Erməni(stan) – Azərbaycan(lı) münaqişəsi artıq qlobal miqyasda

Erməni(stan) – Azərbaycan(lı) münaqişəsi artıq qlobal miqyasda

Foto: Qəzəbli erməni kütləsi tərəfindən döyülmüş azərbaycanlı nümayişçilər. Los-Anceles, 22 iyul 2020

Ermənistan və Azərbaycan arasında 2016-cı ilin aprelindən bəri ən qanlı toqquşma olan iyul qarşıdurması dünyanın müxtəlif yerlərindəki azərbaycanlı və erməni diaspor nümayəndələrinin də iştirakı səbəbilə yalnız Qafqaz ərazisi ilə məhdudlaşmadı. Emosiyalar və qarşılıqlı ittihamlar digər ölkələrə də yayıldı və Amerika, Avropa və Rusiyada fiziki zorakılıq formasını aldı.

İlk belə hadisə Parisdə baş verdi: 19 iyul tarixində Azərbaycan səfirliyinin “Daşnaksütyun” ilə əlaqəli millətçi erməni etirazçıların hücumuna və vandalizm aktına məruz qaldığı bildirildi. LondondaKişinyovda qarşılıqlı şəkildə keçirilən etirazlarda da hər iki icmadan olan üzvlərin yumruq davası kimi kiçik qarşıdurmalar yaşandı.

Ən böyük toqquşma isə 21 iyulda okeanın digər tərəfində - minlərlə etnik erməninin Azərbaycan konsulluğu qarşısında etiraz təşkil etdiyi Kaliforniya ştatında, Los-Ancelesdə yaşandı. Eyni vaxtda Azərbaycan icmasının təxminən 50 üzvü Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və etnik təmizləməni, həmçinin Azərbaycan sərhədindəki son təxribatı vurğulamaqdan ötrü əks-nümayişdə toplandı.

Bir neçə polis əməkdaşı ictimai təhlükəsizliyi təmin etmək üçün göndərilsə də, onlar ermənilərin etirazının küçə davasına çevrilməsinin qarşısını ala bilmədi: anti-Azərbaycan şüarları və təhqirlər səsləndirən ermənilərdən ibarət kütlə polis qüvvələrini keçərək azərbaycanlılara tərəf qaçmağa başladı. Sonuncular sayca az olduqlarından (50 nəfərə qarşı 5 min nəfər) qəzəbli kütlə tərəfindən sıxışdırıldılar və fiziki zorakılığa məruz qaldılar. Nəticədə 7 azərbaycanlı xəsarət aldı, onlardan dördü xəstəxanaya yerləşdirildi. Gənc azərbaycanlı qadına hücum etmiş erməni bir kişinin polis əməkdaşına da hücum etdiyi bildirilir.

Daha bir gərginlik isə Belçikanın paytaxtında yaşandı. Bu dəfə də bəzi radikal erməni etirazçılar Azərbaycan səfirliyinin ərazisində olan azərbaycanlı nümayişçilərə hücum etdi. Emənilərdən ibarət dəstənin binanı daşa basmağının nəticəsində Azərbaycan tərəfdən biri jurnalist olmaqla bir neçə nəfər yaralandı. Nəticə etibarilə Belçika polisi tərəfindən azərbaycanlılara qarşi hücumda iştirak edən 17 erməni etirazçı saxlanıldı. Buna baxmayaraq, Brüsseldən bir video görüntü və bir neçə şəkil sürətlə yayılaraq vəziyyəti daha da gərginləşdirdi.

Ermənilərin özləri tərəfindən çəkilmiş video və fotolarda bir neçə erməni tərəfindən azərbaycanlı gəncin vəhşicəsinə döyülməsi və təhqir edilməsi əks olunur. Radikal qrup tərəfindən təklənmiş və üzü qanla örtülmüş azərbaycanlı oğlanın döyülməsi və təhqir edilməsi səhnəsi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları qəzəbli reaksiya verməyə təhrik etdi.

Bu reaksiya böyük azərbaycanlı və erməni icmalarının yaşadığı Moskvaya keçdi. Nəticədə, hər iki tərəf qruplar tərəfindən fərdlərin döyülməsi, kafelərin dağıdılması və nəqliyyat vasitələrinə zərər verilməsi kimi qarşılıqlı hərəkətlərlə yanğını daha da körükləndirdilər. İyulun 23-dən bəri qarşılıqlı vəhşicəsinə hücumları əks etdirən çoxsaylı videolar sosial şəbəkələrdə yayılıb. Mediada yayılan məlumatlara görə, artıq Rusiyada narahatlıq törədən onlarla şəxs həbs edilib.

