Brekzit və Birləşmiş Krallığın yeni rolu

Brekzit və Birləşmiş Krallığın yeni rolu

Foto: Britaniya bayrağının Avropa Şurası binasından götürülməsi. Brüssel, 31 yanvar 2020. Olivier Hoslet/AFP via Getty Images

2020-ci il 31 yanvar tarixində, yəni məlum referendumun bütün Avropaya təəccüb dalğası yaymasından 3 il yarım sonra nəhayət ki, Birləşmiş Krallıq Avropa Birliyindən ayrılma prosesini rəsmi şəkildə tamamladı. Eyni zamanda qitənin, eləcə də Britaniyanın özünün gələcəyini formalaşdırmaqla yanaşı La Manş boğazının hər iki tərəfindəki bir çox insanın ən son ana qədər inkar etməyi üstün tutduğu reallıq təsdiqlənmiş oldu. Hələ post-Brekzit Avropasının dəqiq konturları aydın deyilsə də, Brekzit özü qəbul olunmalı bir həqiqətdir.

 

Niyə Brekzit adətən səhv anlaşılır 

Referendumun keçirilməsindən etibarən əsas təhlilçi kütləsi başlıca səbəblər kimi imperiya nostalgiyası, yanlış yönləndirilmiş millətçilik və bütün Brekzit tərəfdarı olan vətəndaşların günahlandırıldığı cinqoizm kimi tamamilə irrasional mülahizələri görürdü. Belə motivasiyaların təbii və mövcud olduğu və Tommi Robinsonun (Tommy Robinson) Britaniya Milli Partiyası (British National Party - BNP) kimi ifrat sağ qüvvələrin Avropa Birliyinin tərk etməyin qəti tərəfdarları olduğu halda belə, onların britaniyalılar arasındakı 4-5%-i keçməmiş uzunmüddətli populyarlıq tendensiyasına qısa nəzər salmaq “Tərk et” tərəfdarlarının əhəmiyyətli hissəsinin heç də ksenofobiya, ya da aqressiv millətçilikdən qaynaqlanmadığını ortaya çıxardır. Bununla yanaşı, “Tərk et” kampaniyasının ictimai xadimlər və güclü təsirə malik KİV-lər tərəfindən sağçı doqmatiklər kimi davamlı olaraq brendləşdirilməsi anti-liberal histeriyaya olan meyillilikdən başqa bir şey gətirmədi və bir cür özünü reallaşdıran təxminlərə çevrildi. Tereza Mey (Theresa May) hökumətinin ayrılmaq üçün müzakirələri davam etmək ehtiyacı və Brekzit prosesinin danılmazlığı barəsindəki əsaslı şübhələr arasındakı xətdə itmiş görünən qərarsız və titrəyən mövqeyi də kömək etməməklə yanaşı Brüsseldə rəsmi Londonu fikrinin dəyişdirmək üçün qorxutmağa çalışan və nəhayət ölkəni konstitusiya böhranının astanasına gətirəcək qəti mövqeyə sahib olanları cəsarətləndirdi. Bir çox hallarda olduğu kimi, Londonun məntiqli güzəştlərə nümayiş etdirdiyi həvəs sadəcə Avropanın iştahasını açmağa, Brekzitin qəti tərəfdarlarının mövqeyini gücləndirməyə və 2018-2019-cu illərin bir müddət razılaşmasız Brekzitin qarşısıalınmaz proses kimi qorxu yaratdığı danışıqlarının aparılmasına xidmət etmişdir.

