Tovuz döyüşləri (2-ci hissə)

Tovuz döyüşləri (2-ci hissə)

Birinci hissəni buradan oxuya bilərsiniz. 

Döyüşlərin daxili təsiri

İyulun 14-də general-mayor Polad Həşimovun həlak olması əhalidə dərin qəzəb yaratdı. Karantin rejimi olmasına baxmayaraq axşam saatlarında Bakıda, eləcə də Abşeron yarımadasının müxtəlif yerlərində minlərlə əhali küçələrə çıxdı. Xüsusilə Bakıda parlament binasına doğru yürüş edən insanların sayı 50 minə çatırdı. Kütlə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə”“Ən böyük əsgər, bizim əsgər”, “Qarabağ”, “Nəcməddin istefa” şüarları səsləndirərək Milli Məclis binasının qarşısında toplandı. Polisin müdaxilə etmədiyi yürüş bir neçə saatdan sonra nəzarətdən çıxdı. Yürüş iştirakçıların bir qismi Milli Məclisin binasına daxil olaraq oradakı inventarları məhv etməyə başladı.[1] Digər qrup isə polis əməkdaşlarına daş və digər əşyalarla hücum etdi. “Fairmont Hotel”in qarşısında bir neçə şəxs polis maşınını aşırdı. Qarşıdurmalarda 7 polis əməkdaşı yaralandı. Əraziyə gətirilən çevik polis alayı parlamentə girmiş etirazçıları qısa müddətdə oradan çıxarda bildi. Meydanın mərkəzindəki etirazçılar isə su şırnaqları vasitəsilə ərazidən uzaqlaşdırıldı. Həmin gün keçirilən əməliyyat zamanı onlarla şəxs polis tərəfindən saxlanıldı. Növbəti gün aksiya zamanı baş vermiş insident faktı üzrə cinayət işi başlandı.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Milli Məclisin önündə keçirilən aksiyaya münasibət bildirdi: “Dünən bir qrup vətənpərvər insan Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlar ermənilərdədir”.

Prezident Əliyev müharibə istəyən gənclərə də müraciət etdi: “Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik.” Prezidentin bu çıxışından 1 gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 4 minə qədər gəncin hərbi qeydiyyata alındığını bildirdi. Cəbhəyə könüllü getmək üçün müraciət edən və qeydiyyata alınanlar arasında qızlar da vardı. İyulun 17-də hərbi qeydiyyata alınanların sayı 23500-ə, iyulun 19-da 38000-ə, iyulun 20-də 46000-ə, iyulun 21-də isə 50500-ə yaxınlaşdı.

İyulun 21-də Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bununla bağlı açıqlama verdi: “Mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı vətəni qorumaq üçün müraciət edib. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”. Beynəlxalq Böhran Qrupu ekspertlərinin fikrincə, məhz bu amil Prezident İlham Əliyevi Qarabağda genişmiqyaslı əməliyyatlara başlatma qərarına təkan verdi.


Münaqişəyə beynəlxalq baxış

Münaqişənin başlanmasından sonra Azərbaycana rəsmi dəstəyini bildirən ilk dövlət Türkiyə oldu. Türkiyə XİN-in rəsmi açıqlamasında deyilirdi: “Erməni silahlı dəstələrinin Azərbaycanın Tovuz rayonunda həyata keçirdiyi hücumu qətiyyətlə pisləyirik. Həyatlarını itirən Azərbaycan şəhidlərinə görə dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.” Döyüşlərin başlanmasından qısa müddət sonra Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycana real hərbi və siyasi dəstək verəcəklərini bildirdi.

GUAM-ın Baş Katibliyi iyulun 13-də rəsmi açıqlama verərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində hücumlarını pislədi. Həmin gün Ukrayna Xarici İşlər Nazirliyi də rəsmi açıqlama verdi: “Biz münaqişə tərəflərini vəziyyətin deeskalasiyası üçün hər cür səy göstərməyə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 10 saylı qətnamələri əsasında münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırırıq. Ukrayna tərəfi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi nizamlanmasının tərəfdarıdır.” Ukraynanın bu açıqlaması Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılandı. İyulun 14-də Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ermənistan Xarici İşlər Nazirliyinə dəvət olundu. Kiyevin Bakıya dəstəyindən hiddətlənən bir qrup etirazçı növbəti gün Ukraynanın İrəvandakı səfirliyinə borş tökərək öz narazılıqlarını ifadə etdilər.

