Sorosun Çin dərdi

Sorosun Çin dərdi

Yəhudi əsilli macar-amerikalı multimilyoner Corc Soros 2019-cu ildə Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı Çinin mövcud hakimiyyətini kəskin şəkildə tənqid etmişdi. Demokratik cəmiyyətlər üçün ən böyük təhlükə olaraq gördüyü Çini, xüsusilə sərt ritorikası ilə seçilən hazırki dövlət başçısı Si Cinpini tənqid atəşinə tutan Soros Pekinin yüksək texnologiya sahəsindəki sürətli irəliləyişinin qarşısının alınmasının labüd olduğunu qeyd etmişdi. Digər dövlətlərlə olan gərginlikləri sonlandırıb bütün gücü ilə repressiv rejim hesab etdiyi Çinə yönəlməyi ABŞ-a məsləhət görən Soros, ciddi tədbirlər görülməyəcəyi halda ölümcül nəticələrin hasil olacağından narahatlığını bildirmişdi.

Açıq Cəmiyyət və Soros Fondlarının qurucusu Corc Soros, mütəmadi olaraq  insan hüquqları və demokratik dəyərlər kimi universal məsələləri özündə ehtiva edən mövzularla bağlı çıxışlar edir və yarım əsrə yaxın bir müddətdir ki, təsisçisi olduğu xeyriyyə fondları vasitəsilə bir çox ölkədə qeyri-mənfəət təşkilatlarını dəstəkləyir. Cari ilin yanvar ayında ABŞ-ın Huver İnstitutundakı çıxışı ilə yenə diqqət mərkəzində yer alan Sorosun fikrincə 2022-ci il müasir dünya tarixi üçün əhəmiyyətli illərdən biri olacaq və ən əsası, mühim hadisələrin cərəyan edəcəyi ölkələrin başında Çin gələcək.

Bu ilin fevral ayında Çinin paytaxtında təşkil edilmiş Pekin Qış Olimpiya Oyunlarını 1936-ci ildə Berlində keçirilmiş Olimpiya Oyunlarına bənzədən xeyriyyəçi, ÇKP-nin Hitler Almaniyasında olduğu kimi beynəlxalq müstəvidə keçirilən böyük tədbirləri öz sosial-iqtisadi qüdrətini və Çin Kommunist Partiyasının nailiyyətlərini dünyaya nümayiş etdirməkdən ötrü propaqanda vasitəsinə çevirdiyinə toxunub. Yeri gəlmişkən, ciddi rezonanslara səbəb olmuş bu dəfəki beynəlxalq yarışlarda ABŞ və müttəfiqləri Çin hökumətini etnik uyğurlara qarşı soyqırım törətməkdə və Honq Kongda demokratik mühiti məhv etməkdə ittiham edərək, Pekin Qış Olimpiadasını diplomatik şəkildə boykot etmiş və açılış mərasiminə hökumət rəsmilərini göndərməkdən imtina etmişdi.

Texnologiyanın avtoritar ölkələrin əlində cəmləşməsindən narahat olan Soros Çin mənşəli texnologiya şirkətlərinin inkişafının önlənməsinin, xüsusən də süni intellekt, superkomputerlər və yeni nəsil naqilsiz şəbəkə sahəsindəki irəliləyişə imkan verilməməsinin tərəfdarı olduğunu nümayiş etdirib. Amerikalı filantrop ölkədaxili prosesləri və əhalini nəzarətdə saxlamaq, habelə fərdi azadlıqları boğmaq üçün istifadə edilən yüksək texnologiyaların gələcəkdə şəffaf və demokratik cəmiyyətlər üçün təhdid ünsürü olacağından narahatdır. Soros, xüsusilə qlobal miqyaslı texnologiya nəhəngləri olan Huawei və ZTE şirkətlərinə qarşı sərt tədbirlərin görülməsini zəruri hesab edir.

