Rusiya üçün tarixi şans: Qarabağda sülh

Rusiya üçün tarixi şans: Qarabağda sülh

 

Giriş

Azərbaycan və Ermənistan arasında 27 sentyabr 2020-ci ildə başlayıb 44 gün davam edən müharibənin il dönümünə bir aydan az bir müddət qalıb. Müharibədən sonra atəşkəsə riayət olunmasını təmin etmək üçün Rusiya Federasiyasının 2000-ə yaxın hərbçidən ibarət sülhməramlı kontingenti münaqişə zonasına yerləşdirilsə də, istər Qarabağda təmas xətti, istərsə də Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs mütəmadi olaraq pozulmaqda davam edir və bu pozuntular hər iki tərəfdən itkilərlə müşahidə olunur.

Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının fəaliyyəti və Rusiyanın Ermənistana silah ixracı ilə bağlı narazılığını rəsmi şəkildə ifadə etməsi fonunda Ermənistanın öz ordusunun Rusiya tərəfindən modernləşdiriləcəyini açıqlaması Rusiyanın bu iki Cənubi Qafqaz dövləti arasında rolunun yenidən sorğulanması ilə nəticələnmişdir. İkinci Qarabağ Müharibəsinin bitməsindən sonrakı ilkin dövrlərdə rəsmi Moskva öz müttəfiqi olan Ermənistan və strateji tərəfdaşı olan Azərbaycan arasında münasibətlərdə “qızıl orta”-nı tapmağa çalışan aktor kimi çıxış edirdi. İndi isə Rusiya daha çox Ermənistan və Qarabağ ermənilərinin post-müharibə dövründə üzləşdiyi problemləri aradan qaldıraraq tez ayağa qalxmasında maraqlı olduğunu göstərən və hətta bu istiqamətdə öz maliyyə resurslarından istifadə etməkdən çəkinməyən bir aktor olaraq çıxış etməkdədir.

 

Rusiya: vasitəçi yoxsa …? 

Rusiya xarici siyasətinin öz qonşuları ilə münasibətdə məqsədini yalnız Makiavelli fəlsəfəsi düşüncəsinin “divide et impera (parçala və hökm et)” prinsipi ətrafında izah edən narrativləri oxuyanlar üçün Rusiya diplomatiyasının bu cür çevik rol dəyişikliyi təəcüblü gələ bilər. Ancaq kifayət qədər aktiv xarici siyasətə sahib bir  dövlət üçün bu rol dəyişikliyi çox təbiidir. Bu rol dəyişikliyi təkcə müxtəlif diplomatik vasitələrdən istifadəni yox, həmçinin Rusiya hərbi-siyasi elitası daxilində müxtəlif qruplaşmaların nüfuzunu və onların qərarvermə proseslərinə təsirini təcəssüm etdirir. 

Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində rəsmi olaraq vasitəçi mandatına sahib olan Rusiyanın danışıqlar müddətində istifadə etdiyi diplomatik yanaşmaların qısa icmalı oxucularda bu dəyişikliklərin təbiətini daha sadə şəkildə anlamağa kömək edə bilər. Diplomatik yanaşmalar özlüyündə bu cür kateqoriyalaşdırıla bilər: “Status-kvoçu” –müxtəlif diplomatik kanallar vasitəsilə (əsasən də Minsk Qrupu çərçivəsində) vaxtın qazanılmasına, Azərbaycan-Ermənistan arasında müharibənin qarşısının alınmasına, status-kvonun saxlanılmasına və münaqişənin “dondurularaq” uzadılmasına hədəflənib; 2) “Praqmatik müdaxiləçi” – bu yanaşma müxtəlif diplomatik vasitələrlə münaqişənin Rusiyanın geosiyasi maraqlarının nəzərə alındığı formada həll olunmasına və Cənubi Qafqazda qismən də olsa Rusiya-mərkəzli stabillik sisteminin yaradılmasına hədəflənib; 3) “Aqressiv müdaxiləçi” – bu yanaşma Rusiyanın ənənəvi-tarixi öhdəliklərindən irəli gələrək regionda yeganə müttəfiqi olan Ermənistanın müdafiəsinin tam təşkil edilməsi və bu istiqamətdə lazım olarsa regional qüvvələr balansının Ermənistanın xeyrinə dəyişdirilməsinə hədəflənib. Əlbəttə ki, müxtəlif siyasi paradiqma nümayəndələri Rusiya xarici siyasətinin istifadə etdiyi yanaşmaların daha yeni tiplərini daha yeni adlarla şərh edə bilər, ancaq əsas diqqət edilməli olan məqam Rusiya hərbi-siyasi elitasının mütləq şəkildə sırf bir yanaşma seçməli olduğu fikrinə qapılmamaq olmalıdır. Aydındır ki, çoxşaxəli və çevik xarici siyasət kursuna sahib olan Rusiya xarici siyasəti əksər hallarda bu yanaşmaların sintezindən istifadə edir. 