Fəlakət proqnozlarına rəğmən, Boris Consonun (Boris Johnson) Brekziti vaxtında tamamlamaq barəsindəki qərarlılığı və 2019-cu ilin dekabrında parlament seçkilərində ona güclü və loyal çoxluğu əldə etməyə imkan verən qətiyyətli qələbəsi danışıqlar prosesinə təkan verməyə və Londonun Avropa Birliyindən rəsmi şəkildə zamanında ayrılmasının mümkün edən bir sıra nəticələr əldə etməyə kömək etdi. Bir neçə aydır uzadılan irland məsələsi gərginliyi Baş Nazirlər Conson və Varadkarın keçid dövrü barədə razılaşması ilə bir gecədə həll edildi: müstəqil İrlandiya və Şimali İrlandiya arasında gömrük sərhədi olmayacaq; sadəcə ikinci ilə yerdə qalan Britaniya arasında İrland dənizi üzərində Şimali İrlandiya xalqı əksini açıq şəkildə öz iradəsi ilə istəyənə qədər gömrük tətbiq ediləcək. Beləcə, Londondakı saat 31 yanvar tarixində 23:00-ı vurduqda, 11 aylıq danışıqlar prosesinin son saniyələri sayıldıqda və Britaniyanın Baş Naziri artıq bunun təxirə salınmayacağını elan etdikdə post-Brekzit dünyası bilinməyənlərlə dolu okean olaraq qalmağa davam edir.

 

Danışıqlar: şahmat oyunu

Danışıqlar prosesinin nəticəsi barədə məntiqli proqnozlar irəli sürmək üçün hər iki tərəfin ən əsas məqsədlərini və motivasiyalarını başa düşməliyik. Həm Brüssel, həm də London üçün ən optimal şəkildə ticarət və qarşılıqlı münasibət razılaşması əldə etmək çox vacib olsa da, eyni zamanda hər iki tərəfin ticarət birliyinin faydalarından əl çəkməyə və sərt siyasətdən istifadə etməyə məcbur olacaqları pessimist ssenariyə uyğun mülahizələri də formalaşmışdı. AB üçün Britaniyanın yeni qazandığı tənzimləmə müstəqilliyindən əhəmiyyətli dərəcədə fayda əldə etməməsi çox vacibdir və bu baxımdan Britaniyadan müəyyən AB qaydalarına, əsasən də dövlət yardımına məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qaydalara riayət etməsini tələb edilir. AB daha əvvəl Brüsseldə qərarlaşdırılmış standartlara riayət etmək məcburiyyətindən azad olmuş, lakin ticarət ittifaqının gətirəcəyi faydanı qorumaq məqsədilə çıxış edən Londonun öz qabaqcıl şirkətlərini avropalı rəqibləri qarşısında üstünlüyə malik olmaq üçün subsidiyalaşdıracağından qorxur. Baş Nazir Consonun bu mövzuda verdiyi açıqlaması birmənalı deyildi: o, bu tənzimləmələrin uyğunlaşdırılmasına razılıq verməkdən imtina edərkən, Britaniya qanunlarının dövlət yardımı ilə bağlı tənzimləmələrinin əslində Avropa qaydalarından daha sərt olduğunu və narahatlıq üçün heç bir əsas olmadığını iddia edirdi. Onun bu məsələdəki mövqeyi əslində Vestminsterin indiki halda danışıqlar prosesinə necə yanaşdığını əks etdirir: ən ali məqsəd mümkün qədər çox müstəqillik əldə etmək, Brüsselin hazır olduğu səviyyədə azad ticarətə nail olmaq, bütün stateji məsələlərdə hazırkı tərəfdaşlığı qorumaq və bu çərçivə daxilində gömrük birliyi, insanların azad hərəkəti və məhsulların keyfiyyəti ilə bağlı detallı tənzimlənmələrdən asılı olmamaqdır. Bu mövqe Britaniya siyasi səhnəsinin bir cür ortasında – UKİP-in və Mühafizəkarlar partiyasının içindəki ona oxşar qrupların (Avropa Tədqiqat Qrupu) təcrid olunma siyasəti və Brekzitin adından başqa hər şeyindən qurtulmağa həvəsli olan və sonuncu seçkilərdən əvvəl parlamentdəki üstünlükləri ilə 2019-cu il çıxılmaz vəziyyət yaradan liberalların arasında qərarlaşıb. Odur ki, haqqında danışılan tərəflərin mövqelərinin tamam əks olmadığını, amma münaqişə ehtimalının yüksək olaraq qaldığını nəzərə alaraq danışıqlar prosesinin heç də asan görünmədiyini söyləmək mümkündür. Bundan başqa, ciddi arqumentlərə malik olması hər iki tərəfin qarşı tərəfin sonda güzəştə gedəcəyinə inandıra bilər.