İyulun 14-də Pakistan Xarici İşlər Nazirliyi Tovuz döyüşlərinə rəsmi münasibət bildirdi: “Pakistan İslam Respublikası Ermənistan bölmələrinin Tovuz rayonuna hücumunu kəskin şəkildə pisləyir. Son təxribat xarakterli hərəkət Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit olunmuş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün davam edən danışıqlar prosesini ləngitmək cəhdinin təzahürüdür. Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini təsdiq edir və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edir.”

Tovuz döyüşlərində Azərbaycana dəstək olan təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) oldu. Qurumun 14 iyul tarixli açıqlamasında qeyd edilir: “İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonuna hücumunu kəskin şəkildə pisləyir. İƏT-in Baş Katibi Yusif Əl-Useymin həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.” Azərbaycana bu münaqişədə dəstək verən ən böyük təşkilat Qoşulmama Hərəkatı oldu.

Tovuz döyüşləri zamanı ayrı-ayrı şəxslər də Azərbaycan Ordusuna dəstək olduğunu bildirmişdi. Onlardan biri də İngiltərənin “Çelsi” futbol klubunun sabiq futbolçusu Maykl Esyen idi.

Ermənistana Tovuz döyüşlərində rəsmi dəstək verən yeganə dövlət isə Kipr Respublikası oldu. İyulun 14-də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Kiprin xarici işlər naziri Nikos Xristodulides arasındakı telefon danışığı zamanı yunan nazir Azərbaycanın atəşkəs rejimini pozmasını pislədi. Maraqlı nüans odur ki, Kipr XİN-in rəsmi məlumatında atəşkəs rejiminin pozulması pislənilsə də, Ermənistan Xarici İşlər Nazirliyinin saytında bu ifadə Azərbaycanın Ermənistana “təcavüzü” formasında dəyişdirilmişdi.

Ermənistanı bu münaqişədə regional parlamentlər və ayrı-ayrı deputatlar dəstəklədi. ABŞ Nümayəndələr Palatasının üzvləri Con Koks, Bred Şerman, Frenk Pellon, Adam Şiff və senator Eduard Marki Tovuz döyüşlərinin məsuliyyətini Azərbaycanın üzərinə qoydu və Ermənistanı dəstəklədiklərini açıqladı. Nyu-Cersi ştatından olan senatorlar – Bob MenendesKori Buker ABŞ hökumətini Azərbaycana hərbi embarqo tətbiq etməyə çağırdı. Nümayəndələr Palatasının üzvü Ceki Şpeyer ABŞ-ın Ermənistan və Azərbaycana hərbi yardımında paritetlə dəyişikliyi ilə bağlı 330 nömrəli düzəlişi, Bred Şerman isə Azərbaycana faktiki hərbi embarqonu ehtiva edən 66 nömrəli düzəlişi konqressin gündəliyinə çıxardı. Lakin erməni lobbisinin dəstəyi ilə təqdim edilən bu layihə ABŞ Konqressi üzvləri tərəfindən rədd edildi.

Bu kimi fəaliyyət erməni lobbisinin güclü olduğu Avstraliyada da həyata keçirildi. Avstraliya Nümayəndələr Palatasının üzvləri Tim Uilson, Joel Fitzgibbon, Trent Zimmerman, Ceyson Falinski, Yeni-Cənubi Uels ştatının senatoru Kristina Kenealli, Yeni Cənubi Uels Qanunvericilik Assambleyasının üzvü Conatan Odi, Yeni Cənubi Uels Qanunvericilik Şurasının üzvü Uolt Sekord Azərbaycanı Ermənistan ərazisinə təcavüzdə günahlandırdı. Yeni Cənubi Uels Qanunvericilik Assambleyasının üzvü Hyu Makdermott yerli parlamentdə çıxışında Avstraliya federal hökumətini Azərbaycanı qınamağa çağırdı. Bu dövrdə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması üçün aparılan təbliğat kampaniyasına imza atanlar arasında Avstraliyanın ABŞ-dakı səfiri olmuş Co Hoki də var idi.

Öz ermənipərəst çıxışları ilə tanınan Böyük Britaniya Lordlar Palatasının üzvü Kerolayn Koks iyulun 15-də verdiyi açıqlamada münaqişədə Azərbaycanı günahlandırdı: “Azərbaycanın Ermənistana qarşı son hərbi təcavüzü dərin narahatlıq doğurur. Tarixi erməni anklavında Azərbaycanın etnik təmizləmə aparmağa çalışdığı müharibə unudulmamalı və təkrarlanmamalıdır. Dağlıq Qarabağ Şərqi Timor, Eritreya və Kosovo kimi beynəlxalq səviyyədə tanınmağa layiqdir. Lakin Azərbaycanın barışmaz müqaviməti nəticəsində buna nail olunmayıb. Azərbaycan uzun müddətdir ki, Ermənistanı işğal ilə hədələyir və beynəlxalq ictimaiyyət növbəti müharibənin baş verməməsi üçün əlindən gələni etməlidir”.

