Rusif Hüseynov CAMCA/Ramsfeld Təqaüd Proqramına seçilib

Rusif Hüseynov CAMCA/Ramsfeld Təqaüd Proqramına seçilib

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov 2026-cı ilin payız sessiyası üzrə CAMCA/Ramsfeld Təqaüd Proqramına seçilib. Proqram Ramsfeld Fondu (Rumsfeld Foundation) və ABŞ Xarici Siyasət Şurasının (American Foreign Policy Council – AFPC) nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya–Qafqaz İnstitutu (Central Asia-Caucasus Institute) tərəfindən birgə həyata keçirilən nüfuzlu liderlik təşəbbüsüdür.

2008-ci ildə təsis edilmiş CAMCA Təqaüd Proqramı Mərkəzi Asiya, Qafqaz, Əfqanıstan və Monqolustandan olan və əsasən dövlət idarəçiliyi, akademik sahə, biznes, vətəndaş cəmiyyəti və media sahələrində fəaliyyət göstərən  perspektivli peşəkarları dəstəkləmək məqsədi daşıyır. Proqram regiondaxili əlaqələrin möhkəmləndirilməsinə, liderlik bacarıqlarının inkişafına və əməkdaşlığın təşviqinə xidmət edir.

Təqaüd proqramı çərçivəsində iştirakçılar adətən ABŞ-da keçirilən beş-altı həftəlik intensiv proqramda iştirak edirlər. Proqrama yüksək səviyyəli dövlət rəsmiləri, biznes liderləri, akademiklər və region üzrə aparıcı ekspertlərlə görüşlər daxildir. Təqaüd proqramı iştirakçılara fikir mübadiləsi aparmaq, peşəkar əlaqələrini genişləndirmək, eləcə də regional və qlobal çağırışlara dair müzakirələrdə iştirak etmək imkanı yaradır.

Rusif Hüseynov seçilməsi ilə bağlı fikirlərini bölüşərək təşkilatçılara təşəkkürünü bildirib və CAMCA regionunun müxtəlif ölkələrini təmsil edən seçilmiş təqaüdçülərlə tanış olmağı, onlarla əməkdaşlıq və təcrübə mübadiləsi aparmağı səbirsizliklə gözlədiyini vurğulayıb.