Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində aksiyalar yenidən alovlana bilərmi?

Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində aksiyalar yenidən alovlana bilərmi?

Yaxın həftələrdə ötən il sentyabr ayının 16-da "şəriət polisi" tərəfindən həbs edilərək öldürülən Məhsa Əminin vəfatının bir ili tamam olacaq. Məhsanın ölümündən sonra ölkəni bürüyən geniş etiraz dalğası və iğtişaşların hadisənin ildönümü ərəfəsində təkrarlanması ehtimalı İran rəhbərliyini ciddi şəkildə narahat edir. Son həftələrdə ölkənin təhlükəsizlik strukturlarının dərinləşən sosial-iqtisadi böhran fonunda küçə etirazlarının başlamasına qarşı müxtəlif tədbirlər görməyə başlaması da məhz bundan xəbər verir. İlkin olaraq ötən ay Hüquq-Mühafizə Qüvvələrinin mətbuat katibi Səid Müntəzirəlmehdi hicab qaydalarına nəzarət üçün küçə patrullarının bərpa olunduğunu bildirdi. Məhsa Əmininin ölümü və ardınca baş verən aksiyalardan sonra "şəriət polisi" tərəfindən aparılan küçə patrulu səngimiş və hüquq-mühafizə orqanları fərqli metodlardan istifadəyə başlamışdı. Ancaq görünür ki, hicab qaydalarına itaətsizliyin geniş şəkildə yayılması və ötən ilki hadisələrin ildönümü ərəfəsində hicab məsələsinin yenidən gündəmə gəlməsi ölkə rəhbərliyinin sərt tədbirlər almaq qərarına gəlməsinə səbəb olub. İran parlamentinin ötən günlərdə hicab qaydalarının sərtləşdirilməsinə dair qanun layihəsini müzakirəyə çıxarması da məhz buna işarə edir.

Etirazların təkrarlanması ilə bağlı narahatlıqları İranın rəhbər şəxsləri də dilə gətirməkdən çəkinmir. Avqustun 1-də İnqilab Keşikçilərinin komandiri Hüseyn Salami Bəsic rəsmiləri ilə keçirdiyi görüşdə Məhsa Əminin ölümündən sonra baş verən etirazların İslam Resbulikasının əleyhinə olan ən təhlükəli və geniş yayılmış hərəkat olduğunu deyib. Bundan əlavə o, Məhsanın ildönümünü nəzərdə tutaraq belə halların təkrarlanmaması üçün təhlükəsizlik qüvvələrinin tədbirlər gördüyünü bildirib. Ölkənin müxtəlif regionlarında etirazçıların və aktivistlətin kütləvi həbslərinə dair xəbərlər Salaminin nəzərdə tutduğu tədbirlərə artıq başlanıldığınından xəbər verir. Hüquq-mühafizə orqanlarının açıqladığı məlumatlara əsasən ötən həftə ərzində iğtişaşlarla bağlı Gilan ostanında 12, Kürdüstan ostanında isə 6 nəfər həbs edilib. Əlavə olaraq son aylar ərzində ölkənin təhsil qurumları aksiyalarda iştirak etmiş tələbələrin kütləvi şəkildə universitetlərdən uzaqlaşdırmasına qərar verib. Yay ərzində isə ölkənin müxtəlif universitetlərində tələbələrə nizam-intizam komissiyaları tərəfindən etirazlara qoşulmamaqla bağlı təzyiqlər olduğu bildirilir. Tələbə hərəkatlarının "Teleqram" qruplarında yayılan xəbərlər göstərir ki, minlərlə tələbə universitetlərə çağırılıb və onların ailə üzvlərinə də bununla bağlı xəbərdarlıq edilib. Etirazların yenidən alovlanmasının qarşısını almaq məqsədilə atılan digər addım isə ali təhsil müəssələrində 2 oktyabr tarixinədək dərslərin "online" formatda keçirilməsi ilə bağlı verilən qərardır.

Eyni zamanda rejimin ötən il etirazlar zamanı öldürülən şəxslərin yaxınlarına da təzyiq göstərdiyi bildirilir. Məsələn, iğtişaşlar zamanı öldürülmüş 23 yaşlı Hadis Nəcəfinin bacısı Əfsun Nəcəfinin sosial şəbəkələrdəki fəaliyyətini dayandırması və digər öldürülən etirazçı Həmidrza Nurinin atası və qardaşının eyni addımı atması rejim tərəfindən ailələrə təzyiq göstərilməsi və təhdid eilməsi ilə əlaqələndirilir.

Bütün bu görülən tədbirlərin yekun məqsədi mövcud rejim əleydarı olan geniş kütlələrin, xüsusilə də gənclərin yenidən aktivləşməsinin qarşısını almaqdır. İslam inqilabını və rejimin formativ illərini görməyən, ölkədəki hazırki sosial-iqtisadi və siyasi-ictimai vəziyyətlə böyümüş və bununla barışmayan gənc əhali rejim tərəfindən ciddi təhlükəsizlik problemi hesab olunur. 2022-ci ildəki etirazların hərəkətverici qüvvəsinin 2009 və 2017-2018-ci illərdəkilərdən fərqli olaraq tamamilə gənclərdən təşkil olunması İranın dini-siyasi elitasının narahatlıqlarının əsaslı olduğunu göstərir. Məsələn, Sepaha yaxınlığı ilə tanınan "Cavan" qəzetinin apardığı araşdırmanın nəticələrində Məhsa Əmininin ölümündən sonra baş verən etirazların iştirakçılarının 93%-in 25 yaşdan kiçik olduğu vurğulanıb. İranın Statistika Mərkəzinin ötən ilin sonlarında açıqladığı hesabatda isə 15-24 yaşlı əmək qabiliyyətli əhalinin 77%-in işsiz olduğu qeyd edilib. İqtisadi çətinlik və sosial təzyiqlər ölkənin gənc əhalisinin küçə etirazlarını son çarə olaraq görməsinə səbəb olur və rejimin bütün cəhdlərinə baxmayaraq problem böyüməyə davam edir. Bu problemin qarşısını almaq üçün atılan addımlar və görülən tədbirlər isə “kosmetik” və nəzərəçarpan dəyişikliklərə səbəb olmayacaq formada edilir.

Ötən ay keçirilən Məhərrəm əzadarlıqları ərzində bir çox şəhərlərdə etirazlarda öldürülən gənclərin xatirəsinin yad edilməsi və hətta bəzi mərasimlərdə rejimi (yüngül formada da olsa) tənqid edən şüarların səsləndirilməsi mövcud sistemin əsas legitimlik dayağı olan dini mərasimlərin də artıq rejim əleyhinə çevrilə biləcəyinin göstəricisidir. İran rəhbərliyi qarşıdakı aylarda baş verəcək mümkün etirazları ötən illərdə olduğu kimi yatırmaq gücündə olsa da, artıq mütəmadi hal almağa başlayan gənc hərəkatlarının kökündə yatan səbəbləri aradan qaldırmaq iqtidarında deyil. Bu proses qarşıdakı illərdə elita daxilində sistemin fərqli istiqamətlər götürməsinə dair müzakirələrə səbəb ola və 84 yaşlı Əli Xameneyinin ölümündən sonrakı kritik dövrdə rejimin taleyini həll edəcək məsələyə çevrilə bilər.