Abenin siyasi kursu və sui-qəsdə məruz qalmış yapon bürokratlar

Abenin siyasi kursu və sui-qəsdə məruz qalmış yapon bürokratlar

Adambaşına düşən cinayət sayının azlığına görə Yaponiya hər nə qədər dünyanın qabaqcıl ölkələrindən biri olsa da, eyni zamanda sui-qəsdə məruz qalmış dövlət xadimi sayına da görə də dünyada ön sıralardadır. Gündoğar ölkənin iki dəfə baş naziri seçilmiş Şinzo Abenin bir ay öncə sui-qəsd nəticəsində öldürülməsinə qədər bənzər insidentlər ölkə tarixində bir neçə dəfə təkrarlanıb. Belə ki, sabiq baş nazirlər İto Hirobumi (1909), Hara Takaşi (1921), Osaçi Hamaquçi (1931), Tsuyoşi Inukai (1932), Korekiyo Takahaşi (1936), Saito Makoto (1936), keçmiş maliyyə naziri Junnosuke İnoue (1932), millət vəkili Koki İşii (2002), şəhər meri İcço İtoh (2007) və partiya sədri İnejiro Asanuma (1960) ada ölkəsində son bir əsr ərzində müxtəlif motivlər əsasında fərqli ideologiyalara mənsub qrup üzvləri tərəfindən sui-qəsdə məruz qalmış siyasi fiqurlardır. Cinayətlərin böyük bir qismi mərkəzi hökumətin siyasətindən narazı olan ifrat millətçilər tərəfindən törədilib. Ektremistlərin bəzilərinin həm ölkəboyu, həm də qlobal miqyasda güclü dayaqları olan yapon mənşəli Yakuza mafiyası ilə əlaqələrinin olması da istisna edilmir.

İkinci Dünya müharibəsindən bu yana monarxiyanın ən nüfuzlu siyasi xadimlərindən biri olmuş Şinzo Abe, ölkəsinin XXI əsr xarici siyasi kursunun formalaşmasında əhəmiyyətli rol oynayıb. Yaponiyanın Baş naziri vəzifəsini müəyyən fasiləylə iki dəfə icra etmiş Abe, bu postda ən uzun müddət vəzifə tutmuş siyasətçi olaraq tarixə keçib. Başqa sözlə, mərhum nazirin vəzifə səlahiyyətlərini icra etdiyi ümumi müddət 3188 gün olub. Uzun illərdən bəri iqtidarda olan və ölkənin ən mühafizəkar siyasi təşkilatlarından biri kimi tanınan Liberal Demokrat Partiyasını (LDP) təmsil edən Abe, son qərinədə passivləşmiş yapon xarici siyasətinin qlobal müstəvidə yenidən fəallaşmasında və ölkəsinin söz sahibi olmasında müstəsna rol oynayıb.

Siyasi portfoliyası zəngin olan bir ailənin nümayəndəsi olan Abenin babası Nobusuke Kişi 1957-60-cı illərdə Yaponiyanın baş naziri olub. Abenin atası Şintaro isə növbəylə kənd təsərrüfatı naziri (1974-76), ticarət və sənaye naziri (1981-82) və xarici işlər naziri (1982-86) kimi müxtəlif bürokratik vəzifələri icra edib. Abenin kiçik qardaşı Nabuo Kişi isə hazırda Yaponiyanın müdafiə naziridir. Bundan başqa, Abenin babasının qardaşı Eisaku Sato da 1964-72-ci illərdə ada ölkəsinin baş naziri olmuşdur. İlk dəfə 2006-ci ildə baş nazir seçilən Abe səhhətində yaranmış problemlərə görə bir il sonra istefa verməyə məcbur oldu. 2012-ci ildə siyasi arenaya yenidən qayıdan keçmiş nazir, ikinci dəfə baş nazir seçilərək 2020-ci ilədək bu vəzifədə qalır.

