İnsan hüquqları önəmlidir, ancaq dövlət maraqları daha öndə gəlir

İnsan hüquqları önəmlidir, ancaq dövlət maraqları daha öndə gəlir

Fevralın sonlarında ABŞ kəşfiyyatının jurnalist Camal Qaşıqçı cinayətində Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanı (MBS) günahlandıran məruzənin yayınlaması ABŞ və Səudiyyə Ərəbistanı arasındakı ikili münasibətlərdə ciddi qopuqluq yaradıb-yaratmayacağı ilə bağlı suallar meydana çıxarıb. ABŞ prezidenti Co Bayden də Səudiyyə ilə yeni dövrdəki münasibətlərin yeni qaydalar ətrafında formalaşacağını və insan haqları ilə bağlı pozuntuların məsuliyyət yaradacağını açıqlamışdı.

Baydenin 2018-ci ildə yayınlanmalı olan məruzəni bu günlərdə yayınlama qərarı almasındakı əsas motivasiyalardan biri MBS-nin sabiq prezident Donald Tramp və kürəkəni Cared Kuşnerlə çox yaxın münasibətləri ola bilər. Bununla da, Bayden həm Tramp dövründəki reallıqlara qarşı revanşist davranır, həm də vəliəhd şahzadəyə gözdağı verərək, ona yerini göstərir və cəzalandırır. 

Ancaq məsələnin bundan da irəli gedəcəyini və ciddi geosiyasi dəyişikliklərə səbəb olacağını söyləmək çətindir. Təsadüfi deyil ki, ötən gün Ağ ev rəsmiləri vəliəhd şahzadəyə qarşı sanksiyalar tətbiq edilməsinin müzakirə mövzusu olmadığını, ABŞ-ın öz müttəfiq ölkələrinin liderlərinə qarşı sanksiya qoymayacağını açıqlayıb. Beləliklə də, Ağ Ev özünün Yaxın Şərqdəki maraqlarını Qərb və universal dəyərlərə görə gözardı etməyəcəyini göstərir. 

Ümumilikdə isə Krallıq və ABŞ arasında bir əsrə yaxınlaşan münasibətlərdə insan haqlarının heç bir dövrdə prioritet olmadığını, ikili münasibətlərin dinamikasını müəyyən edən faktorlar arasında yer almadığını əminliklə demək mümkündür. Vaşinqtondakılar da hesab edir ki, Səudiyyə ilə münasibətləri dəyərlərə görə pozmaq Krallığı Çin və Rusiya kimi ABŞ-ın qlobal rəqibləri ilə sıx əməkdaşlığa sövq edə bilər. Təbii ki, dünyanın ən böyük neft hasilatçısının qarşı cəbhə ilə yaxınlaşması Vaşinqton üçün heç bir halda müzakirə mövzusu deyil.

Digər tərəfdən, hazırda qanuni monarx olan kral Salmanın 85 yaşında olduğunu, tez-tez xəstəliklərdən əziyyət çəkdiyini nəzərə aldıqda, onun 4 il sonranı - Bayden dövrünün sonunu görüb görməyəcəyi ilə bağlı suallar yaradır. Bu da Salmanın varisi, ölkədə bütün gücü əlində toplayan MBS-in Bayden dövründə qanuni olaraq taxta çıxmasının böyük ehtimal olduğunu göstərir. Əgər Krallığı idarə edən əl-Səud ailəsi daxilində MBS-nin vəliəhdliyi dəyişdirilməyəcəksə, o zaman Bayden Administrasiyasının MBS ilə işləməkdən başqa çox da seçimi qalmaya bilər. 

Odur ki, yeni Administrasiya üçün əsas məsələ, həm MBS-ə, həm də Trampa yaxın olan digər Yaxın Şərq liderlərinə yeni dövrdə oyunun qaydalarının dəyişdiyini göstərmək və qəbul etdirməkdir.