Tovuz döyüşləri zamanı dünyanın aparıcı dövlətləri neytrallığını qoruyub saxladı. Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, İran, Gürcüstan və Yaponiya kimi dövlətlər hərbi münaqişə ilə bağlı narahatlıqlarını ifadə etdilər.


Diplomatik böhran

Tovuz döyüşləri hökumətin daxilində də müəyyən böhran yaratdı. Xüsusilə Xarici İşlər Nazirliyinin passiv fəaliyyəti Prezident İlham Əliyevin nəzərindən qaçmadı. O, 15 iyulda verdiyi açıqlamada xarici işlər naziri Elmar Məmmədyarovu açıq şəkildə tənqid etdi. 1 gün sonra Elmar Məmmədyarov vəzifəsindən azad edildi. Onun yerinə isə Təhsil naziri vəzifəsindən azad olunan Ceyhun Bayramov təyin olundu. Bayramovun nazir təyin olunmasından sonra Prezident İlham Əliyev ölkə diplomatiyasının yeni xəttini açıqladı: “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər.” Prezidentin bu iradları güman ki son dövrdə Azərbaycan ilə Serbiya, İordaniya və Gürcüstanla yaranan problemlərdən qaynaqlanırdı.

İordaniyanın Ermənistana silah satması xəbərləri hələ 2020-ci ilin fevralından etibarən mətbuata sızmışdı.[2] “Bi-Bi-Si” (BBC) əməkdaşı Qriqor Atanesyan “Ceyns Defens Uikli”yə (Jane's Defense Weekly) istinadən verdiyi xəbərdə İordaniyanın Ermənistana 35 ədəd “OSA-AK” zenit-raket kompleksi satdığını bildirmişdi. Bu məsələ Azərbaycan mətbuatında Tovuz döyüşlərindən sonra işıqlandırıldı. İlk olaraq Eynulla Fətullayev İordaniyanın Ermənistana silah satması haqqında faktların olduğunu açıqladı. Bu xəbərə Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun üzvü, deputat Fazil Mustafa “Feysbuk” hesabında belə reaksiya verdi: “Jurnalist Eynulla Fətullayevə əhsən! Ermənistana yardım edən ölkələr barədə bilgiləri ciddi jurnalist araşdırmalarından sonra ictimaiyyətə təqdim edir. Ən azı dostumuzu və düşmənimizi tanıyırıq. İndi də “haqqın.az” saytında yer alan araşdırma yazısına görə işğalçı Ermənistana silah-sursat yardımı edən ölkələrdən biri də İordaniyadır. Bu da bizim müsəlman dövləti. İrandan və Fələstindən sonra müsəlman qənimi olan işğalçı dövlətə açıq yardım göstərən üçüncü İslam Əməkdaşlıq Təşkilatının üzvü. Əgər bu fakt sübuta yetirilsə, illərdir üzvü olduğum Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən istefa verəcəyəm. Mən bütün ibadətlərini yerinə yetirən inanclı bir müsəlmanam, əgər kimsə qardaşım dediyi müsəlmanı öldürmək üçün onun düşməninə silah verirsə, yardım edirsə, ora maşınlarla ərzaq və yanacaq daşıyırsa, mənim üçün ermənidən daha təhlükəli düşməndir.”

