12 iyun Ermənistan-Azərbaycan mübadiləsi və nəticələri

12 iyun Ermənistan-Azərbaycan mübadiləsi və nəticələri

Ermənistan, nəhayət, 15 erməni məhbusunun azad edilməsi müqabilində yalnız bir rayon üçün olsa da, Qarabağda 30 illik işğalı zamanı yerləşdirilmiş mina xəritələrini verməyə razılaşıb. Uzun müddət İrəvan bu qeydlərin mövcudluğunu qəbul etməkdən imtina edirdi; Ermənistanın Xarici İşlər Nazirliyi hətta bir qədər irəli gedərək, bunu beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Azərbaycanın uydurduğu saxta gündəm kimi təqdim edirdi. Lakin məlum oldu ki, bu xəritələr həqiqətən də mövcud imiş. İyunun 12-də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatına görə, “Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.”

Müharibədən sonra Azərbaycan hökuməti üçün azad edilmiş torpaqların minalardan təmizlənməsi təxirəsalınmaz və prioritet məsələdir. Azərbaycanın post-müharibə sonrası bərpa, yenidənqurma və iqtisadi reinteqrasiya ilə bağlı iddialı planları minalardan təmizləmə işlərinin tezliklə başa çatdırılmasını tələb edir. Ərazilər minalardan təmizlənməsə məcburi köçkün və qaçqınların doğma torpaqlarına qayıtmaları mümkün olmaz və xarici investisiyalar hesabına maliyyələşdirilən layihələr də təhlükə altına düşərdi.

Azərbaycan üçün Ermənistanla münaqişə əslində başa çatıb. Bakı İrəvanla olan münasibətlərini ərazi bütövlüyü və bir-birinin beynəlxalq aləmdə tanınan sərhədlərinin pozulmaması prinsipləri əsasında normallaşdırmağa çalışır. Lakin hazırkı Ermənistan hökuməti hələ də münaqişə ritorikasını siyasi məqsədlərlə canlandırmaq istəyir. Erməni revanşist qüvvələri  isə arzu etdikləri növbəti müharibədən əvvəl bütün “itirilmiş əraziləri” qaytarmaq və “yekun həlli” variantına nail olmaq məqsədilə üçtərəfli bəyanatı müvəqqəti atəşkəs razılaşması kimi təqdim etmək üçün açıq şəkildə çalışırlar. Beləliklə, Ermənistanın minalar məsələsində əməkdaşlıq etmək istəməməsi və mina xəritələrini verməkdən imtina etməsi, həmçinin İrəvanın işğal altındakı ərazilərdən imtina etmək və sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamaq istəməməsi sülh prosesinə əngəllər törədir.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında Gürcüstan, ABŞ, Avropa İttifaqı və İsveçin ATƏT-ə sədrliyinin mübadilənin həyata keçirilməsində oynadığı rolu vurğulayıb. “Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə ABŞ dövlət katibi Entoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.” - deyə bəyanatda bildirilir.

Razılaşmanı şərh edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan Tbilisinin mübadilə həyata keçirilməsində “strateji tərəfdaş ABŞ-la” sıx əlaqələndirmədə oynadığı roldan qürur duyur. Azərbaycan həmişə Gürcüstanı özünün regional inteqrasiya layihələrinin sütunlarından biri hesab edib, buna görə də Tbilisinin bu sövdələşmənin reallaşdırılmasında iştirakı Bakının Cənubi Qafqazda daha geniş geosiyasi və geoiqtisadi baxışına uyğundur. Bu yaxınlarda Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığın mümkünlüyünü şərh edən Prezident İlham Əliyev qeyd edib ki, “indiyə qədər Gürcüstanla münasibətlərimiz olub, Ermənistanın Gürcüstanla münasibətləri olub, Azərbaycanla Ermənistan arasında isə heç bir münasibət və əməkdaşlıq olmayıb. Bəlkə indi bir növ üçtərəfli əməkdaşlıq formatının yaradılmasının mümkün olub-olmadığını görmək vaxtı gəlib çatıb. Və biz buna hazırıq.” Şübhəsiz ki, Bakı Gürcüstanın bu müddətdə fəal rol oynamasının tərəfdarıdır, çünki Gürcüstan öz ərazi problemləri və regional sülhə dərin, həqiqi marağı olan kiçik bir ölkə olduğuna görə hər hansı bir münaqişənin həlli cəhdinə legitimlik əlavə edə bilər.

Rusiya sövdələşməni alqışlasa da, Moskva mübadilə prosesində iştirak etməyib. İyunun 12-də keçirilirmiş mübadilədə Rusiyanın yoxluğu Bakının gələcək qeyri-müəyyənliklərdən sığortalanmaq üçün Kremldən çox asılı olmasını istəməməsinin siqnalı ola bilər. Son zamanlar Bakının Avrasiya İttifaqına və hətta KTMT-yə (Moskvada bəzi yüksək vəzifəli məmurların və Bakıda rusiyapərəst ekspertlərin belə danışıqları aparması) qoşulmağa cəlb olması üçün ciddi səylər göstərilirdi, lakin 12 iyun razılaşması göstərir ki, Azərbaycan manevr imkanlarının ciddi şəkildə məhdudlaşacağı vəziyyətə düşmək istəmir, xüsusən Kremlinin hər zaman müstəsna rol oynamaq istədiyi Ermənistanla vasitəçilik kimi məsələlərdə.