Britaniyaya Avropanın 3 ən böyük gücündən biri statusunda olduğu kifayət qədər aydındır və o inanır ki (ya da ən azından danışıqlardakı əhəmiyyəti üçün inandığını nümayiş etdirir), sadəcə “məhəl qoyulmayacaq qədər vacib”dir. Bunun aydın olmasının səbəbi çətin keçəcək bir Brekzitin nəticəsinin Britaniya üçün ümumi AB-dən daha yüksək ola biləcəyinə (bəzi təxminlərə əsasən orta dövrdə ÜDM-də illik 1,5% azalmaya çata bilər) baxmayaraq, Avropanın da buna imkan verməyi istəməmək üçün kifayət qədər güclü təsirlənməsidir. Brekzit optimistləri tərəfindən irəli sürülən daha əsaslı arqument isə Londonun Avropa təhlükəsizliyindəki roludur: Londonda yerləşən “Henri Cekson Sosayəti” (Henry Jackson Society) tədqiqat mərkəzinin hesabatına əsasən Birləşmiş Krallıq Avropanın təhlükəsizlik sisteminin qabaqcılı qalmağa hazırdır. Birləşmiş Krallıq hələ də NATO içərisində ÜDM-nin 2%-dən çoxunu hərbi sahəyə xərcləyən yeganə böyük Avropa ölkəsi olub, ən son hərbi texnologiyalar sahəsində üstünlüyə sahibdir və sərhədlərindən kənarda qüvvələrini səfərbər etməyə tam hazır olması ilə fərqlənir. Hesabat artan qlobal qeyri-sabitlik şəraitində - Çinin inadlı yüksəlişi və Rusiyanın revizionist siyasəti fonunda, eyni zamanda transatlantik tərəfdaşlığın qeyri-müəyyənlik doğuran gələcəyi Avropaya öz təhlükəsizliyinin təmini üçün Londonla sıx bağlara sahib olmaqdan başqa çarə tanımayacağını vurğulayır. Ən sonda, Britaniya hökumətinə yaxın çevrələr Birləşmiş Krallığın qlobal ticarət perspektivləri barədə optimist fikirlər səsləndirirlər, belə ki, onlar ABŞ-dan Çinə, Hindistandan Yaxın Şərqə demək olar ki, hər bir ölkə ilə azad ticarət razılaşmalarını təşviq edir. Britaniyanın “təbii” xarici ticarət əlaqələrinin daha çox okean- və qitələrarası xüsusiyyətlərə malik olduğu, Avropadaxili ticarətin sadəcə son 4-5 onillik ərzində artdığı fikirləri də səsləndirilir. Yəni, bu cür düşünənlər ölkənin geriyə qayıtmaq üçün tam potensiala sahib olduğunu və mövcud vəziyyətdə meydana gələ biləcək “axsamalara” hazır olduqlarını ifadə edirlər. Bu çevrələrdə ikinci referendum keçirilməsini tələb edən Brekzit müxalifləri və mümkün ən yumşaq ayrılma prosesi Britaniya ictimaiyyətinə həyəcan siqnalı proqnozları yaydığı üçün  “Qorxu layihəsi” kimi adlandırılır. 

