Topçubaşov Mərkəzinin direktoru Ermənistana səfər edib

Topçubaşov Mərkəzinin direktoru Ermənistana səfər edib

21–22 oktyabr 2025-ci il tarixində Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Azərbaycan nümayəndə heyətinin kimi Ermənistan paytaxtını ziyarət etmiş və iki ölkənin ekspertləri arasında keçirilən dəyirmi masada iştirak etmişdir.

Müzakirə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən təşkil olunan birgə təşəbbüs çərçivəsində, hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə keçirilmişdir.

Görüş zamanı iştirakçılar iki ölkə cəmiyyətini narahat edən çoxsaylı mövzuları, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə etmişlər. Qrupun birgə fəaliyyət planlarının hazırlanmasına və perspektivlərinə xüsusi diqqət yetirilmişdir.  

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşmüşlər.  

İştirakçılar sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın da prosesə cəlb olunmasının vacibliyini vurğulamışlar.  

Görüşün sonunda qrup qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş birgə təşəbbüsləri davam etdirməyə hazır olduğunu təsdiq etmişdir.