlər. Bu il və ya gələn il Ukrayna cəbhəsində vəziyyətin pis-yaxşı stabilləşməsi və atəşkəsin əldə olunması ilə Rusiyanın yenidən Cənubi Qafqaz və Mərkəzi Asiya kimi ölkələrə "geri dönəcəyinin" proqnozlaşdırılması fonunda İrəvanın maksimum bir il vaxtının olduğu deyilir. Əgər bu proqnozlar doğrulsa, keçmiş post-sovet məkanında daha aqressiv Kreml siyasətinin şahidi ola bilərik.

Məhz bu səbəbdən, hazırda Ermənistan tərəfi növbəti bir il ərzində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində çalışacaq. Çünki başqa bir erməni ekspertin qeyd etdiyi kimi, İrəvanın Ankara və Bakını bir-birindən ayıraraq hər biri ilə münasibətləri paralel şəkildə yoluna qoymaq strategiyası işləmədiyindən, yeni bir yol seçilə, Türkiyənin özündən belə Azərbaycan-Ermənistan normallaşması üçün bir faktor kimi istifadə edilə və ya Azərbaycan-Ermənistan-Türkiyə  münasibətləri bir üçbucaq kimi görülə bilər. Təsadüfi deyil ki, artıq bəzi qapalı görüşlərdə erməni tərəfinin hakimiyyətə yaxın ekspertləri İrəvanın vaxtı ilə özünü türk inteqrasiyası yolunda əsas maneə kimi görüb bunun üçün çalışdığı halda, bundan sonra başqa yol seçməsini və onsuz da böyüməkdə olan türk birliyi layihələrində öz yerini tapmağa çalışmasını vurğulayırlar. Burada ilk növbədə söhbət türk dövlətləri arasında Orta dəhliz kimi nəqliyyat xətlərində Ermənistanın bir nəqliyyat qovşağı kimi təmsil olunmasından söhbət gedir.

Maraqlıdır ki, bu kontekstdə Türkiyənin regionun təhlükəsizliyindəki rolu ilə bağlı da sanki yeni narrativ formalaşır. Xüsusilə təkcə İrəvanda deyil, həmçinin Ermənistanı Rusiyanın əlindən almaq üçün müəyyən resurslar xərcləyən, Ermənistana təkcə siyasi və geosiyasi deyil, həmçinin hərbi kömək verməyə çalışan Qərbdə də Ermənistanın təhlükəsizliyində Türkiyənin aparıcı rolu yaxşı başa düşülür. Təsadüfi deyil ki, yuxarıda adı çəkilmiş Quretski eyni müsahibədə Ermənistan üçün hazırda ən böyük təhlükəsizlik zəmanətçisi kimi, nə qədər paradoksal səslənsə də, məhz Türkiyəni gördüyünü qeyd etmişdi

Baş verən proseslər fonunda İrəvanın xarici siyasətdə geosiyasi və hərbi diversifikasiyaya üstünlük verməsi təkcə Türkiyə və türk birliyi ilə məhdudlaşmır. Ermənistan rəhbərliyi eyni zamanda vaxtilə Qarabağ münaqişəsinə görə aktiv olmadığı regionlarda və müstəvilərdə də öz mövcudluğunu artırmağa çalışır. Məsələn, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın onu 30 il ərzində diplomatik olaraq tanımaqdan imtina etmiş Səudiyyə Ərəbistanı ilə münasibətlərinin yarandığının şahidi oluruq. Maraqlıdır ki, Ermənistanın zamanında İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qoşulmağa cəhd etməsi və qarşısının Azərbaycan tərəfindən kəsildiyi iddia edilir. Odur ki, yaxın illərdə Ermənistan diplomatiyasının (yenidən) Yaxın Şərqdə və müsəlman dünyasında ikitərəfli və çoxtərəfli formatlarda aktivləşəcəyini proznoqlaşdırmaq olar.

Bütün bunların fonunda Ermənistan daxilində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması və gələcəkdə sərhədlərin açılmasına da münasibət birmənalı deyil. Ümumilikdə. əhalinin əksəriyyəti sözsüz ki, ölkənin təcrid vəziyyətindən çıxmağına tərəfdardır. Amma eyni zamanda nəzərə almaq lazımdır ki xüsusilə  İkinci Qarabağ müharibəsi bitdikdən sonra ilk dəfə olaraq Azərbaycan və Türkiyə ilə  sərhədlərin açılması məsələsi ortaya çıxan zaman erməni diskursunda "acarizasiya" termini dövriyyəyə buraxılmışdı. Bu termin Gürcüstanın Acarıstan vilayətini,  xüsusilə də onun paytaxtı Batumiyə istinad edərək, bölgədə Azərbaycan və türk biznesinin dominantlığını ehtiva edir. Başqa sözlə, Ermənistanda və ondan kənarda bəzi dairələrdə olan fobiyaya görə, əgər sərhədlər açılarsa, Azərbaycan və türk kapitalı və iş adamları miyas cəhətdən kiçik olan bu ölkəni iqtisadi cəhətdən özündən asılı hala sala bilər. Amma sərhdlərin və iqtisadi münasibətlərin açılmasına tərəfdar olan daha bir erməni ekspertin dediyi kimi, "biz Batumi, yoxsa Şuşa olmaq arasında seçim etməliyik. Və yəqin ki, Batumi olmaq Şuşa olmaqdan daha yaxşıdır.” 

Başqa sözlə, hazırda İrəvan hökumətinin apardığı siyasət, qarşısına qoyduğu xarici siyasi məqsədlər və nail olacaqları növbəti onilliklərdə həm Ermənistanın taleyinə təsir edəcək, həm də regionun ümumi geosiyasi mənzərəsini də müəyyənləşdirəcək faktorlardan olacaq. Yuxarıda qeyd olunmuş ardıcıl məqsədlərə çatmaq üçün Ermənistan üçün baza məsələ isə Azərbaycanla sülh yaratmaq və münasibətləri normallaşdırmaqdan ibarətdir.