Qeyd edək ki, Huawei və ZTE kimi Çin mənşəli transmilli korporasiyalar son illərdə orta və yuxarı seqment smartfon bazarından tutmuş, yeni nəsil 5G texnologiyasına qədər bir çox sahədə olduqca böyük məsafələr qət ediblər. Rəsmi Pekinin ciddi səyləri nəticəsində son dekadada innovasiya iqtisadi modelinin qurulması fonunda yüksəlişə keçən bu və bunun kimi onlarla transmilli şirkət (Alibaba, Tencent, Baidu, ByteDance, Xiaomi, BBK və s.) təkcə ölkə hüdudlarında deyil, eləcə də dünyanın bir çox yerində müxtəlif sahələrdə öz fəaliyyətlərini genişləndirməyə davam edirlər. Tramp administrasiya tərəfindən sanksiyalara məruz qalanadək dünyanın ən böyük ikinci smartfon istehsalçısı olan Huawei, bu sahədə aldığı sarsıdıcı zərbədən sonra bütün diqqəti rəqəmsallaşmaya - yeni nəsil naqilsiz şəbəkələrin və təkmilləşdirilmiş süni intellektin inkişafına yönəldib.

Misal olaraq, Azərbaycanda uzun illərdən bəri fəaliyyət göstərən və ölkənin İKT sektorunda 70%-lik bazar payına sahib Huawei ölkələrarası texnologiya sahəsindəki əməkdaşlıq çərçivəsində mühəndislik və İT sahəsindəki innovativ texnoloji həllərin inkişafı/tətbiqi və eləcə də bu sahədə yerli mütəxəssislərin yetişdirilməsində böyük rol oynayır. Hətta Qarabağda dağıdılmış bölgələrin bərpası təşəbbüsünə cəlb edilən Huawei regionun müxtəlif rayonlarında rəqəmsallaşma prosesində aktiv iştirak edərək, innovativ infrastrukturanın qurulmasında, əsasən də ağıllı şəhər və kəndlərin ərsəyə gəlməsində mühüm rol oynayır.

Telekommunikasiya avandanlıqları və smartfon modelləri (Nubia Red Magic seriyası) istehsalında dünyanın qabaqcıl şirkətlərindən biri olan ZTE də Çin-ABŞ arasında gedən ticarət müharibələrinin ilk qurbanlarından biri olmuşdu. Milli təhlükəsizlik  və kiber hücumları nəzərə alan Tramp administrasiyası 2019-cu ildə Huawei ilə birgə ZTE-ni də qara siyahiyə salaraq amerikan şirkətlərinin onlardan komponent tədarükü görməyi və lokal bazarlarda sözügedən korporasiyalara məxsus məhsulların satışını qadağan etmişdi. Qeyd edək ki, ZTE Vaşinqtonun xeyli müddətdən bəri az qala hər sahədə sanksiyalar tətbiq etdiyi İran və Şimali Koreyaya texnoloji avadanlıq və elektron komponent satmaqda da ittiham edilmişdi. İrimimiqyaslı sanksiyalar çərçivəsində hər iki Çin şirkəti həm də ABŞ mənşəli texnoloji həllərin istifadəsindən məhrum edilmiş vəziyyətdədir.