Digər tərəfdən, Brüsselin xeyrinə olan bir sıra amillər mövcuddur. Hər şeydən əvvəl, artan proteksionist tendensiyalar, Britaniyanın artıq uzun müddətdir ki, qlobal fabrik olmaması və müəyyən yüksək texnoloji sektor istisna olmaqla canlı sənayeyə sahib olmadığını nəzərə alaraq AB Londonun beynəlxalq ticarət kanallarını yenidən qazanmasının qeyri-müəyyən olduğunu iddia edir. Həqiqətən də AB-nın Britaniya ixracındakı payı, bir qədər azaldığına baxmayaraq, hələ də 44% həcmindədir ki, bu da onu Britaniyanın əsas ticarət partnyoru edir. Bundan əlavə, Brekzit Britaniyaya illik yüz milyardlarların gəlməsini təmin edən Sitinin maliyyə sənayesini də gərgin vəziyyətə saldı, çünki London mərkəzli qurumların indiki kimi Avropada azad əməliyyatlar həyata keçirmələri sual aldındadır. Bu məsələ Brüsseldəki bürokratların güclü arqumenti ola bilər, belə ki, artıq bir sıra sənədlər Londonu AB-nin təklif etdiyi şərtlərlə (daha çox Londonun qaçmağa çalışdığı gömrük birliyi barədə) razılaşmadığı halda minlərlə bank və şirkətin Dublin, Frankfurt və ya Avropanın istənilən başqa bir yerinə köçməsi barədə xəbərdar edib. İrland məsələsi də Brüsselin güzəştlər əldə etməsi üçün səbəb ola bilər: Şimali İrlandiyanın de-fakto gömrük birliyinin bir hissəsi kimi qalmasının Londondan Avropa qaydalarına uyğun davranmağı tələb etmək üçün güclü bir əsas əmələ gətirdiyi, əks halda onları sərf etməyən şərtlərlə çətin bir ayrılma prosesinin və İrlandiyada potensial problemlərlə qarşılaşma riskinin gözlədiyi irəli sürülür.

Eyni zamanda Britaniya və Avropa Birliyi üçün bir neçə daxili məsələ danışıqların son nəticəsinə güclü təsir göstərə bilər. Bir tərəfdən, Şotlandiya və İrlandiya məsələləri Britaniya siyasətindəki gərginliyi artırır. Edinburqdakı Şotland Milli Partiyası (SNP) hökuməti 2014-cü ildə uduzulmuş referendumdan sonra da müstəqillik qazanmaq amalından əl çəkməmişdir və Şotlandiyada Avropapərəst tendensiyalarının güclənməsi ilə Britaniyadan ayrılmağın populyarlığının artdığı bir vaxtda (50%-ə çatan dəstək səviyyələri müşahidə edilir) Londondan ikinci bir referendum üçün icazə almağa çalışır. Vestminster isə öz növbəsində Brüssellə razılaşma tam təsdiqlənənə və Avropa ilə gələcək münasibətlərin konturları dəqiqləşənə qədər belə bir tələbi qəbul etməyəcəyini açıqlayıb. Çətin keçən pessimist Brekzit ssenarisi reallaşarsa, müstəqilliyə dəstəyin artmasının qaçılmaz olacağı görünür. London Avropa Komissiyasının sabiq Prezidenti Donald Tuskun Şotlandiya barədə “müstəqil möcvudluğa üstünlük verəcəyi halda AB tərəfindən xoş qarşılanacağı” rəylərinə sərt reaksiya verdi və bunu məsliyyətsizlik adlandırdı. İrlandiyadakı müsbət gedişat da tam nailiyyət kimi qəbul edilməməlidir: Leo Varadkar hökuməti son seçkilərdə məğlub oldu və böyük ehtimalla gələcək hökumət bütün İrlandiyanın tam birləşməsini əsas məqsədi hesab edən irland milliyətçi partiya “Şinn Feyn”in  iştirakı ilə formalaşdırılacaq. Kiçik ölçüsü və qonşu İspaniyadan ən sadə ehtiyaclardan ötrü belə asılı olması səbəbindən Cəbəllütariq üzərində də hərtərəfli bir razılaşmanın əldə edilə bilinməməsi halında son dərəcə həssas bir problemin yaranacağı ehtimal edilir. Heç vaxt Cəbəllütariqlə bağlı iddialarını tamamilə geri götürməyən Madrid hazırkı status-kvonun bu ərazinin AB-nin tərkibində qalacağı təqdirdə qorunub saxlanılacağında təkid edir. Baş nazir Conson isə dəfələrlə bütün Britaniyanın AB-dən ayrılacağı iddiası ilə bu ehtimalı istisna edir.