Kortəbii və ya əvvəlcədən planlaşdırılmış olub-olmamasından asılı olmayaraq, dünyanın hər yerində bu cür qarşıdurmalar və küçə döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin bütün mahiyyətini əslində təhrif edir:

- Dağlıq Qarabağ məsələsi Azərbaycan tərəfi üçün ərazi münaqişəsidir: Bakı həmişə regiona yüksək muxtariyyət statusu verə biləcəyini və Dağlıq Qarabağdakı erməni icmasının üzvlərini Azərbaycan vətəndaşları hesab etdiyini bildirir. Odur ki Azərbaycan tərəfi işğalçı qüvvələrdən azad edildikdən sonra Dağlıq Qarabağda hər iki icmanın birgə yaşamalı olduğunu və yaşayacağını anlayır. Bakı üçün hədəf bütün ermənilər, xüsusilə də Qarabağ erməniləri deyil, regiondakı işğalçı erməni rejimidir.

- Öz növbəsində Ermənistan tərəfi, həm İrəvan, həm də diaspor hər zaman Dağlıq Qarabağ münaqişəsini erməni-türk probleminin geniş kontekstinə salmağa çalışaraq etnik münaqişəyə çevirməyə və ya problemi belə göstərməyə cəhd edir. Bu kontekst ermənilərin azərbaycanlılara qarşı münasibətində də əks olunur: azərbaycanlıların türklərlə linqvistik və etnik yaxınlığı onları ermənilər üçün avtomatik olaraq düşmənə çevirir. Buna görə də bir erməni nümayişçinin Birləşmiş Ştatlar tərəfindən terror təşkilatı kimi tanınan anti-türk erməni hərəkatı “ASALA”nın adının əks olunduğu köynəklə Los-Anceles nümayişinə gəlməsi təəccüb doğurmamalıdır.

 

Foto: “ASALA” köynəkli erməni nümayişçi. Los-Anceles, 22 iyul 2020

Küçə qarşıdurmaları və qarşılıqlı ittihamlar həmçinin ermənilərin iki etnik qrupun (Dağlıq Qarabağda) birgə yaşayışının mümkün olmaması iddialarına birbaşa xidmət edir.

Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsinə etnik mahiyyət qazandırılması 1988-ci ildə Ermənistanda və Ermənistan tərəfindən başladıldı: məhz həmin dövrdə  300 minə yaxın etnik azərbaycanlı Ermənistandan deportasiya edildi. Bu isə Azərbaycanda böyük qəzəbə və qarşılıqlı addımların atılmasına səbəb oldu. Xronoloji olaraq Dağlıq Qarabağ münaqişəsindən əvvəl baş vermiş bu etnik təmizləmə Dağlıq Qarabağda və onun ətrafındakı ərazilərdə də davam etdirildi: erməni qüvvələri etnik azərbaycanlıları qovması nəticədə 700 minə nəfər məcburi köçkünə çevrildi.

Bu etnik aspekt Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman müharibəsi kimi təqdim etməyə çalışması baxımından dini çalar da qazana bilər. Müsəlman xalqları tərəfindən mühasirəyə alınan xristian qalasını müdafiə etmək çağırışları bəzən xaricdə erməni məsələsinə tərəfdar olan və (və ya) dəstək verən bir neçə dini təşkilatın dəstəyini qazanır. Bununla belə, münaqişənin ən azından Azərbaycan tərəfi üçün heç zaman dini çaları mövcud olmayıb. Əksəri müsəlman olmasına rəğmən, azərbaycanlılar çox dindar deyillər; Azərbaycan özü isə yəhudilər və müxtəlif xristian qrupları – qədim alban kilsəsinə mənsub yerli udilər və ya əhəmiyyətli rus və ukraynalı pravoslav icmaları üçün də ümumi vətəndir. Paytaxt Bakının mərkəzində şiə və sünni məscidləri, yəhudi sinaqoqu, lüteran kirxası, provaslav, katolik və hətta erməni kilsəsi bir-birinə xeyli yaxın ərazidə yerləşir.
 

***

Artıq üçüncü ölkələrdə həm erməni, həm azərbaycanlı icması, həmçinin münaqişəyə aidiyyatı olmayan insanlar üçün təhlükəli şərait yaratdığı üçün üçüncü ölkələrdə qarşılıqlı zorakılığın dayandırılması çağırışları səsləndirilir.

İstənilən halda, Ermənistan-Azərbaycan münaqişəsini erməni-azərbaycanlı qarşıdurmasına çevirmək cəhdləri problemin bütün mahiyyətini təhrif edir və sanki iki etnik qrupun birgə yaşayışının mümkün olmaması təəssüratı yaratmağa xidmət edir. Bu hadisələr iki xalq arasında qarşılıqlı inamsızlıq yaradır və gələcək sülh danışıqlarına çətinlik törədir.