27 iyul tarixində bu məsələ ilə bağlı İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Xarici İşlər Nazirliyinə çağırıldı. Azərbaycan XİN başçısının müavini Araz Əzimov ilə səfir arasında keçirilən görüşdə İordaniya tərəfinin Ermənistana silah satması məsələsi müzakirə edildi. Bu görüşdən 1 gün sonra Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev İordaniya Xarici İşlər Nazirliyinə çağırıldı. Nazirlik rəsmi açıqlamasında Əzimovun İordaniya səfirini nazirliyə çağırmasına təəccübləndiklərini qeyd etdi və silah satışı ilə bağlı bütün iddiaları rədd etdi. Lakin Ermənistan rəhbərliyi rəsmi olaraq İordaniyadan silah aldıqlarını etiraf etdi. “Haykakan Jamanak” qəzetində Ermənistan MN-dəki yüksək rütbəli hərbçilərinə istinadən yazılan məqalədə müqavilənin detalları ilə bağlı məlumat verildi: “İordaniya “OSA-AKM” kompleksini bir sıra silahlarla birlikdə satışa çıxarıb. Zenit-raket kompleksindən başqa paketdə bir neçə “PDM-2” mövcud idi. Satış 2017-ci il noyabrın 2-də tender proseduruna əsasən həyata keçirilib. Bu tenderdə silahları erməni biznesmen David Qalstyana təklif edən Bolqarıstan şirkəti qalib gəlib. Bolqarıstan şirkətindən alınan “OSA-AKM” 6 aya yaxın müddətdə müvafiq mütəxəssislər tərəfindən təyyarələrə yüklənəcək vəziyyətə gətirilmişdir. Bu komplekslərin Ermənistana daşınması üçün 10 yük təyyarəsindən istifadə edilib və bunun üçün 4,5 milyon ABŞ dolları ödənilib. Ermənistana gətirilən komplekslər əsaslı təmir edilib və təkmilləşdirilib.” “İnfoport.am” portalının məlumatına görə, ümumi müqavilənin qiyməti 27-28 milyon ABŞ dolları təşkil etmişdi.

Tovuz döyüşləri zamanı ikinci diplomatik böhran Serbiya və Gürcüstanla yaşandı. 19 iyulda “haqqın.az” saytında Serbiyanın Gürcüstan vasitəsi ilə Ermənistana minaatan göndərməsi haqqında məlumat yayımlandı. Bu xəbərdən bir gün sonra Serbiyanın müvəqqəti işlər vəkili Danitsa Veynoviç Azərbaycan XİN-ə çağırıldı. Azərbaycan XİN başçısı müavini Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana böyük həcmdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirdi. İyulun 21-də Serbiya tərəfi Ermənistana silah satışının həyata keçirildiyini etiraf etdi. Serbiya ticarət və kommunikasiya naziri Rasim Lyaiç yerli mətbuata verdiyi açıqlamada bunları qeyd etdi: “2020-ci ilin may və iyun aylarında Serbiyadan Ermənistana silah ixracına dair iki saziş təsdiqlənib. Bunlar avtomatlar və digər kiçik çaplı döyüş sursatları olub. 2020-ci ildə silah ixracının dəyəri bir milyon avrodan azdır və hökumət ixraca müsbət rəy verib. Azərbaycanın bəhs etdiyi minaatanlar isə ola bilsin ki, 2015-ci ildə Ermənistana ixrac edilib. Ermənistan BMT, ATƏT, Aİ və ya hər hansı digər təşkilatın və ya hər hansı ölkənin sanksiyaları altında olmadığına görə bu məsələdə Serbiya tərəfindən formal və hüquqi baxımdan heç bir qanun pozuntusu və ya səhvi yoxdur.”

Lakin bu addım Serbiya müxalifəti tərəfindən tənqidlə qarşılandı. Serbiyanın eks Prezidenti Boris Tadiç bu silah satışının ölkənin etibarına böyük zərbə olduğunu bildirdi: “Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bu məsələyə görə bizim Azərbaycanla münasibətlərimiz tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti olaraq mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram.”

Serbiyanın silah satışı ilə bağlı etirafına baxmayaraq Gürcüstan bu silahların öz ərazisindən Ermənistana buraxılmasını israrla təkzib etdi. Hətta Gürcüstan Xarici İşlər Nazirliyi “haqqın.az” saytının araşdırmasını “Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına” zərbə vurmaq məqsədi daşıyan “dezinformasiya” kimi pisləmişdi.

