Ermənistan-Azərbaycan münaqişəsi və İsrail

Ermənistan-Azərbaycan münaqişəsi və İsrail

İyul ayının ortalarında Cənubi Qafqazda daha bir hərbi eskalasiyanın şahidi olduq. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı təxribatından sonra iki ölkə arasında biri azərbaycanlı mülki şəxs olmaqla azı 17 nəfərin ölümü ilə nəticələnən şiddətli döyüşlər baş verdi.

Adətən “dondurulmuş münaqişə” adlandırılmasına baxmayaraq, Ermənistan-Azərbaycan qarşıdurması əslində çox qaynar və aktivdir. Maraqlıdır ki, davam edən atışmalar ənənəvi ərazidə -  Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda deyil (xəritə 1), Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca baş verdi. Budəfəki eskalasiyanın səbəblərini və motivasiyasını anlamaq üçün bir neçə fərqli aspekt vurğulansa da, son toqquşmaların mərkəzi olan Tovuzun Gürcüstanla həmsərhəd olması diqqətdən qaçmır. Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə uzanan bir neçə əsas infrastruktur layihəsi - Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəməri və Bakı-Tbilisi-Qars (BTK) məhz bu rayonun ərazisindən keçir.

Xəritə 1. Azərbaycan və Ermənistan: Dağlıq Qarabağ və indiki atışmaların baş verdiyi Tovuz bölgəsi

Cənubi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi üçün vacib olan bu infrastruktur İsrail üçün də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə çıxarılan Bakı neftinin əsas idxalatçılarında biri İsraildir.  İsrailin ümumi neft idxalının təxminən 40 faizini (bəzi digər məlumatlara görə, 65 faizə qədərini) Bakı nefti təşkil edir. Buna görə, BTC boru xəttinin qarşı provokasiyaların birbaşa İsrailin enerji təhlükəsizliyinə qarşı real təhdidlər yaratdığını da söyləyə bilərik.

2016-cı ildə Aprel döyüşlərində Azərbaycan hərbi qüvvələri bir sıra ərazilərin azad olunması zamanı əsasən İsrail istehsalı olan bir neçə növ dron növündən də səmərəli şəkildə istifadə etmişdi. Başqa sözlə, Aprel müharibəsinin Azərbaycan-İsrail hərbi-sənaye tərəfdaşlığının uğurlu nümayişinə də çevrildiyini söyləmək olar. 2009-cu ildə əsası qoyulan bu tərəfdaşlıq 10 il ərzində əhəmiyyətli səviyyəyə çatıb: belə ki, Azərbaycan tərəfi Hindistandan sonra İsrail hərbi sənayesinin ən böyük ikinci (17%) müştərisinə çevrilib. İsrailin “Elbit”, “IAI MALAT” və “RAFAEL” (əvvəllər “ADS”) kimi müdafiə sənayesi şirkətləri ilə çalışan Azərbaycan, xüsusilə pilotsuz uçuş aparatlarına (PUA) daha çox maraq göstərir və müasir İsrail PUA-larının alınması ilə Ermənistan üzərində hərbi-texniki üstünlüyünü xeyli artırıb.

Ermənistan tərəfinin rəsmi açıqlamalarına görə, 4 gün ərzində Azərbaycanın 13 PUA-sı zərərsizləşdirilib. Ermənistanın rəsmi açıqlamalarının ciddiyət səviyyəsini isə Ermənistan Müdafiə Nazirliyinin dünyanın ən müasir PUA-larından biri olan Elbit “Hermes 900”-ün vurulması ilə bağlı paylaşdığı videonu göstərmək olar. İki fərqli görüntünün birləşdirilməsi ilə ortaya çıxarılan, guya “Hermes 900”-ün vurulması ilə nəticələnən video sosial mediada tənqid hədəfinə çevrildi. (Şəkil 1). Hətta, alman mütəxəssis Yulian Röpke (Julian Röpcke) yayımlanan videonun ilk hissəsində erməni tərəfinin mülki təyyarəni nişan aldığını bildirdi. Erməni tərəfi bu iddiaları təkzib etsə də, vurulduğu iddia edilən “Hermes 900”-ün qalıntılarının ortada olmaması da başqa bir amildir. 

Ermənistan hakimiyyətinin İsrail mənşəli PUA-ların vurulması iddialarının “dron vətənpərvərliyi” və “dron millətçiliyi” adlandırdığımız maraqlı bir tendensiyaya səbəb olduğunu da qeyd etmək olar. “İsrail mənşəli elit PUA-ların ilk dəfə Ermənistan ordusu tərəfindən vurulması” xəbərləri Ermənistan ictimaiyyətində “milli qürur” məsələsi kimi qabardılmış və "İsrail PUA-ların yenilməzliyi” düşüncəsini ortadan qaldırmağa hesablanmışdı. Bu məqsədlə paylaşılmış feyk şəkillər isə sosial şəbəkələrdə yayılmışdı. 