2013-cü ildə Milli Təhlükəsizlik Şurasını yaratmaqla daxili və xarici siyasətdə alınacaq qərarları tək əldə cəmləyən mərhum bürokrat, milli təhlükəsizliyi, iqtisadi yenidənqurmanı və qonşu ölkələrlə olan konfrontasiyaların konstruktiv həllini prioritet hala gətirmişdir. Bu minvalla, bir çox siyasi və iqtisadi məsələnin həllində qurumlararası süni əngəllərin və lüzumsuz proseduraların aradan qalxmasının və proseslərin sürətləməsinin yolu açılmışdır. Bürokratik müstəvidə həyata keçirilən radikal institusional dəyişikliklərə paralel olaraq iqtisadi kollapsın qarşını almaq üçün sistematik iqtisadi islahatlara da geniş yer verilir. Abenin rəhbərliyi altında 2013-cü ildə qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyası Yaponiyanın uzun perspektivdəki xarici və daxili siyasi kursunun məqsədyönlü surətdə formalaşmasını təmin etmişdir. Buna qədər, praqmatik xarici siyasət yeridən rəsmi Tokio xarici ölkələrlə daha çox iqtisadi maraqlar əsasında stabil münasibətlər qurmağa üstünlük verirdi, lakin qəbul edilmiş yeni dəyişikliklərdən sonra Gündoğar ölkə, geosiyasi və geostrateji maraqlarının qorunmasını ön plana çıxartmışdır. Abenin komandasının təqdim etdiyi yeni strategiya yapon hökumətinin beynəlxalq aktyorlarla həm siyasi, həm də iqtisadi əlaqələrinin formalaşmasında böyük əhəmiyyət kəsb edirdi. Onun dövründə Çin ilə olan diplomatik münasibətlər ziddiyətlərlə dolu mərhələlərdən keçmişdir. Əzəli siyasi rəqibi və eyni zamanda ən böyük ticari tərəfdaşı olan Çinlə əlaqələrin hər iki tərəfin maraqlarını təmin edəcək şəkildə tənzimlənməsi Gündoğar ölkədə hakimiyyətə gəlmiş istənilən iqtidarın əsas öncəliklərindən biri olmuşdur. İqtisadi maraqlar naminə bir tərəfdən rəsmi Pekinlə konstruktiv münasibətlərin formalaşmasına çalışan Abe, digər tərəfdən münaqişə predmeti olan mövzularda da qəti və əməli addımlar atmaqdan çəkinməmişdir. “QUAD” ittifaqı, Senkaku adaları, Tayvan məsələsi və başqa analoji mövzularda yaşanan Tokio-Pekin gərginliyinə rəğmən ümumilikdə Abe dövrü Çin-Yapon münasibətlərinin müsbət yöndə inkişaf etməsiylə xarakterizə edilir.

“Azad və Açıq Hind-Sakit okeanı” (Free and Open Indo-Pacific/FOIP) təşəbbüsünün memarı sayılan Abe, Pekinin son dekadada Cənubi və Şərqi Çin dənizlərində artan geostrateji maraqlarının qarşısını almaqdan ötrü qərbli müttəfiqləri ilə birgə əsasını qoyduğu siyasi-iqtisadi və hərbi-strateji inteqrasiya təşkilatlarının (TPP, QUAD, EPA və s.) funksionallağının qorunması üçün ciddi səylər göstərmişdir. Belə ki, Çinin iqtisadi təsir dairəsini məhdudlaşdırmaqdan ötrü ABŞ liderliyində 2016-cı ildə “Asiyaya qayıdış” strategiyası çərçivəsində ərsəyə gələn “TPP”-nin (Trans-Pacific Partnership) davamlılığı Abenin ortaya qoyduğu siyasi iradəylə mümkün olmuşdur. Tramp administrasiyası sözügedən əməkdaşlıq təşkilatına dair müqaviləni ratifikasiya etməkdən boyun qaçırdıqdan sonra (2017) Yaponiya həmin iqtisadi koalisiyanın formalaşmasında əsas rolu oynamışdır. Bundan savayı, ASEAN ölkələri ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verən Abe kabineti, “Azad və Açıq Hind-Sakit okeanı” konsepsiyasının effektiv tətbiqi üçün Cənub-Şərqi Asiyanın aparıcı iqtisadiyyatları ilə - İndoneziya, Sinqapur, Vyetnam və regionun digər ölkələri ilə yaxın təmasların qorunmasını strateji hədəf halına gətirmişdi.

Üstəlik, 2018-ci ildə Avropa Şurası və Yaponiya arasında imzalanmış iqtisadi əməkdaşlıq razılaşmasıyla da (EU-Japan Economic Partnership Agreement/EPA) Brussel-Tokio əlaqələri növbəti inkişaf mərhələsinə daxil olmuşdur. 2007-ci ildə Yaponiya, Hindistan, Avstraliya və ABŞ hökumətlərinin razılığı əsasında təsis edilən “QUAD” (Quadrilateral Security Dialogue) ittifaqı da Abenin adıyla bağlı olan beynəlxalq lahiyələrdən biridir. Adı çəkilən hərbi-strateji ittifaq əsasən, Hind-Sakit okeanları hövzəsində təhlükəsizlik məsələlərini, dolayısıyla Çinin regiondakı fəaliyyətini diqqət mərkəzində saxlama məqsədilə ortaya çıxıb.

