Qarabağla bağlı erməni diskursunun təkamülü

Qarabağla bağlı erməni diskursunun təkamülü

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan bəyanatı münaqişə ilə bağlı erməni diskursunda əhəmiyyətli dəyişikliyi göstərir və 2019-cu ildən bu günə qədər Ermənistanın mövqeyində nəzərəçarpacaq transformasiyanın daha yaxından araşdırılmasına səbəb olur. İllərdir, xüsusən də 2020-ci ilə qədər bu mövqe qəti olaraq  Qarabağın erməni icmasının öz müqəddəratını təyin etməsini, “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini və sonradan Ermənistana birləşməsini müdafiə edirdi.

Ermənistanın məxməri inqilabdan sonrakı ritorikası kifayət qədər yeni və eyni zamanda mübahisəli səslənirdi: sələflərinin prinsiplərinə əks getməyə çalışan Paşinyan Qarabağ məsələsinə həm Ermənistanın, həm də Azərbaycanın maraqlarına uyğun “ədalətli” həllini  təklif edirdi; lakin onun anlayışında erməni tərəfi iki hissədən ibarət idi: Ermənistan və Qarabağ. Beləliklə, o, Dağlıq Qarabağın da ayrıca tərəf kimi danışıqlara daxil edilməsini təkid edirdi. Bu yanaşma, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayan rəsmi Bakının mövqeyi ilə ziddiyət təşkil edirdi və yaradılmış formatı yeniləmək istəməyən vasitəçi dövlətlər tərəfindən də etirazla qarşılanırdı.

Eyni zamanda, Paşinyan millətçi fraksiyanı sakitləşdirmək və onun dəstəyini qazanmaq cəhdi ilə özünün “konstruktiv” yanaşmasını tədricən irredentist ritorikaya çevirdi və bu, 2019-cu ilin avqustunda öz kulminasiya nöqtəsinə çatdı. O, “Artsax Ermənistandır, vəssalam” deyərək, Ermənistan və Qarabağın  birləşməsinə çağırış etdi. Əvvəlki barışıq yanaşmasından uzaqlaşan bu addım - Ermənistanın Qarabağa dair iddia irəli sürməsi və millətçi-irrednetist əhval-ruhiyyədən faydalanması, Paşinyanın diskursunda önəmli bir keçid oldu.  2020-ci ilin mayında Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası”nın liderinin “inaqurasiya” mərasimi keçirilərkən təxribat xarakterli hərəkətlər gərginliyi daha da artırdı. Bu addım uzun sürən işğaldan və durğun danışıqlardan onsuz da bezmiş  Azərbaycanlılar arasında məyusluğu dərinləşdirən, məqsədyönlü təxribat kimi qəbul edildi.

Qarabağla bağlı bu mövqe 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra dönüş nöqtəsi kimi böyük transformasiyaya uğradı və Ermənistanın yanaşmasını yenidən qiymətləndirməsinə səbəb oldu. Sonrakı ərazi dəyişiklikləri müstəqil Dağlıq Qarabağ məqsədini qoruyub saxlamağı getdikcə çətinləşdirdi. Ətraf  rayonların Azərbaycana qaytarılması ilə “Dağlıq Qarabağ Respublikası”nın fiziki və maddi-texniki dayanıqlığı əhəmiyyətli dərəcədə pozuldu. Qarabağı Ermənistanla birləşdirən quru yolları kəsildi, bölgə coğrafi cəhətdən daha da təcrid olundu. Bu kontekstdə əvvəllər vahid olan proses iki yola ayrıldı: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qarabağ məsələsi. Sonuncuya təsirinin zəifləməsi ilə Ermənistan Qarabağ çərçivəsindən çıxmağa başladı. Bu geosiyasi dəyişiklik erməni diskursuna da təsir etdi və 2022-ci ilin aprelində Paşinyan tarixi parlament çıxışında Qarabağın taleyi ilə bağlı “tələblərin azadılması”nı elan edərək, Azərbaycanla sülh sazişinin imzalanması təklifini irəli sürərək daha praqmatik mövqe nümayiş  etdirməsi ilə yekunlaşdı. Bu təklif Ermənistanın Bakının normallaşma paketinin əsas prinsipi olan Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində atdığı addımdan xəbər verirdi.

Ermənistanda hələ də ərazi iddialarını vurğulayan və bütün itirilmiş ərazilər üzərində nəzarəti bərpa etmək istəyində inadkarlıq göstərən  bəzi qrupların diskursu, əsasən də erməni əhalisi arasında üstünlük təşkil edən əhval-ruhiyyə əhəmiyyətli dərəcədə dəyişib. Ruhdan düşmüş və müharibə yorğunluğunu yaşayan səssiz çoxluq 2020-ci il müharibəsində məğlub olmasına baxmayaraq, 2021-ci ilin yayında Paşinyanı yenidən seçərək, ona Azərbaycanla (və Türkiyə ilə) normallaşma siyasəti aparmaq öhdəliyi verdi.

