Rusiyanın köhnə yeni Əfqanıstan problemi

Rusiyanın köhnə yeni Əfqanıstan problemi

 

Əfqanıstanda hakimiyyətin Taliban hərəkatı tərəfindən ələ keçirilməsi Rusiya üçün ciddi dilemma yaradır. Bir tərəfdən Rusiya Talibanı terror hərəkatı kimi tanıyır və tarixən Moskvanın bu qruplaşma ilə münasibətləri çox mürəkkəb olmuşdur.

Belə ki, Taliban 2000-ci ilin yanvar ayında İçkeriyanın müstəqilliyini tanımış, Kabildə Çeçen səfirliyinin açılmasına icazə vermiş, fevral ayında isə müsəlman dünyasına müraciət edərək, Rusiyanın Çeçenistanda antiterror əməliyyatına son qoymağa məcbur edilməsi üçün müqəddəs müharibə elan etməyə çağırmışdı. Öz növbəsində, Rusiyanın Xarici İşlər naziri İqor İvanov 2000-ci ilin mart ayında Əfqanıstandakı çeçen döyüşçülərin düşərgələrinə zərbələr endirməyə hazır olduqlarını bildirmişdi. Buna cavab olaraq taliblər Rusiyanın Əfqanıstan ərazisində hər hansı hərbi əməliyyatlarına görə Özbəkistan və Tacikistanın zərbə alacaqları barədə xəbərdarlıq etmişdilər.

Digər tərəfdən, Rusiya Əfqanıstandakı yeni reallıqla barışmaq və mövcud vəziyyətə uyğun davranmaq məcburiyyətindədir. Bu isə özündə Talibanla praqmatik münasibətlər qurmağı ehtiva edir. Baş verən proseslərinin məntiqi nəticəsi kimi Əfqanıstanın tezliklə kəskin iqtisadi və maliyyə problemləri ilə üzləşəcəyini nəzərə alsaq Taliban 2.0 üçün beynəlxalq aləmdə legitim hökumət kimi tanınmaq prioritet məsələlərdən biridir. Bu çərçivədə, Taliban hərəkatı başa düşür ki, Rusiya kimi böyük güclərlə konstruktiv münasibətlərin qurulması digər beynəlxalq aktorlar üçün də müsbət siqnal ola bilər. Moskva Taliban 2.0 hərəkatının daha rasional aktor olacağına ümid bəsləsə də, ümumi regional vəziyyətin Rusiyanın xeyrinə olmadığını hesab edir. 

Bütün kosmetik dəyişikliklərə baxmayaraq, Taliban möhkəm dini-ideoloji təməli olan radikal hərəkat olaraq qalır və bu rejimin öz Mərkəzi Asiya qonşularına necə təsir edəcəyini, Talibanın xarici siyasətinin, xüsusilə regional siyasətinin necə olacağını proqnozlaşdırmaq çətindir. Radikal ideologiyanın Rusiya və Mərkəzi Asiyaya mümkün ixracı çərçivəsində, Moskvanı narahat edən Talibandan  daha çox Əfqanıstandakı İŞİD kimi digər radikal qruplaşmalardır. Rusiya Talibanın Əfqanıstanda sabitliyi təmin edə biləcəyinə və ölkənin sərhədlərinə nəzarət etmə potensialının olmasına çox skeptik yanaşır. ABŞ Əfqanıstanda milyardlarla dollarlıq silah-sursat və hərbi texnika qoyaraq ölkədən çıxıb. Moskva yaxşı silahlanmış radikal qrupların Əfqanıstandan Mərkəzi Asiyaya sızacağından və həmin ölkələrdə daxili sabitliyini pozacağından ciddi şəkildə narahatdır. 