İyulun 29-da Serbiyadan Ermənistana göndərilən silahlarla bağlı təfərrüatlar ortaya çıxdı. Serbiyanın konservativ “NİN” qəzetinin araşdırmasına əsasən məşhur silah ticarətçisi Slobodan Tesiçin nəzarətində olan “Vektura Trans”, “Kruşik”, “Prva Petoletka”“Zastava Oruzye” zavodlarından Ermənistana 142.000 müxtəlif çaplı mina və 10 ədəd 122 millimetrlik “Qrad”, 3 ədəd 20 millimetrlik “M55A4” markalı zenit qurğusu ixrac edilib. Həmin müqavilələrin dəyəri ümumilikdə 5.864.364 avro təşkil edirdi. Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 1-də silah satışı ilə bağlı ilk açıqlamasında atılan addımı müdafiə etdi: “Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son illər biz Azərbaycana Ermənistandan 10 dəfə çox silah satmışıq, amma nədənsə bir dənə də olsun media bu barədə danışmaq istəmir. Hərbi sənaye sahəsində işləyən 17 min işçimiz var. Əgər hər ölkəyə silah satışına qadağa qoysaq gələcəkdə hansı ölkəyə müdafiə məhsullarımızı ixrac edəcəyik?” Lakin 1 həftə sonra Vuçiç bu addımın səhv olduğunu etiraf etdi. O, Prezident İlham Əliyevə zəng edərək onu Belqrada rəsmi səfərə dəvət etdi və “görüşü hazırlamaq üçün” Bakıya xüsusi nümayəndə göndərdi. Diplomatik uğursuzluğa görə avqustun 17-də Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov vəzifələrindən kənarlaşdırıldı.[3] Eldar Həsənov bu qərardan 4 gün əvvəl korrupsiya faktı ilə həbs edilmişdi. Yeni xarici işlər nazirinin təyinatından sonra Azərbaycanın həm Gürcüstan, həm də Serbiyaya diplomatik təzyiqi öz nəticəsini verdi. Serbiya İkinci Qarabağ müharibəsi zamanı hər iki tərəfə silah satmadığını rəsmi olaraq bildirdi.[4] Gürcüstan isə öz hava sahəsini bağladı və ərazisindən tranzit yolla hərbi yüklərin daşınmasına izn vermədi.


Döyüşlərin mülki qarşıdurmalarda rolu

Tovuz döyüşlərinin aktiv fazası bitdikdən sonra ölkə xaricində yaşayan azərbaycanlılar və ermənilər arasında qarşıdurmalar yaşanmağa başladı. İlk toqquşmalar Londonda başladı. Bu hadisədən 1 gün sonra Moskva bazarlarının birində Ermənistan istehsalı olan mallar daşıyan 50-ə yaxın yük maşını izolə olundu. Daha sonra bu obyektin Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarova məxsus “Sənin evin” ticarət mərkəzi olduğu ortaya çıxdı. Bir müddət sonra “Novaya Qazeta” qəzeti Kalujskoye şossesində yerləşən “Fud Siti” ticarət mərkəzinin Ermənistandan gətirilən şaftalı və naringi dolu malları almaması haqqında xəbər yayımladı. Həmin bazar “Kiyevskaya ploşad” holdinqinin rəhbəri olan Azərbaycan yəhudiləri Qod Nisanov və Zarah İliyevə məxsus idi. “Forbes” jurnalının ən varlı 100 şəxsi siyahısında olan bu şəxslər həmin addımı Tovuz döyüşləri ilə əlaqələndirdi. Ermənistandan gətirilən meyvələrə qoyulan satış qadağası Rusiyada yaşayan ermənilər arasında böyük etiraza səbəb oldu. Məhsulların məhv olmaması üçün mandarin və şaftalı olan yük maşınları Tula, Novosibirsk və digər Rusiya şəhərlərinə göndərildi və burada yaşayan ermənilər tərəfindən satın alındı.

Azərbaycanlılarla ermənilər arasında ən ciddi toqquşmalar ABŞ-da baş tutdu. Los-Ancelesdə yaşayan yüzlərlə erməni iyulun 21-də Azərbaycanın Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçirərək aqressiv şüarlar səsləndirdilər. Baş Konsulluğun yaxınlığında olan azərbaycanlıların “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünü durdurun!” və s. şüarlar səsləndirməsindən sonra erməni nümayişçilər azərbaycanlılara daş və digər digər əşyalarla hücuma keçdilər. Yerli polisin müdaxilə etdiyi hadisələr nəticəsində 7 Azərbaycan vətəndaşı, o cümlədən bir qadın xəsarət aldı. Dörd nəfərin xəsarəti ciddi olduğu üçün xəstəxanaya yerləşdirildi. İnsidentdən sonra Azərbaycanın baş konsulu Nəsimi Paşayev Los-Ancelesin polis rəisi Mişel Mur ilə əlaqə saxlayaraq günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb etdi. Hadisədən 1 gün sonra ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı.[5]

