Topçubaşov Mərkəzi və GEOPOL21 təşkilatlarının birgə hesabatı Madriddə təqdim olunub

Topçubaşov Mərkəzi və GEOPOL21 təşkilatlarının birgə hesabatı Madriddə təqdim olunub

Mayın 4-də GEOPOL 21 (İspaniya) və Topçubaşov Mərkəzi (Azərbaycan) təşkilatları “Cənubi Qafqaz: qlobal, geosiyasi və təhlükəsizlik baxımından əhəmiyyəti” (ing. “South Caucasus: Global, geopolitical and security significance”, ispanca “Cáucaso Sur. Importancia global, geopolítica y de seguridad”) adlı birgə hesabatın ikinci təqdimatını keçirmişlər.

İspaniya paytaxtının mərkəzində “Real Casino de Madrid”də baş tutmuş tədbirdə Cənubi Qafqazda tarixi, mədəni, dini, iqtisadi, enerji, təhlükəsizlik və müdafiə məsələləri, eləcə də İspaniyanın üç regional ölkə ilə ilə əlaqələrinə dair 100 səhifəlik hesabat təqdim olunub.

Səksəndən çox qonağın iştirak etdiyi və “Yutub” platformasında canlı yayımlanan tədbiri “Real Casino de Madrid”in vitse-prezidenti Dr. Xose Manuel Qonsales Moreno açmış, onun salamlama nitqindən sonra Luis Valer del Portilyo (“Geopol21”-in təsisçisi və direktoru), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin direktoru), Fransisko Olmos (“Geopol21”in baş tədqiqatçısı), Murad Muradov (Topçubaşov Mərkəzinin direktor müavini), Simona Scotti (Topçubaşov Mərkəzinin tədqiqatçısı) və Rikardo Qomes Laorqa (“Geopol21”in həmdirektoru) çıxış etmiş, həm hesabat, həm də Cənubi Qafqaz barəsində məlumat vermişlər.

Təqdimat 30 dəqiqəlik sual-cavab sessiyası ilə davam etmiş, auditoriya maraqlı mövzular və suallar qaldırmışdır.

Həm ingilis, həm də ispan dillərində hazırlanan hesabat ilk bu cür material olub ispandilli ölkələrin ekspert icması və geniş ictimaiyyəti arasında region haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

Layihə İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən də dəstəklənib.