İkinci Qarabağ Müharibəsinin nəticəsi: Türkiyə reallığının qəbul edilməsi

Cənubi Qafqaz siyasəti Osmanlı dövləti üçün də əsas prioritetlərdən idi, bu mənada Türkiyənin son dövrlərdə Dağlıq Qarabağ münaqişəsində göstərdiyi aktivlikdən xüsusi təəccüb duyulmasını anlamaq çətindir. İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr bəyanatı ilə Türkiyənin Cənubi Qafqazda iştirakı beynəlxalq səviyyədə təsdiq olundu. 

Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Müharibə Türkiyənin siyasi iştirakı və vasitəçiliyi ilə sonlandı. Artıq, yeni dövrdə Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa yerinə, Rusiya və Türkiyənin müşahidəçi və vasitəçi rolu önə çıxacaq.  

10 noyabr bəyanatı hərbi fazanı yekunlaşdırsa da, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll edildiyini söyləmək çətindir. Münaqişənin gələcəyində və mümkün növbəti hərbi fazalarında Türkiyənin zəmanətçimiz olaraq iştirak etməsi son proseslərdə Azərbaycanın əsas qazanclarından biri oldu. Digər tərəfdən, şübhəsiz ki, rəsmi Bakı Dağlıq Qarabağla yanaşı, digər bütün sferalarda Türkiyə ilə çox yaxından əməkdaşlıq etmək fürsətindən məmnunluq duyur. Güman ki bundan sonrakı mərhələdə də hərbi-strateji müstəvidə Azərbaycan və Türkiyə Ordularının sıx əməkdaşlığı və müəyyən dərəcədə inteqrasiyası prioritet ola bilər.