İyulun 23-də Belçikanın paytaxtı Brüsseldə toqquşmalar başladı. Buradakı toqquşmalarda 3 erməni 1 azərbaycanlıya hücum edərək ağır xəsarətlər yetirdi. Yaralanan Cahandar Zahidov hadisəni belə xatırlayırdı: “Bizə hücum səfirliyin önündəki parkda oldu. Əvvəlcə onlar 10, biz 4 nəfər idik. Hadisədən bir neçə dəqiqə əvvəl yaxın qohumum Tariyel Zahidovun maşınını yararsız hala salıb, bayrağımızı da yandırmışdılar. Bu hadisə bizə toxunmuşdu. Parkda 4 nəfərlə onlara cavab verirdik. Amma bir də gördük ki, 50-yə yaxın adam gəlir. Onların çəkiliş aparatları olduğu üçün qarşılarından qaçmadıq, çünki sabah azərbaycanlıların qorxudan qaçdığını yayacaqdılar. Təsəvvür edin ki, biz 4 nəfər, onlar 50. Adama 10 nəfər düşürdü. Bütün vəhşiliklərini çəkdilər”. Həmin kadrları Eduard Baqramyan adlı erməni öz teleqram kanalında yayımladı. Brüsseldəki qarşıdurmalarda ermənilər “REAL TV”-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına ciddi xəsarət yetirdilər. Belçika polisinin müdaxiləsi nəticəsində hadisədə iştirak edən ermənilərdən 15-i həbs edildi.

Azərbaycanlılar və ermənilərin qarşılıqlı nümayişi növbəti günlərdə Vaşinqton, Moskva, London, Varşava, Nürnberq, Kişinyov, Atlanta, Paris, Madrid şəhərlərində də davam etdi. Tərəflər arasında ən ciddi toqquşmalar Moskvada yaşandı. İyulun 24-də Salaryevo stansiyası yaxınlığındakı “Ermənistan evi” restoranının 50 nəfərin iştirak etdiyi kütləvi dava baş verdi. Moskvada yaşayan bir qrup azərbaycanlı mühacir taxta tir və metal çubuqlarla ermənilərə məxsus tikinti materialları mağazasını dağıtdı. Bu addım Bratislava küçəsində yerləşən Azərbaycan restoranına ermənilərin hücumuna cavab olaraq həyata keçirilmişdi. “1001 gecə” restoranına edilən hücumda iştirak edən ermənilər həmin gün Moskva polisi tərəfindən həbs edildilər. İyulun 25-də isə daha 9 nəfər saxlanıldı və onlara xuliqanlıq maddəsi ilə cinayət işi açıldı. Bu, tərəflər arasında son qarşıdurma idi və etnik gərginlik azalmağa başladı.


Müharibəyə hazırlıq

Tovuzda döyüşlər bitdikdən sonra Azərbaycan hərbi və siyasi rəhbərliyində radikal addımlar atılmağa başlandı. Erməni tərəfinin Mingəçevir su anbarını vura biləcəyi ilə bağlı hədəsinə cavab verən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı qalmaqallı açıqlama yadda qaldı: “Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”. Bu açıqlama Azərbaycan hökumətinin mövqeyini əks etdirmirdi və dərhal Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən təkzib edildi: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”. Azərbaycan rəsmilərinin təkzibinə baxmayaraq bu açıqlama Ermənistan siyasətçiləri tərəfindən Azərbaycana qarşı siyasi təzyiq formasında istifadə edildi. “Mənim addımım” fraksiyasının üzvü, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyətinin rəhbəri Hayk Konjoryan ATƏT-ə və Avropanın 55 ölkəsindən olan 300-ə yaxın deputata Azərbaycanın Metsamor atom elektrik stansiyasına zərbə endirə biləcəyi ilə bağlı məktublar göndərdi.

İyulun 21-də isə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məqsədini açıqladı: “Bizim üçün 1 nömrəli məsələ Qarabağ münaqişəsinin həllidir. Bu, elə həll olunmalıdır ki, xalqımızı tamamilə qane etsin. Bizə qismən qərarlar lazım deyil”. Elə həmin görüşdə dövlət başçısı azərbaycanlıların öz tarixi ərazilərinə, o cümlədən Şuşaya qayıdacağını bildirdi.

Həmin gün Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının danışıqlar prosesindən çıxdığını faktiki olaraq elan etdi: “ATƏT-in Minsk Qrupunun üzvü olan 11 ölkənin iştirakı ilə müşavirə keçirilməsinə çağırırıq. Danışıqlar predmeti Minsk Qrupunun mandatı çərçivəsində olmalıdır, əsasını isə Helsinki Yekun aktı və BMT TŞ-nin məlum qətnamələri təşkil etməlidir. Azərbaycan Qarabağ münaqişəsi üzrə imitasiya xarakterli danışıqlarda iştirak etməyəcək.”