AB nöqteyi-nəzərindən, müxtəlif üzv-dövlətlərin Britaniya ilə əlaqələrinin səviyyəsinin fərqli olması səbəbindən maraqlarının ayrılması danışıqlar prosesini kifayət qədər mürəkkəbləşdirmiş olur. Skandinaviya ölkələri, eləcə də bəzi Şərqi Avropa ölkələri (Polşa, Baltikyanı ölkələr) Londonla olan ənənəvi əlaqələrə görə daha yumşaq yanaşmanın tərəfdarı kimi qəbul edilə bilər. Fransa, Almanya və bəlkə İtaliya AB-nin liderləri kimi öz siyasi ağırlıqlarını vurğulamaq və gələcəkdə digər üzvlərin ittifaqı tərk etmək istəyəcəyi halda bunun necə zərərverən və ağrılı bir proses olduğunu çatdırmaqla xəbərdarlıq niyyətində daha sərt mövqe tutur. Bununla belə taktiki uzlaşma və yüksələn gözləntilərdən sonra tərəflərin sonda ortaq bir mövqedə razılaşacağını (əlbəttə ki, Britaniya İrlandiya məsələsi nəzərə alındıqda intihar kimi görünəcək hər hansı bir gömrük tərəfdaşlığından qaçmadığı və tamamlanmış viza rejimi tətbiq etmədiyi halda) deməyə əsaslar var. Təktərəfli güzəştlər tələb etmək cəlbedici səslənsə də, danışıqları çıxılmaz vəziyyətə salacaq və Avropanı göcləndirmək əvəzinə “Brüssel diktatorluğu” ilə əlaqədar  spekulyasiyaların tamaşaçı toplaya biləcəyi və avroskeptisizmin arta biləcəyi digər üzv-dövlətləri yadlaşdırmış olacaq. Eyni zamanda uzunmüddətli müttəfiqi və tərəfdaşı yeni bir qeyri-müəyyənlik mənbəyinə çevirmək artan qlobal qeyri-stabillik çərçivəsində tövsiyə edilən addım deyil. Boris Consonun baş nazirliyinin ilk ayları onun göstərişli imici və iddialı bəyanatlar vermək xüsusiyyətinə baxmayaraq gözləniləndən daha məntiqli və kompromisə getmək qabiliyyətində biri olduğunu təsdiqlədi.

 

Britaniya və AB-yə nə olacaq?

Brekzitlə bağlı ən çox maraq doğuran məqam Birləşmiş Krallıq və Avropaya gətirəcəyi uzunmüddətli dəyişikliklərdir. Adadakı bir çox siyasətçilər və şərhçilər bu prosesin II Dünya Müharibəsindən sonra Britaniya tarixindəki ən vacib hadisə olduğunu qeyd edir; Brekzitlə bağlı siyasi böhran isə 1945-ci ildən bəri ən ciddi böhran hesab edilə bilər. Bəs Brekzit tərəfdarlarının gələcəyə baxışları hansı formadadır? Referendumdan dərhal sonra nəticəni cılız milliyətçilik, əcnəbilərə qarşı fobiya və keçmiş təcrid olunma siyasəti ilə təsvir etmək Avropapərəst çevrələrdə adi hal aldı. Bir zamanların böyük Krallığının “Kiçik İngiltərə”yə çevriləcəyi, zəifləməyə doğru gedən sosial və iqtisadi vəziyyəti ilə birlikdə 3-cü dərəcəli güc olacağı və ən yaxın tərəfdaşlarından başqa kimsəyə təsir edə bilməyəcək qədər zəifləyəcəyi ilə bağlı təxminlər irəli sürüldü. Belə distopik təxminləri rədd etmək məqsədilə Mühafizəkarlar fərqli bir şey təklif etməli oldular: Brekzitə bəraət qazandıracaq və onu uzunmüddətli dövrdə faydalı göstərəcək yeni baxışlar. Beləliklə, “qlobal Britaniya” anlayışı meydana çıxdı. Əvvəldən Brekzitin əsas xətti “müstəqilliyi bərpa etmək” və “nəzarəti geri almaq” diskursu ilə bağlı olsa da, bu diskursa müsbət münasibət cüzi idi və müəyyən addımlar atılmalı idi.