Hal-hazırda ictimai diskursda Rusiyanın mühafizəkar, millətçi elitasının dəstəklədiyi “aqressiv müdaxiləçi” yanaşmanın daha çox gözə çarpdığını nəzərə alsaq, yaxşı olardı ki, bu yanaşmanın yaranma tarixinə də qısa şəkildə toxunaq. Ermənistan və Qarabağ ermənilərinin Azərbaycan ilə münasibətdə mövqelərinin gücləndirilməsinə cəhd və bununla da Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri M. Zaxarovanın təbiri ilə desək, “regionda güc balansının saxlanılması” siyasi xəttinin tarixi kökləri hələ Çar Rusiyası dövrünə dayanır. XVIII-XIX əsrlərdən etibarən Peterburq elitasının Qafqaz siyasətinin determinantı rolunu oynamış “Rusiya Qafqazda erməni mövcudluğunun protektorudur” prinsipi hətta Sovet siyasi doktrinalarında belə müxtəlif formalarda qorunulmuş, müstəqil Rusiya Federasiyasının yaranmasının ardından daha fərqli formatda ancaq fəlsəfi olaraq dəyişməmiş halda davam etmişdir. Bu siyasi xətt müasir dövrdə özünü Rusiya-Ermənistan hərbi-siyasi müttəfiqliyi formatında büruzə verir. Həm Rusiya, həm də Ermənistan hərbi-siyasi elitasının konsensus kimi qəbul etdikləri “Rusiya Ermənistanın xarici təhlükələr [Azərbaycan və Türkiyə] fonunda mövcudluğunun yeganə qarantıdır” tezisi məhz Çar dövrünün Qafqaz siyasi doktrinasının müasir dövrdə olan emansipasiyasıdır. 

Baxmayaraq ki, müasir beynəlxalq münasibətlər sisteminin təbiətinə uyğunlaşması üçün “Qafqaz erməniliyi” sözü “Ermənistan Respublikası” ilə əvəz olunub, Rusiya siyasi düşüncəsi hələ XVIII-XIX əsrlərdə müsəlman xanların idarəçiliyinə qarşı Çarı Qafqazda hərbi kampaniyalar başlatmağa dəvət edən yerli erməni feodallarının fəaliyyətlərini və bunun nəticəsində formalaşmış tarixi əlaqələri unutmayıb. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən ilhaqından sonra xanlıq ərazisindəki ordu birləşmələrinə rəhbərlik etmək üçün təyin edilmiş əslən qarabağlı general Valerian Mədətovun Çar ordusu hərbi formasında məşhur portreti bu  tarixi əlaqələrin poetik ifadəsidir. Rusiya siyasi təfəkkürünün mühafizəkar qanadı Çar ordusunun müsəlman xanlardan, Bolşevik ordusunun Müsavat ordusundan, SSRİ daxili qoşunlarının müstəqil Azərbaycanın hərbi birləşmələrindən “qurtardığı” Qarabağ ermənilərinin növbəti “qurtuluşunu” 10 noyabr 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşməsi hesab edir və bu qurtuluşu “Rusiyanın tarixi rolu” ilə əlaqələndirərək Rusiya-Qarabağ erməniləri münasibətlərinin “süzeren-vassal” təbiətinə eyham vurur.

