Ukraynanın rus təbliğat maşınına qarşı daha bir addımı

Ukraynanın rus təbliğat maşınına qarşı daha bir addımı

2 fevral 2021-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının “112 Ukrayna”, “NewsOne” və “ZIK” adlı üç televiziya kanalına qarşı 5 il müddətinə sanksiya tətbiq edilməsinə dair qərarını qəbul edən bir fərman imzaladı. Bu addım əsasən rusiyapərəst siyasi blokun lideri Viktor Medvedçukun mənafeyini müdafiə edən və adları çəkilən kanallara sahiblik edən millət vəkili Taras Kozaka qarşıdır.

Bu televiziya kanallarının sanksiya və qadağan edilməsi qərarının Zelenskinin ən sərt tənqidçisi və sələfi Petro Poroşenko tərəfindən dəstəkləndiyi də digər məqamdır. Qərar, söz azadlığına qarşı çox həssas olan Ukrayna vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən də dəstəkləndi hətta bu vəziyyətdə bir sıra qeyri-hökümət təşkilatları həmin televiziya kanallarının "həqiqi media olaraq qəbul edilə bilməyəcəyini" vurğulayan xüsusi bəyanat imzaladı. Bəyanatda kanalların Rusiya təbliğatı üçün fəaliyyət göstərdikləri və buna görə tətbiq edilən sanksiyanın "Ukraynanın informasiya təhlükəsizliyini artırmaq üçün atılmış addım” kimi qiymətləndirildi.

Televiziya kanallarına qarşı sanksiya qərarını şərh edən Prezident Zelenski, Ukraynanın söz azadlığını qətiyyətlə dəstəklədiyini, ancaq Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasını zəiflədən və təcavüzkar ölkənin maliyyələşdirdiyi təbliğatı qəbul etmədiklərini vurğuladı. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov telekanallara sanksiya tətbiq edilməsi qərarını Rusiyanın hibrid təcavüzü, o cümlədən informasiya müharibəsi ilə mübarizədə ardıcıl addım adlandırdı.

Ukrayna ictimaiyyəti uzun müddətdir ki, bu telekanalları rus təbliğatını və feyk xəbərlərini yaymaqda, jurnalist standartlarını pozmaqda və manipulyasiya etməkdə günahlandırır. Müqayisə üçün: Azərbaycandakı televiziya kanallarının Qarabağ konfliktində erməni baxışını təbliğ edəcəklərini çətin ki kimsə təsəvvür edə. Eynilə Ukraynada bu telekanallar Donbasdakı münaqişəyə dair Rusiya yanaşmasını təbliğ edir, təcavüzkar Rusiya əvəzinə Ukrayna tərəfini günahlandırırdılar.

Ukrayna rəsmiləri bu televiziya kanallarının niyə əvvəl yox indi qadağan olunduğu sualına, Rusiyanın telekanalları maliyyələşdirməsinə və digər qanunsuz fəaliyyətlərə dair sübutların toplanmasının vaxt aldığını bildirdilər. Digər bir səbəb, Rusiyapərəst medianın Ukraynadakı siyasi vəziyyəti pozmaq cəhdlərindəki aktiv rolu ola bilər. Rusiyapərəst qüvvələrin baharda sosial-iqtisadi problemlər və artan tariflər adı altında kütləvi etirazlar törətməyi planlaşdırdıqları və proseslərdə medianın əhəmiyyətli səfərbərlik rolu oynadığı bildirildi.

ABŞ və Avropa Birliyi yəqin ki, bu sanksiyaları qəbul edəcək, çünki Rusiya təbliğat maşınının yaratdığı təhdidlərlə vaxt-vaxt özləri də problem yaşayıb. Bəzi AB ölkələrində də, dezinformasiya və təbliğatın yayılmasına görə Rusiya telekanallarına qadağa qoyulub.

Şübhəsiz ki, Rusiyanın reaksiyası mənfi olacaq, ancaq dünyada heç kim Moskvanın söz azadlığı iddialarını, xüsusən də müxalifət lideri Aleksey Navalnının həbsi və Rusiyadakı dinc nümayişçilərin amansız kütləvi həbsləri fonunda ciddi qəbul etməyəcək. Moskvanın hələ Bayden administrasiyası ilə əlaqələr qurmaq və "Şimal Axını-2" boru kəmərinin tikintisini başa çatdırmağı ümid etdiyi üçün Donbasda kəskinləşməyə əl atacağı ehtimal oluna bilər. Ancaq buna baxmayaraq, doğru olaraq Ukrayna Prezidentinin göstərişi ilə Donbasda gələcək tapşırıqlar üçün Ukrayna Silahlı Qüvvələrinin hazırlığının yoxlanılması yeni başlamışdır.

Çox güman ki, televiziya kanalları sahibləri sanksiyalardan apelyasiya şikayəti verməyə çalışacaq və eyni zamanda, Ukraynada hələ də kifayət qədər olan Rusiyanın dəstəklədiyi digər media varlıqlarını gücləndirməyə çalışacaqlar. Ancaq hər halda, Rusiyanın Ukraynadakı məlumat mövqeləri bir müddət zəifləyəcək. Ukraynanın bu vaxtdan öz məlumat siyasətini inkişaf etdirmək və gücləndirmək üçün istifadə etməsi doğru olardı.