Müasir ölkə tarixinin reformist liderlərindən biri olaraq xatırlanan Şinzo Abe, təqdim etdiyi iqtisadi islahat paketleri hesabına on illərdir tənəzzül dövrünü yaşayan yapon iqtisadiyyatını yenidən dirçəltməyə müvəffəq olur. Əsasən 3 istiqamətdə (yumşaq pul-kredit siyasətinin tətbiqi, fiskal stimullaşdırma tədbirlərinin həyata keçirilməsi və struktur tənzimləmələrinin aparılması) görülən genişmiqyaslı islahatlar hesabına ÜDM-in dinamikasında böyümə yaşanmışdır. Çinin artan iqtisadi dominantlığının qarşısında tab gətirə biləcək dayanıqlı yapon iqtisadiyyatının formalaşması Abe kabinetinin qarşısında duran əsas vəzifələrdən biri idi. “Abenomics” adı altında iqtisadi müstəvidə həyata keçirilən struktur islahatlarıyla yanaşı, hərbi sferada da radikal dəyişiklikləri təşviq edən Abe hökuməti Pekinin Hind-Sakit okean hövzəsində günbəgün artan siyasi və hərbi ambisiyalarına qarşı müqavimət göstərə biləcək güclü ordunun yaranması tərəfdarı idi. Müdafiə sənayesindəki islahatların bir digər məqsədi isə ölkənin milli müdafiəsinin təşkili işində ABŞ-dan asılılığı bacardıqca çox azaltmaq idi.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın diqtəsiylə yüksək döyüş qabiliyyətli yapon hərbi qüvvələrinin sayı kəskin şəkildə azaldılmış, iri kalibrli silahlardan imtina edilmiş və olduqca məhdud imkanlara malik “Yaponiya Özünümüdafiə Qüvvələri” təsis edilmişdir. Tokio hər nə qədər Vaşinqton ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsində istəkli olsa da, ABŞ-ın ölkə üzərindəki təsir mexanizmlərinin minimuma endirilməsində də daima maraqlı olub. Xüsusən, millətçi və konservativ cəbhənin nümayəndəsi hesab edilən Abe üçün bu məsələnin həlli olduqca vacib idi. Tokio hökumətinim əlinin-qolunu bağlayan, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın təkidiylə yapon konstitusiyasına (1947) əlavə edilmiş 9-cu maddəyə (ölkələrarası ziddiyətlərin həlli zamanı müharibə variantının Yaponiya üçün qadağan edilməsi) düzəlişin edilməsi keçmiş nazir tərəfindən zəruri tarixi missiyalardan biri hesab edilirdi. Beləliklə, 2014-cü ildə verilmiş bir sıra qərarlardan sonra “Yaponiya Özünümüdafiə Qüvvələri”-nin imtiyaz və səlahiyyətləri artırılmışdır. Meyci dövrüylə (Meiji era - Yaponiyada 1868-89-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən sosial-iqtisadi və hərbi-siyasi islahatlar dövrünü ehtiva edir. İrimiqyaslı islahatlar nəticəsində əsrlər boyu dünyadan təcrid edilmiş və iqtisadi olaraq geriyə qalmış aqrar ölkə olan Yaponiya modernizasiya prosesini sürətlə keçərək dünyanın aparıcı sənaye ölkələrindən birinə çevrilmişdir) müqayisə edilən islahatlar kompleksi ada ölkəsinin yenidən həm hərbi, həm iqtisadi, həm də siyasi güc olma yolunda atılmış zəruri addım hesab edilir.

Abenin 2020-ci ildəki ikinci və sonuncu istefasından sonra qısa müddətlik baş nazir postuna yiyələnən partiyadaşı Yoşihide Suqa (2020-21) özündən əvvəlki dövlət strategiyasının davam etdiriləcəyini bəyan etmişdi. Hazırki hökumət başçısı və LDP-nin sədri Fumio Kişidanın da sələfinin siyasi kursunu davam etdirəcəyini güman etmək çətin deyil. Şinzo Abe qədər sərt ritorika sərgiləməyən Kişida geopolitik şərtlərin günü-gündən mürəkkəbləşdiyi bir vaxtda regiondakı güc balansının qorunması naminə ciddi səylər göstərməli olacaq. Heç şübhəsiz ki, bu xüsusda Ağ Evin adekvat dəstəyi də həlledici rol oynayacaq, çünki Pekinin bölgədəki ekspansiya siyasətinə qarşı müqavimət göstərə biləcək dayanıqlı iqtisadiyyata, güclü müdafiə doktrinasına və ən əsası möhkəm siyasi iradəyə sahib Yaponiyanın mövcudiyyəti başda ABŞ olmaqla, müttəfiqlər üçün həyati məsələdir.