 

Azərbaycanın çəkindirmə imkanları

İmperial keçmişin izləri özünü Azərbaycan siyasi təfəkkürünün formalaşmasında da büruzə verir. Rusiyanın Qafqaz siyasətinin “aqressiv müdaxiləçi” yanaşması özlüyündə Azərbaycanı təhlükəsizlik labirintinə itələyərək onu bütün siyasi vasitələrdən istifadə edərək regionda mövcud olan güc balansını [Azərbaycanın xeyrinə olan] qorumağa məcbur edir. Rəsmi Bakı üçün Rusiyanın “aqressiv müdaxiləçi” yanaşması ilə mübarizədə iki amil xüsusi kömək edir.

Bunlardan birincisi, Rusiya-mərkəzli heç bir hərbi-siyasi konfiqurasiyasının tərkib hissəsi olmamağın yaratdığı diplomatik manevr imkanları və Azərbaycanın Türkiyə başda olmaqla bir sıra avro-atlantik aktorlar ilə uzun illər ərzində qurduğu əməkdaşlıq modelidir. Məhz bunun nəticəsində post-Sovet məkanında ilk dəfə bir ərazi münaqişəsində NATO üzvü olan dövlətin (Türkiyə) birbaşa iştirakı ilə münaqişənin tənzimlənməsi prosesi konkret nəticələr vermiş və Azərbaycan erməni işğalı atlında olan ərazilərində nəzarəti bərpa edə bilmişdir. NATO-ya üzvlük ilə bağlı müraciət etməməsinə baxmayaraq, silahlı qüvvələrini NATO standartlarına uyğun olaraq modernləşdirməsi, NATO üzv dövləti ilə müdafiə və təhlükəsizlik siyasətini rəsmi şəkildə əlaqələndirməsi, Avropa İttifaqı ilə heç bir iqtisadi saziş imzalamamasına baxmayaraq, ən böyük ticarət dövriyyəsini Avropa İttifaqı ilə etməsi Azərbaycanın diplomatik manevr imkanlarının miqyasını göstərən nümunələrdən bir neçəsidir. 

Gürcüstan və Rusiya arasında diplomatik əlaqələrin mövcud olmaması Cənubi Qafqaz regionunda Azərbaycanın diplomatik təcridini (xəyali Rusiya-Gürcüstan-Ermənistan-İran ittifaqı mövcud olardısa) mümkünsüz edərək Azərbaycanın regional proseslərdə əsas determinant olmasını və determinantlığını Azərbaycan-Gürcüstan-Türkiyə (+NATO) siyasi tandemi vasitəsilə qorumasını təmin edir. Bu tandemin şərq istiqamətində (Türkiyə-Azərbaycan-Mərkəzi Asiya), şimal-qərb istiqamətində (Azərbaycan-Gürcüstan-Türkiyə-Ukrayna) və cənub istiqamətində (Azərbaycan-Türkiyə-Pakistan) uzanması Rusiyanın geosiyasi periferiyalar olaraq qəbul etdiyi regionlarda (Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya) yaratdığı və ya yaratmağa çalışdığı siyasi konfiqurasiyalara alternativ və hətta bəzi hallarda balanslaşdırıcı rol oynayır.