Bunun qarşısını almaq üçün Rusiya Mərkəzi Asiyada öz hərbi mövqelərini gücləndirsə də, Moskva bunun yetərli olmayacağını istisna etmir. Belə ki, azsaylı texnoloji peşəkar orduya keçməyə çalışan Rusiyanın hərbi resursları sonsuz deyil. Rusiya artıq Ukraynadan Ermənistana, Afrikadan Suriyaya qədər müxtəlif bölgələrdə öz mövqelərini qorumaq üçün ciddi hərbi resurs sərf edir. Bu siyahıya Mərkəzi Asiyanın da daxil olması Moskva üçün ciddi başağrısıdır. Böyük güclər arasında rəqabətin yenidən aktuallaşması çərçivəsində öz hərbi doktrinasını yeniləyən Rusiya üçün ölkədən kənarda terrorizmlə mübarizəyə əlavə hərbi resurs cəlb etmək ciddi problemdir. Xüsusilə ABŞ-ın öz hərbi potensialını daha çox Rusiya və Çinlə rəqabətə yönəltməsi fonunda Moskvanın öz hərbi resurslarını Suriyadan Mərkəzi Asiyaya qədər digər ölkələrin sərhədlərinin qorunmasına və terrorizmlə mübarizəyə sərf etməsi ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid kimi görülür.

Rusiyanı ənənəvi olaraq narahat edən digər bir məsələ narkotrafikdir. Artıq qeyd etmişdik ki, irəlidə Əfqanıstanı iqtisadi cəhətdən çox ağır günlər gözləyir. Əgər Taliban Əfqanıstanın legitim hökuməti kimi tanınmasa rejim üçün Əfqanıstanın xaricdəki aktivlərindən yararlanması mümkünsüz olacaq. Ciddi maliyyə problemləri ilə üzləşən Əfqanıstandan narkotrafikin artacağı şübhə doğurmur və bu da Rusiya üçün əlavə təhdid mənbəyidir.

Nəhayət, Rusiyanı narahat edən digər bir məsələ Əfqanıstanda Türkiyə və Pakistan amilləridir. Belə ki, Rusiya hökuməti daxilində Moskvanın hazırki Türkiyə siyasətindən narazı olan nüfuzlu qruplar var və onlar Türkiyənin ənənəvi olaraq Rusiyanın nüfuz dairəsi sayılan regionlarda güclənməsini böyük narahatçılıqla izləyirlər. Onlar Türkiyəni hazırda Rusiyaya ən böyük təhdidlərdən biri kimi görürlər və Ankaranın artan nüfuzuna və təsirinə qarşı Kremlin hərəkətsizliyinin çox mənfi nəticələrə gətirib çıxara biləcəyini düşünürlər. Rusiya hökuməti daxilində Türkiyəyə qarşı olan bu dairələr Ankaranın Əfqanıstanda möhkəmlənmə ehtimalını da məhz bu rakursdan nəzərdən keçirirlər. Rusiya üçün digər bir məsələ Pakistanla münasibətlərdir. Əfqanıstanın, Rusiyanın fikrincə, ABŞ tərəfindən Pakistanın kurasiyasına verilməsi Rusiya üçün növbəti bir dilemma yaradır. Belə ki, əgər Rusiya Əfqanıstanda müəyyən təsir imkanları qazanmaq istəyirsə İslamabadla əlaqələrini gücləndirmək məcburiyyətindədir. Bu isə regionda Rusiya üçün digər önəmli oyunçu olan Hindistanla münasibətləri müəyyən qədər qəlizləşdirə bilər. Bu münasibətlər həm Çinlə gərginliyə görə, həm də ABŞ-ın Hindistana artan marağına görə onsuz da ideal səviyyədə deyildi. Əfqanıstanda hakimiyyət dəyişikliyi ilə regionda formalaşan yeni reallıqda bu münasibətlər daha da zəifləyə bilər. 

Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, Əfqanıstanda Taliban hərəkatının hakimiyyətə qayıtması ilə formalaşan yeni regional reallıq Moskva üçün ciddi təhdidlər yaradır. Bu təhdidlərlə mübarizə yaxın gələcəkdə Kremlin xarici siyasətinin vacib elementlərindən birinə çevriləcək və Əfqanıstan problemi Rusiya hökumətinin onsuz da məhdud olan resurslarının önəmli hissəsini özünə çəkəcək.