Ermənistan rəhbərliyi isə danışıqların uzanmasında maraqlı idi. İyulun 19-da Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan “Skay Nyuz Arabiya” (Sky News Arabia) telekanalına verdiyi müsahibədə Azərbaycanı maksimalizmdə ittiham etdi: “Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında qarşılıqlı kompromislər əsasında həll edilməlidir. Danışıqlarda irəliləyişə nail olmaq yolunda yeganə maneə Azərbaycanın sülh yolu ilə nizamlanma məsələsinə maksimalizmlə yanaşmasıdır. Tovuz döyüşləri münaqişənin hərbi yolla həllinin mümkün olmadığı aydın şəkildə nümayiş etdirildi. Ermənistanın müdafiə qabiliyyəti bir daha əyani şəkildə nümayiş etdirdi. Biz yalnız sülh yolu ilə nizamlanma tərəfdarıyıq.” Nazirin sülh yolu ilə həll çağırışları reallıqla uyğunlaşmırdı. Bu tipli açıqlamalar xarici jurnaıistlər tərəfindən də səmimi qəbul olunmadı. Belə ki, “Bi-Bi-Si Uorld Nyuz” (BBC World News) kanalında “HARDtalk” proqramının aparıcısı Stiven Sakur Nikol Paşinyanı Tovuz döyüşlərinin fitilini yandırmaqda ittiham etdi.[6]

Tovuz döyüşlərindən sonra hər iki tərəf növbəti eskalasiyaya hazırlaşmağa başladı.

İyulun 17-də Türkiyənin hərbi yük təyyarəsi “A400M” Bakıya eniş etdi. Bundan 1 gün sonra Suriyadakı “Həyat Təhrir Əş-Şam” qruplaşmasının Azərbaycana muzdlu əsgərlərdən ibarət dəstə toplaması haqqında xəbərlər yayılmağa başladı. İlkin məlumatda dəstə üzvlərinin azərbaycanlı olduğu qeyd edilirdi. Harvard Universitetinin Devis Mərkəzinin əməkdaşı Daniel Şapiro həmin məlumatı təsdiqlədi. İyulun 18-də isə Azərbaycanın 6 ədəd “Bayraktar TB-2” dronunu alması haqqında məlumat mətbuata sızdı.

Ermənistanda da silahlanma artmağa başlamışdı. İyulun 17-dən etibarən Ermənistanla-Rusiya arasında hərbi təlimlər start götürdü. İyulun sonuna kimi Rusiya Ermənistana 8 “İl-76” reysi həyata keçirdi. İyulun 18-də müdafiə naziri Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı oldu. Bu telefon danışığı zamanı silahların daşınması məsələsi müzakirə edildi. Rusiya rəsmilərinin Qazaxıstan-Türkmənistan-İran vasitəsi ilə Ermənistana hərəkət edən təyyarələrdə tikinti materialları olduğunu deməsi Azərbaycan hökumətini inandırmadı. [7]

İyulun 27-də Türkiyə tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu. Bu telefon danışığı faktiki olaraq regionda Türkiyə-Azərbaycan alyansının yarandığını göstərirdi. Belə ki, həmin gün Türkiyə və Azərbaycan Naxçıvanda genişmiqyaslı hərbi təlimlərə başladı. 4 gün sonra isə Türkiyənin “F-16” təyyarələri Azərbaycana gəldi. Həmin gün Ermənistan müdafiə naziri David Tonoyan Qarabağa gəldi və burda “Müdafiə Ordusu” komandanı Cəlal Harutyunyanla görüşdü. Tonoyan burada iddialı açıqlamalar verdi: “Qonşu ölkənin Ali Baş Komandanı "gec olmadan" ifadəsini işlədib. Əliyev deyib ki, erməni qüvvələri əraziləri tərk etməlidirlər. Ümumiyyətlə, "gec olmadan" ifadəsinin məntiqini anlamıram. Gec nə vaxt? Bizim analitik imkanlarımız bu zaman çərçivəsini dərk etmir. Bizim müdafiədə durmağımız o demək deyil ki, analoji hücum əmrini gözləmirik. Biz də bu əmri gözləyirik. İkincisi, Tovuzda baş verən döyüşlər düşmənin müasir silahlar istifadə etməsinə baxmayaraq heç bir tapşırığı yerinə yetirə bilmədiyini açıq formada göstərdi.”