İkinci amil isə Azərbaycanın birbaşa tarixi-coğrafi mövqeyi və resursları ilə əlaqəlidir. Tarixən Cənubi Qafqazın resurslar baxımdan ən zəngin dövləti hesab edilən və Xəzər dənizi sahillərindən Anadolu yaylasına qədər geniş coğrafi ərazini əhatə edən Azərbaycanın iştirak etmədiyi təqdirdə Cənubi Qafqaz regionunda heç bir siyasi-iqtisadi konfiqurasiyanın dayanıqlı olmayacağı artıq kifayət qədər empirik nümunələrlə öz təsdiqini tapmışdır. Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanın bir “ada” kimi kənarda qalaraq digər İttifaq üzvlərinin heç biri ilə quru əlaqəsi qura bilməməsi, Ermənistanın iqtisadi təcridinin ümumilikdə Rusiya-mərkəzli iqtisadi inteqrasiya proseslərinin tam reallaşdırılmasının qarşısını alması, üç regionun (Qafqaz, Anadolu, Yaxın Şərq) kəsişməsində yerləşən Rusiya qoşunlarının (102 saylı baza) daimi təminatının quru yolu ilə problemli hala çevrilməsi və hətta İran vasitəsilə quru yolla qoşunlara təminatın aparılmasının sırf şimali İrandakı demoqrafik amillər səbəbindən mümkünsüzə çevrilməsi (bax: Rusiyadan İran vasitəsilə Ermənistana gedən hərbi yardımların İkinci Qarabağ Müharibəsi zamanı yolda bloklaması) məhz yuxarıda qeyd edilən nümunələrin bir neçəsidir.  

Coğrafi mövqeyin Azərbaycan tərəfinə strateji təşəbbüsü əldə saxlamağa imkan verdiyi daha bir zona isə keçmiş münaqişə regionudur. Azərbaycanın işğal altında olmuş yeddi inzibati rayona və keçmiş Dağlıq Qarabağ regionunun 30%-ə yaxın hissəsinə nəzarət etməsi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazinin Azərbaycandan ayrıca inkişaf etməsini mümkünsüzə çevirmiş və su, enerji, torpaq kimi həyati vacib resurslar üzərində Azərbaycanın mütləq monopoliyaya sahib olması ilə nəticələnmişdir.

 

Cənubi Qafqazda sülhə gedən yol Moskvadan keçə bilərmi?

Göründüyü kimi, Rusiya tərəfi neytral vasitəçi rolundan uzaqlaşdıqca Azərbaycan özlüyündə daha çox preventiv addımlar ataraq regional qüvvələr balansını qorumaqda maraqlı olur. Bu proses özlüyündə regionda konfrontativ situasiya yaradaraq əldə olunmuş üçtərəfli razılaşmaların icrasını çətinləşdirir. Halbuki, İkinci Qarabağ Müharibəsindən sonra regionda yaranmış situasiya təkcə Ermənistan və Azərbaycan üçün yox, həmçinin Rusiya üçün də yeni və bəlkə də tarixi şanslar yaradır. 

Rusiya əldə olunmuş üçtərəfli razılaşmaların tam icrasından əlavə Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası üçün sazişin imzalanması üçün vasitəçilik edərək Cənubi Qafqazda Rusiyanın rolunu təhlükə altına atacaq yeni müharibənin qarşısını dinc və diplomatik vasitələrlə ala bilər. Tərəflər arasında bütün fikir ayrılıqlarına son qoyacaq sazişin bir gecədə imzalanacağının mümkünsüzlüyü aydın olduğundan hal-hazırda Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında vaxtilə Misir və İsrail (1978), Hindistan və Pakistan (1972) arasında imzalanmış normallaşma sazişlərinə oxşar bir “Sülh naminə Çərçivə Sazişinin” imzalanmasına vasitəçilik edə bilər. Əgər bu vasitəçilik uğurlu olarsa, onda Azərbaycan və Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq diplomatik münasibətləri bərpa edə, aralarında olan fikir ayrılıqlarını yalnız dinc yollarla həll etməyə söz verərək normal qonşuluq münasibətləri formalaşdıra bilərlər. Müstəqillik illəri ərzində vasitəçilik etdiyi heç bir münaqişədə sülhü bərqərar edəcək bir sazişin əldə olunmasına nail ola bilməyən Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında “praqmatik vasitəçilik” edərək Cənubi Qafqaz regionunda sülh və stabilliyi təmin etməklə yanaşı qlobal arenada “münaqişələrdən qidalanan Rusiya” stereotipini dağıda və  ABŞ-ın Balkanlarda (Dayton müqaviləsi), Yaxın Şərqdə (Kemp Devid müqaviləsi, Abraham müqavilələri) etdiyi kimi tərəflər arasında sülhü əməli baxımdan təmin edə biləcəyini sübut edə bilər.