Danışıqların təkamülü 2022-ci il ərzində, xüsusən də Brüsselin vasitəçiliyi ilə keçirilən sülh danışıqları çərçivəsində davam etdi. 2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan BMT Nizamnaməsində və 1991-ci il Almatı Bəyannaməsində təsbit olunmuş prinsiplərə sadiq olduqlarını bəyan etdilər. Bəyanatda hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını təsdiqlədi. Bu, tarixi iddiaları və ya birtərəfli tələbləri ciddi şəkildə vurğulayan əvvəlki müzakirələrdən  uzaqlaşmanı göstərirdi.

Paşinyanın 2023-cü ilin aprelində Milli Assambleyaya növbəti müraciəti bu təkamülün son mərhələsini nümayiş etdirdi. Beynəlxalq təzyiqləri dərk edən Paşinyan Ermənistanın iddialarına düzəliş etməyin və daxili gözləntilərlə beynəlxalq reallıqlar arasında tarazlığın yaradılmasının zəruriliyini etiraf etdi. Bu real-politik yanaşma Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sabitliyinə üstünlük verərək münaqişənin mürəkkəbliyinə uyğunlaşmaq və iştirak etmək istəyini əks etdirirdi.

Bununla belə, Bakı 1991-ci ildə müstəqilliyini elan edərkən Dağlıq Qarabağ üzərində de-fakto suverenliyə malik olmamasını işarət edən ermənilərin “Qarabağsız Azərbaycanın ərazi bütövlüyü” ilə bağlı iddialarını bilən Azərbaycana sadəcə “ərazi bütövlüyünün və suverenliyinin tanınması” bəyanatı kifayət qədər inandırıcı gəlmirdi.

Bu yaxınlarda Azərbaycan tərəfinin təzyiqi ilə Ermənistan ilk dəfə olaraq Azərbaycan və Ermənistanın ərazilərinin müvafiq olaraq 86.000 və 29.800 kv. km olduqlarına istinad etdi. Lakin bu rəqəmlər belə erməni diskursunda olan qeyri-müəyyənliyini tam aradan qaldıra bilmədi: Bakı İrəvanın ərazi iddialarından geri çəkilməsini rəsmiləşdirmək üçün Paşinyanın bədnam “Qarabağ Ermənistandır” çıxışına əks şüar olan “Qarabağ Azərbaycandır” ifadəsini eşitmək istəyirdi. Ardınca mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında Paşinyan çoxdan gözlənilən bu açıqlamanı verdi. O, Bakının regionun etnik erməni əhalisinin təhlükəsizliyinə və rifahına möhkəm təminat verməsi şərti ilə Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bildirdi. Paşinyan vurğuladı ki, Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi Qarabağı əhatə edir.

Qeyd etmək vacibdir ki, bu dəyişiklik problemsiz olmayıb, çünki bu, Ermənistan əhalisinin, xüsusən də Qarabağdakı əhalinin əhəmiyyətli hissəsinin fərqli gözləntiləri ilə zidd idi. “Dağlıq Qarabağ Respublikası”nın lideri Arayik Arutyunyanın Qarabağın suverenliyi və “öz müqəddəratını təyinetmə hüququ” iddiası ilə Paşinyanın bəyanatına kəskin etiraz etməsi də Ermənistan siyasi dairələrində gözləntilərin və perspektivlərin fərqli olduğunu göstərir. Üstəlik, erməni elitasının bəzi bəyanatlarında Dağlıq Qarabağı ayrıca bir vahid kimi saxlamaq cəhdində zaman-zaman bərpaedici separatizm prinsipinə ümidsiz istinad edilir.

Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmin yaradılmasına çağırışların ara-sıra təkrarlanması erməni siyasi dairələrinin ya geri dönməz prosesin qarşısını almaq (Azərbaycanın Qarabağ üzərində suverenliyi) və yaxud da Bakıdan bir sıra güzəştlər əldə etmək cəhdidir.

Vaxt keçdikcə 2019-cu ildə birləşməyə dair ilkin çağırışlar daha praqmatik və real siyasi yanaşmaya çevrildi, bu da Ermənistanın düşdüyü çətin vəziyyəti əks etdirir. Bu mürəkkəb və çətin mənzərədə Paşinyanın diskursunda dəyişikliklər, Azərbaycanın ərazi bütövlüyünü tanıması və əməkdaşlıq tonuna keçməsi onun dəyişən vəziyyəti daha nüanslı başa düşməsini əks etdirir.  Öz növbəsində, Ermənistan rəhbərliyi və cəmiyyəti arasındakı ziddiyyət beynəlxalq münasibətlərin praqmatik mülahizələrini dərin kök salmış dogma və inanclarla uzlaşdırmaq kimi çətin vəzifəni əks etdirir. Ermənistan hökuməti bu fərqli gözləntilər ilə reallıqların mürəkkəbliyi arasında tarazlıq yaradan yolla getməli olacaq.