Texnoloji sferada artan xətlə davam edən rəqabətdən başqa, Şərqi Asiya regionunda yaşanan geosiyasi ziddiyətlər də əsas müzakirə predmetlərindən biri olmağa davam edir. Belə ki, Tayvanın demokratik mühitini təhlükə altında qoyacaq xarici hərbi müdaxiləni mütəmadi olaraq pisləyən Ağ Ev rəhbərliyi ilə eyni fikirdə olan Soros, Çinin adanı ilhaq etmə cəhdinin dünya müharibəsi ilə nəticələnə biləcəyindən danışıb. Pekin tərəfi isə ABŞ və müttəfiqlərinin Tayvan məsələsindəki destruktiv yanaşmalarını, o cümlədən Sorosun bu mövzudakı çıxışını suveren ölkənin daxili işlərinə müdaxilə, ərazi bütövlüyünün bərpası prosesinə süni əngəl törədilməsi və Vahid Çin prinsipinə hörmətsizlik kimi qiymətləndirir. Bilməyənlər üçün onu da əlavə edək ki, XX əsrin birinci yarısında Çində 20 ildən çox davam edən Çin Vətəndaş müharibəsindən (1927 - 1949) sonra kommunist qüvvələri tərəfindən Materik Çinindən (Honqkonq və Makao xaric olmaqla Çinin qalan ərazi vahidi) qovulan Milliyətçi Partiya üzvlərinin Tayvan adasında məskunlaşması fonunda yaranan iki Çindən biri olan Tayvanın (rəsmi adı Çin Respublikasıdır) müstəqilliyi dünyanın çox az ölkəsi tərəfindən tanınır. Tayvan məsələsi ÇKP rəhbərliyi tərəfindən Çin Vətəndaş Müharibəsindən geriyə qalma tamamlanmamış tarixi missiya hesab edilir və ana vətəndən ayrı düşmüş adanın gec-tez Çinə qaytarılacağı (güc yolu ilə olsa belə) fikirləri səsləndirilir. Şübhəsiz ki, geostrateji mövqeyi və mikroelektronika, xüsusən də hal-hazırda qlobal bazarlarda ciddi defisiti yaşanan, istehsalı olduqca mürəkkəb komponentlərdən biri olan yarımkeçirici mikroçip sahəsindəki texnoloji üstünlüyü də adanın kritik önəminin artmasına səbəb olan faktorlardır.

Corc Sorosun şikayətləndiyi əsas mövzulardan biri də Si Cinpin hökumətinin sərt iqtisadi qərarlarıdır ki, nəticədə bir çox yerli və xarici investorlar çətin vəziyyətə düşüb. Əsasən də, Çin təhsil sistemində olduqca böyük bazar payına sahib məktəbdənkənar özəl təhsil müəssisələrinə və  repetitorluq sahəsinə gətirilən məhdudiyyətlər ABŞ və Qərb mənşəli şirkətlərinin bu sferadakı milyard dollarla ölçülən gəlirlərinə zərbə vurub. Sorosa görə bazar iqtisadiyyatından anlayışı olmayan Si Cinpin idarəçiliyi, Çinin beynəlxalq aləmdəki imicinə zərbə vurmaqla yanaşı, ölkəni növbəti uçurumlara aparır. Hazırda əmlak bazarında yaşanan böhranla böyük şirkətlərin çökməsi hakim partiyanın bütün səylərinə baxmayaraq demoqrafik problemlərin həllini tapmaması və Koronavirus pandemiyasının dünyaya yayılmasının önlənə bilməməsi kimi irimiqyaslı destruktiv sosial-iqitisadi halları Çinin kövrək və qeyri-şəffaf dövlət struktu ilə əlaqələndirən xeyriyyəçi bütün sadalananları ÇKP-nin sonunun başlanğıcı kimi qiymətləndirir. Bundan əlavə, Soros ABŞ konqresinə amerikalı investorların Çindəki kapital qoyuluşlarını tənzimləyəcək qanun layihəsi hazırlamağı tövsiyyə edir.

Nəticə etibarilə, son onillikdə ABŞ və Çin arasında başda texnologiya uğrunda dominantlıq mübarizəsi olmaqla bir çox strateji sahədə davam edən şiddətli rəqabət konteksində, Sorosun məqsədyönlü çıxışları, ölkələrarası münasibətlərin daha da dramatik hala gələ biləcəyinə işarə edir. Bu minvalla, bir çox ölkənin dilemma qarşısında qala biləcəyini, Çin mənşəli texnologiya və kapital qoyuluşuna (Çinin özünə sərmayə yatırımlarına da) skeptik və ehtiyatlı yanaşmanın artacağını, fəaliyyətlərinə məhdudiyyətlərin gətiriləcəyi, sanksiyaların əhatə dairəsinin genişlənəcəyi və rəqəmsal infrastrukturanın qurulması istiqamətində tərəddütlərin yaşana biləcəyini güman etmək olar.