Avqustun 12-də Ermənistan Prezidenti Armen Sarkisyanla görüşən Nikol Paşinyan regionda tamamilə yeni geosiyasi və hərbi-siyasi reallığın yarandığını qeyd etdi. Paşinyan bu yeni geosiyasi durumun Ermənistanın lehinə olduğunu düşünürdü, lakin hər şey başqa cür idi. Bu açıqlamadan 1 gün sonra Türkiyənin Müdafiə Naziri Hülusi Akar Bakıya gəldi.

İyul ayında nisbətən gərginləşən Rusiya-Azərbaycan münasibətlərində 1 ay sonra yaxşılaşma hiss edildi. Avqustun 17-də Bakıya gələn rus hərbçiləri ilə “düz-çörək kəsmə” mərasimi diqqətdən qaçmadı. Avqustdan bəri orduda başlayan güclü təlimlər və hazırlıqlar sentyabrda da davam etdi. Prezident İlham Əliyev sentyabrın 21-də verdiyi açıqlamada gələcək əməliyyatların siqnalını verdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir.” 4 gün sonra Prezident Ermənistanla münasibətlərin mənfi məcraya doğru getdiyini bildirdi. Artıq hərbi əməliyyatlar üçün hər şey hazırdı.


İstifadə edilən ədəbiyyat

Asker, A., & ÖZPINAR, Z. G. (2021). Azerbaycan’ı Zafere Götüren Büyük Taarruz: 44 Günlük Savaşın Anatomisi. Avrasya İncelemeleri Dergisi, 10(1), 83-106.

https://dergipark.org.tr/en/download/article-file/1676673

Idan, A. (2020). Russia and Turkey: Behind the Armenia-Azerbaijan Clashes? Published in the CACI Analytical August, 31.

http://www.cacianalyst.org/publications/analytical-articles/item/13636-russia-and-turkey-behind-the-armenia-azerbaijan-clashes

Mansurov, V., & Sheikh, AM (2020). Tovuz Clashes: A Message from Russia to Azerbaijan Journal of Advances and Scholarly Researches in Allied Education, 2(17), 73-82.

https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3771797

Shaffer, B. The Trigger for War: Energy in the 2020 Armenia-Azerbaijan War.

https://www.fdd.org/wp-content/uploads/2021/12/The-Karabakh-Gambit_TriggerWar-1.pdf

Shafiyev, F., & Huseynov, V. (2020). Peace Negotiations Cannot Be Held Forever. Insight Turkey, 22(4), 99-111.

http://dspace.khazar.org/bitstream/20.500.12323/4851/1/Peace%20Negotiations%20Cannot%20Be%20Held%20Forever_%20Breaking%20the%20Deadlock%20in%20the%20Armenia-Azerbaijan%20Conflict.pdf

Shapiro, D. (2021). The West in Retreat. Journal of Middle Eastern Politics and Policy, 85.

https://jmepp.hkspublications.org/wp-content/uploads/sites/17/2021/08/JMEPP-2021.pdf#page=89

 


[1] İyulun 15-də parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, binanın birinci mərtəbəsində törədilən dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə 22.150 manat məbləğində maddi ziyan dəyib.

[2] Eyni dövr ərzində Hindistan Ermənistana 40 milyon dollar dəyərində dörd ədəd “Svati” (Swathi) radarı satmışdı. Lakin Hindistanın Ermənistanla münasibəti Azərbaycan-Pakistan müttəfiqliyi üzərindən dəyərləndirildiyi üçün Azərbaycan mətbuatında geniş formada müzakirə olunmadı.

[3] 17 avqust tarixində Gürcüstana yeni səfir Faiq Quliyev təyin olundu. Gürcüstandan fərqli olaraq Serbiyada uzun müddət səfir postu boş qaldı. Tovuz döyüşlərindən 1 il keçdikdən sonra Kamil Xasıyev yeni səfir kimi Serbiyaya göndərildi.

[4] İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölmələri xeyli sayda 20 mm-lik “M-55A4” zenit qurğusunu qənimət kimi ələ keçirdi. Onlardan bəziləri Naxçıvanda keçirilən hərbi təlim zamanı müşahidə olundu. Qeyd edilən qurğuların bir hissəsini “Hərbi Qənimətlər Parkı”nda görmək mümkündür.

[5] İyulun 23-də Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs saxlandı.

[6] Təxminən 1 il sonra Ermənistanın eks-prezidenti Serj Sarkisyan da analoji açıqlama ilə yadda qalacaqdı.

[7] Prezident İlham Əliyev bu məsələ ilə bağlı avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinə zəng etmişdi.