Müharibə qurtarandan sonra həm Azərbaycan, həm də Türkiyə Rusiyanın artan nüfuzunun kompensasiya olması üçün regionda Qərbin daha fəal iştirakına çalışırdılar. Bu yaxınlarda Prezident İlham Əliyev qeyd edib ki, həm ABŞ, həm də Avropa İttifaqı regionun post münaqişə dövrü inkişafında həlledici rol oynaya bilərlər, və əlavə edib ki, Azərbaycan Ermənistanla sülh sazişini imzalamağa hazırdır, bu isə, “nisbətən qısa müddətdə” həyata keçirilə bilər və ABŞ İrəvanı inandıra bilər ki, bu, irəliyə doğru olan yeganə yoldur.

ABŞ-ın bölgədə Obama və Tramp dövründə olduğundan nisbətən daha aktiv bir mövqe tutacağı aydındır və mübadilə xəbərinin məhz Rikerin hər iki ölkəyə səfərindən bir müddət sonra gəlməsi bunu sübut edir. Eyni zamanda, ABŞ başa düşməlidir ki, Ermənistanın güzəştə getməməsinə son qoymasa Azərbaycandakı mənəvi legitimliyi itirəcək və bütün bölgəni Moskvanın qucağına atacaqdır. ABŞ Dövlət katibi Entoni Blinken “Twitter”-də yazıb ki, “ABŞ Azərbaycanın 15 erməni məhbusun sərbəst buraxılmasını alqışlayır. Gürcüstan hökumətinə tərəflər arasında müzakirələri asanlaşdıran mühüm rolu üçün minnətdarıq. Bu cür addımlar bölgə insanlarını layiq olduqları dinc gələcəyə yaxınlaşdıracaq”.  Onun mövqeyi yerüstü minalar problemini qeyd etməməsi ilə əlaqədar tənqidə səbəb olub. ABŞ Dövlət Departamentinin rəsmi açıqlaması isə Ermənistanın minalarla əlaqəli məlumatları Azərbaycanla bölüşmək qərarını alqışlayıb.

ABŞ və Avropa Cənubi Qafqazı tamamilə itirmək istəmirlərsə, öz mövqelərini yeni regional reallıqlara uyğunlaşdırmaları həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Avropa Şurasının sədri Şarl Mişelin Cənubi Qafqazdakı işlərdə müsbət rolu son zamanlar xüsusi tərifə layiqdir. Mübadilə xəbərlərinə reaksiya verən Mişel qeyd edib ki, “mən Azərbaycan və Ermənistanın paralel humanitar jestlərini - saxlanılanların azad edilməsi və mina xəritələrin verilməsini alqışlayıram. Etimadı bərpa etmək üçün ilk addımdır @presidentaz & @NikolPashinyan. Aİ bu prosesi dəstəkləyir və irəliləyişə yardım etmək məqsədilə yardım göstərməyə davam edəcəkdir.” Cəmi bir neçə ay əvvəl Gürcüstanda uzun müddət davam edən siyasi böhranın həlli yollarının axtarışında Mişelin həlledici rolu (bu böhranın gedişində dəli kimi xarakterizə olunub) və Ermənistanın hərbi əsirlərin müqabilində mina xəritələrini verməyə məcbur edilməsində bilavasitə iştirakı göstərir ki, Qərb liderləri hələ də regionda çox konstruktiv rol oynaya bilərlər.

Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun Fransanı münaqişənin həlli prosesindən kənarda qoyan regional hadisələrə verdiyi ziddiyyətli və əhəmiyyətli dərəcədə dağıdıcı şərhlərlə müqayisədə Mişelin səmərəli addımları xüsusilə xoşagələndir. Bu kontekstdə Qərbin sülh prosesində oynadığı rola Makron və digər Qərb siyasətçilərinin vurduqları zərərə görə regionda Qərbin imicinin bərpa olunması üçün Aİ və ABŞ-ı öz fəaliyyətini sürətləndirməyə sövq edə biləcəyini düşünmək tamamilə məqbuldur. Bu yaxınlarda Prezident İlham Əliyev xəbərdarlıq edib ki, xarici subyektlər tərəfindən həll edilməmiş münaqişə haqqında narrativ yaratmaq cəhdləri çox təhlükəlidir. Bu narrativin yeganə məqsədi bölgəni şiddət və dağıntıların sonsuz bir dövrünə cəlb etməkdir. Prezident İlham Əliyev sual verib ki, “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da münaqişənin faktiki həlli ilə bağlı sənəd imzalanıb. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər?”. İrəvanı məsuliyyətsiz, səmərəsiz və özünü dağıdıcı yoldan çəkinməməyə çağırmaq regionda müxtəlif geopolitik fəsadlara gətirib çıxara bilər. Bu eyni zamanda, Cənubi Qafqazda yeni sülh və əmin-amanlıq paradiqmasının yaranmasının qarşısını ala bilər.