2019-cu ildə daha əvvəl adı çəkilən “Henri Cekson” Mərkəzi Britaniyanın özünü qavrayışındakı tektonik dəyişməni nəzərdə tutan bir sıra proqram tərkibli yazılar nəşr etdi. Hərbi güc və iqtisadi ağırlıqla mədəni nüfuza qədər bir sıra parametrlər əsasında 8 qlobal gücün müqayisəli sıralamasını hazırlayan mərkəzin analitikləri Londonun son dövrlər xarici siyasətdə bir qədər “tənbəl” olmasına baxmayaraq, son nəticədə Birləşmiş Krallığın hələ də ən güclü 2-ci dövlət olduğunu iddia edirlər. Mərkəz Londonu dəyərlər və maraqlar üzərinə qurulmuş xarici siyasət həyata keçirməyə, açıq şəkildə iddia etməsə də, qlobal fikirdən uzaq və inadla artan qeyri-Qərb güclərə qarşı öz dəyərlərini qorumağa, həmçinin Avropaya münasibətdə klassik Britaniya siyasətinə geri dönməyə - heç bir qitə gücünün həddindən artıq dominant və ya ona qarşı ziddiyyətlər üzərində oynamağa icazə verməməyə səsləyir.

Xülasə, mərkəz Brekziti Britaniyanın tam potensialını meydana çıxaracaq lütf kimi qiymətləndirir. Onlar hərbi xərclərin illik ÜDM-in 3%-i həddinə çıxarılmasını, xarici və müdafiə siyasətini daha mükəmməl və koordinasiyalı etmək məqsədilə növbəti 10 il üçün milli strategiya hazırlamağa və dövlət qulluğunun keyfiyyətini qaldırmağa çağırırlar. Daha konkret təkliflər arasında Şərqi Avropada Rusiya təsirinə qarşı daha sərt mövqedə durmaq (Ukrayna xüsusilə vurğulanır), Britaniya maraqlarının ənənəvi zonası  olan Yaxın Şərqdəki münaqişələrin həllində daha böyük rol oynamaq və NATO-nun Şərq cəbhəsindəki potensialını artıracağı güman edilən, lakin daha ciddi üzvlük şərtlərinə sahib olacaq Avropa Müdafiə Birliyini yaratmaq (ÜDM-in müəyyən bir hissəsini müdafiəyə ayırmama üzvlük hüquqlarının dayandırılmasına səbəb olacaq) var. Bu kifayət qədər iddialı bir plandır; əslində Brekzitin İmperiya və "ağ adamın yükü" üçün hələ də nostalgiyaya malik çevrələrin layihəsi olduğu ilə bağlı şübhələr doğurur. Lakin Mərkəz və onun ideyalarının Baş Nazir Conson ilə sıx bağlı olduğunu və teatr populizmi üçün qlobal miqyasda meylliyini nəzərə alsaq, əlbəttə ki, burada əhəmiyyətli dərəcədə mübaliğə elementləri var. Bununla belə, şübhə etmək olmaz ki, London üçün Brekzitdən fayda əldə etməyin ən yaxşı yolu qlobal miqyasda iştirakı genişləndirməkdir; əlbəttə ki, hesabat müəlliflərinin iddia etdiyi qədər böyük olmayan milli iqtisadi imkanlar çərçivəsində. Təqdim olunan immiqrasiya qanununun layihəsi bu yaxınlarda ciddi nəzarət altına alındı, çünki qlobal miqyasda istedadların Britaniyaya cəlb edilməsində çox iddialıdır. Eyni zamanda bəzilərində işçi qüvvəsinə xroniki tələbatın olduğu aşağı və orta ixtisaslı peşələrin sahiblərinə ölkəyə giriş icazəsi verməkdən imtina edilir. Bu plan yeni qaydaların təsdiqləndiyi halda, mövcud səviyyədə fəaliyyət göstərmək qabiliyyətini itirməkdən narahat olan böyük şirkətləri qorxudur. Britaniya əksər Avropa ölkələri kimi dövlət tərəfindən maliyyələşdirilən qayğıya güvənən qocalan cəmiyyətə sahibdir ki, bu da miqrantların daha az ixtisaslı iş yerlərində çalışmasını qaçılmaz edir. Üstəlik, Mühafizəkarlar qələbələrini külli miqdarda dövlət maliyyəsi tələb edən bərpa və dövlət investisiyası vədi verdikləri, ənənəvi olaraq Leyborist Partiyasının seçiciləri hesab edilən post-sənaye Şimala borcludurlar. Conson hökuməti seçki proqramına sadiq qalmaq və iddialı xarici siyasət yürütmək üçün Ssilla və Xaribda arası ilə üzmək məcburiyyətində qalacaq və bunun müvəffəqiyyəti birbaşa Krallığın taleyinə, o cümlədən Şotlandiya məsələsinə, Böyük Britaniyanın hələ də (bəzi şərtlərlə) qoruduğu böyük güc statusuna və Avropa tarixinin ən uğurlu siyasi partiyası olan Torilərin etibarlılığına təsir edəcək.