Rusiya avro-atlantik aktorların birbaşa iştirakı olmadan Azərbaycan və Ermənistan arasında normallaşmaya nail ola bilərsə bu prosesin məntiqi davamı olaraq Ermənistan-Türkiyə münasibətlərinin bərpa edilməsində vasitəçilik edə bilər. ABŞ-ın vaxtilə vasitəçilik etdiyi 2009-cu il Ermənistan-Türkiyə arasında imzalanmış Zürix protokollarına bənzər siyasi razılaşmaların əldə olunmasında təşəbbüsü bu dəfə rəsmi Moskva öz üzərinə götürə bilər. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında normallaşmaya nail ola bilən Rusiya gələcək perspektivdə bu presedentdən öz qonşuluğunda yerləşən digər münaqişələrin dinc yolla nizamlanmasında istifadə edə bilər. Azərbaycan-Ermənistan normallaşması nəticəsində Rusiya Azərbaycan ərazisindən və nəqliyyat şəbəkələrindən asanlıqla istifadə edərək müttəfiqi Ermənistandakı qoşunların təminatını asanlıqla həyata keçirə və Ermənistanın iqtisadi-siyasi təcridinə son qoya bilər. 

Ancaq Cənubi Qafqazda iki dövlət arasında normallaşmanın uğurlu həyata keçməsi üçün Rusiyanın siyasi vasitəçilik səylərindən əlavə Qarabağdakı sülhməramlı missiyanın işinin optimallaşdırılması və profesionallaşdırılması lazımdır. BMT missiyaları xaricində iştirak etdikləri əməliyyatlarda tərəf tutduqlarına görə tənqid edilən, barələrində tənqidedici BMT qətnamələri belə olan Rusiya sülhməramlı kontingenti üçün Qarabağdakı missiya həm də bir test xarakteri daşıyır. Əgər Rusiya sülhməramlıları Abxaziya, Cənubi Osetiya, Dnestryanı “modelini” Qarabağda davam etdirəcəklərsə onda Rusiyanın “itirdiyi qonşular” siyahısına təkcə Azərbaycan daxil olmayacaq, həmçinin “Rusiya öz qonşularına qarşı yalnız aqressiv münasibət bəsləyir” tezisi bir daha öz təsdiqini taparaq hətta Rusiyanın müttəfiqi olan dövlətlərin təfəkküründə “Rusiyadan uzaqlaşmaq lazımdır” fikrini daha da möhkəmlədəcək.  Bu məqamda, Rusiya sülhməramlıları üçün Qarabağda neytrallıqlarını pozaraq separatizmi dəstəklədikləri hər bir günün Mərkəzi Asiyaya açar rolunu oynayan Xəzər hövzəsində avro-atlantik qüvvələrin mövcudluğu ehtimalının artdığı bir gün olaraq qəbul etmək olar.

Halbuki, Rusiya elitası İkinci Qarabağ Müharibəsindən sonra yaranmış reallıqları doğru dəyərləndirərək, məsələyə praqmatik yanaşaraq həm Cənubi Qafqazda illərdir qanlı müharibələr aparmış iki dövləti barışdıra, həm Avropadan Uzaq Şərqə uzanan nəqliyyat-kommunikasiya xətlərinin Qafqazdan keçən hissəsində xüsusi söz payına sahib ola, həm sülhməramlı əməliyyatları tam tərəfsiz və yüksək profesionallıqla keçirə bildiyini əyani sübut edə, həm də Rusiya diplomatiyasının əslində sülh gətirə bildiyini göstərə və daha geniş kontekstdə isə özünün başlatdığı regional inteqrasiya modellərini iflasa uğramaqdan xilas edə bilər. Əgər lazımi addımlar atılarsa və beynəlxalq hüququn aliliyinin qorunduğu siyasi xətt tətbiq edilərsə Moskva-Bakı-Yerevan dəmiryolu xəttinin bərpa olunduğu, Qarabağın erməni və azərbaycanlılarının rus sülhməramlılarına güvənərək bir yerdə yaşadığı, Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli əməkdaşlıq modelinin qurulacağı günlər elə də uzaqda deyil...