        Şəkil 1. Cəmiyyətdə “dron vətənpərvərliyi” hisslərini daha da artırmaq üçün Ermənistanın rəsmi agentlikləri Əfqanıstanda vurulmuş bir PUA-nın görüntülərini İsrail istehsalı olan Azərbaycan dronu olaraq təqdim ediblər

Azərbaycanın PUA-larının İsrail mənşəli olduğu demək olar ki, bütün erməni xəbərlərində xüsusilə vurğulanırdı. Bu da  “dron vətənpərvərliyi”nin başqa bir effekti olaraq Ermənistandakı antisemitizmi dərinləşdirəcək. ADL-in 2014-cü ilə aid statistikasına görə, Ermənistanın antisemitizm indeksi (58%) İranınkından belə (56%) daha pisdir. “Pyu” (Pew) Araşdırma Mərkəzinin 2018-ci il mart ayına olan hesabatında da Ermənistanın Şərqi Avropadakı ən anti-semitist ölkə olduğu bildirilir. Şübhəsiz ki, bu göstərici Ermənistan ictimaiyyətinə ötürülən saxta xəbərlər və “dron vətənpərvərliyi” ilə daha da dərinləşəcək.

Avropanın etnik cəhətdən ən homogenik ölkəsi olan Ermənistandakı antisemitizm əhval-ruhiyyəsi, qədim yəhudi icmasının məskunlaşdığı bir müsəlman ölkəsi olan Azərbaycandakı multikultural mühitlə ziddiyyət təşkil edir. Azərbaycanın şimal-şərqində yerləşən və vaxtilə "Kiçik Qüds" adlandırılmış Qırmızı Qəsəbədə təxminən 4000 dağ yəhudisi yaşayır. 1918-ci ildə yerli yəhudilərin böyük bir hissəsi azərbaycanlılarla birlikdə erməni dəstələri tərəfindən məhv edilsə də, icma indiki dövrə qədər mövcudluğunu saxlaya bilmişdir. 1990-cı illərin əvvəllərində əsasən Rusiya, ABŞ və İsrailə mühacirət edən bir çox dağ yəhudiləri, öz vətənləri Azərbaycan ilə əlaqələrini saxlayır və Azərbaycan-yəhudi dostluğuna töhfələr verirlər. Azərbaycan parlamentinə ənənəvi olaraq ən azı bir yəhudi deputat seçilir (hazırda yəhudi əsilli millət vəkili Anatoli Rafailovdur). Bakı əsilli İosif Şaqal isə İsraildə Knessetin üzvü, daha sonra isə İsrailin Belarusdakı səfiri vəzifəsində çalışmışdır.

Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində başlamış sərhəd münaqişəsindən sonra, azərbaycanlı yəhudilər də öz cətəninə dəstək verdilər. Məsələn, Azərbaycanda doğulmuş yəhudi əsilli bir neçə rusiyalı iş adamı Qod Nisanov, Zarax İliyev və Araz Ağalarov,erməni mallarına qarşı boykot kampaniyasına qoşuldu və erməni sahibkarlar ilə ticarətdən imtina etdilər. Rusiyada yaşayan biznesmen və müğənni Emin Ağalarov və müğənni Xəyyam Nisanov (hər ikisi yəhudi əsillidir) da sərhəd toqquşması zamanı Azərbaycan xalqına mənəvi dəstəklərini dilə gətirdilər.

Davamlı və pozitiv inkişaf edən İsrail-Azərbaycan münasibətlərindən fərqli olaraq, Ermənistan dövləti İsrailin düşmənləri ilə geniş ittifaq qurmaqdadır: Ermənistan İrandan asılı vəziyyətdədir və müntəzəm olaraq bu ölkədən yardım alır. İrəvan, Suriya münaqişəsi başladığı gündən etibarən, Bəşər Əsədin ciddi dəstəkçilərindən biridir. Ermənistanın Baş Naziri Nikol Paşinyan ötən il hərbi müttəfiqi olan Rusiyanın təkidi ilə Suriyaya erməni hərbçilər göndərib. Ermənistan özəl şirkətləri də İranın Suriyadakı fəaliyyətinə fəal dəstək verirlər. Məsələn, 2019-cu ilin yanvar ayında ABŞ dövləti İrandan Suriyaya silah daşıyan və İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds Qüvvələri” ilə dolayı əlaqələr quran “Mahan Eyr” ilə əməkdaşlıq etdiyinə görə Ermənistanın “Flight Travel LLC” şirkətinə və onun direktoru Bella Gevorqyana qarşı sanksiyalar tətbiq edib.

Bir erməni müəllif isə son məqaləsində uzun müddətdir ki müzakirə edilən Ermənistanın İsraildəki səfirliyinin lazımsız olduğunu vurğulayaraq, aşağıdakı fikirləri bəyan edir: xaredim (qatı dindar olan yəhudilər) Qüds ermənilərini bəyənmir və təhqir edir; səfirliyin açılması Ermənistanın İranla həyati əhəmiyyətli münasibətlərinə xələl gətirəcək; Vaşinqtondakı yəhudi lobbisi ABŞ-ın 1915-ci il hadisələrini rəsmi olaraq soyqırım kimi tanımasının qarşısını alır və s.

Ermənistan-Azərbaycan münaqişəsi artıq Cənubi Qafqaz müstəvisindən çıxıb və bir çox beynəlxalq aktorları da cəlb etməyə başlayıb. İsrail (və bir sıra yəhudilər) də qonşuluqdakı bu münaqişə alovunun təsirinə məruz qala bilər və demək olar ki, dolayı yolla da olsa bu münaqişədə iştirak edir. Ümid edək ki, İsrail ədalətin tərəfində qalacaq və geosiyasi baxımdan daha əlverişli mövqeyi dəstəkləyəcək.