Bəs Avropa necə? Avropa layihəsinin sona çatdığını demək hədsiz mübaliğə olardı; hətta Brekzit bəzi ölkələrdə Avropaya bağlılığı gücləndirmiş görünür. Amma potensial təhlükələr, sözsüz ki, artmışdır: əgər Britaniya öz itkilərini minimallaşdıra və Brekzit vədlərinin bir çoxunu yerinə yetirə bilsə, “Milli Cəbhə” (Le Front National), “Şimal Liqası” (Lega Nord), Almaniya üçün Alternativ (AfD) və sair avroskeptik partiyalar da AB-ni tərk etmək üçün kifayət qədər cəlbedici arqumentlər irəli sürə bilərlər. Brüsselin güzəştlərdən və üstünlüklərdən imtina edərək Londonu "cəzalandırmağa" cəhd etməsi nə qədər də cəlbedici görünsə də, bu, bəzi üzv-dövlətləri Brüsseldən uzaqlaşdıra bilər və buna görə də avrospektisizmi daha da gücləndirəcək bir çox siyasi qərarların qəbul etməsini tələb edə bilər. Fakt budur ki, əgər AB siyasi və hərbi cəhətdən həqiqətən də qlobal gücə çevrilmək istəyirsə, bəzi üzvlərini mərkəzi strategiyaya tabe olmamaq və birgə xarici siyasət yürütməyə hazır olmamaq səbəbilə ittifaqdan çıxartmaq və bəlkə də ABŞ-la müharibədən sonrakı dövrdə qurulmuş müttəfiqliyi tərk etmək kimi sərt qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Sonuncu ssenarinin konturları Prezident Trampın siyasəti səbəbindən daha aydın görünür. Britaniyanın ittifaqdan birdəfəlik ayrılmasına yaxın Fransa prezidenti Makron Rusiya ilə yaxınlaşmanı açıq şəkildə dəstəkləməyə və anti-Rusiya sanksiyalarının aradan qaldırılması proqramı ilə çıxış etməyə başlamışdır. London AB-ni tərk etməsi ilə Paris və Moskva arasındakı ənənəvi əlaqələrin daha da güclənməsi ehtimalı var və ən böyük məsələ indi Almaniyanın siyasi rolu ilə bağlı olacaq: Berlin kansler Merkelin etdiyi kimi, Parisi balanslaşdırmağı seçib Atlantik xarici siyasətinə sadiq qalmağa və ya əksinə Fransaya qoşulub Avropanın şərqə doğru yönəlməsini təmin etməyə üstünlük verəcək? İkinci yol, çox güman ki, Amerika tərəfdarı olan və Rusiyadan çəkinən Şərqi Avropa ölkələrini AB-dən uzaqlaşdıracaq və belə olan halda AB-nin indiki sərhədlərində mövcudluğu ritorik sual olacaq. Əlbəttə ki, Brekzitin hələ proqnozlaşdırılması mümkün olmayan sosial təsiri 21-ci əsrdə qlobal inkişafa böyük təsir göstərəcəkdir. Ən pessimist ssenaridə, Britaniya insanların hərəkət dinamikasını dəyişdirərək Avropa ilə viza rejimini bərpa edərsə, təcridçi millətçiliyin dalğası sərhədlər və münaqişələrin olmadığı gələcək ilə bağlı xəyalları sarsıda bilər.