Avropa İttifaqının növbəti enerji böhranı: Rusiya-Ukrayna münaqişəsi fonunda İttifaqın qaz təchizatı və alternativ axtarışları (2-ci hissə)

Avropa İttifaqının növbəti enerji böhranı: Rusiya-Ukrayna münaqişəsi fonunda İttifaqın qaz təchizatı və alternativ axtarışları (2-ci hissə)

2022-ci ilin 24 fevralından etibarən Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar Avropa İttifaqının Rusiyadan enerji asılılığını, xüsusən təbii qaz təchizatında Rusiyanın vacib rolunu bir daha gündəmə gətirdi. Müharibənin ilk günlərindən enerji qiymətlərində artım və təchizatın dayanması riskləri İttifaqın enerji, o cümlədən qaz təchizatı çatışmazlıqları ilə üzləşməsi vəziyyətini mümkün edirdi. Hadisələrin belə gedişatı Avropa İttifaqını mövcud enerji siyasətini yenidən gözdən keçirməyə və qaz təchizatı mənbələrinin Rusiyadan diversifikasiyası istiqamətində təcili addımlar atmağa sövq etmişdir.

İki hissədən ibarət bu məqalənin hazırkı ikinci hissəsində (birinci hissəyə keçid bu linkdədir) İttifaqın qaz idxalı mənbələrinin diversifikasiyası, o cümlədən Norveç, Yaxın Şərq və Xəzər hövzəsi ölkələrindən boru kəmərləri vasitəsilə təbii qaz idxalının və ABŞ, Yaxın Şərq və Afrika ölkələrindən mayeləşdirilmiş təbii qaz (LNG) idxalının artırılması imkanları və İttifaqın bu istiqamətdə apardığı işlər müzakirə edilir. 


Qaz idxal mənbələrinin diversifikasiyası alternativləri

Rusiya qazını qısa müddətdə tamamilə əvəz etmək mümkün görünməsə də, Avropa İttifaqı hazırda enerji istehlakının yerli və xarici mənbələr hesabına ödənilməsini təmin etmək üçün tədbirlər görür. İttifaq ölkələri ərazisində alternativ enerji mənbələri, o cümlədən hidrogen istehsalının artırılması, nüvə enerjisi istehsal edən stansiyaların bərpası və yeni stansiyaların tikintisi, kömürdən imtinanın müddətli təxirə salınması, Niderlandda Groningen yatağından təbii qaz hasilatının artırılması hesabına tələbatın bir hissəsinin ödənilməsi planlaşdırılsa da, yaxın dövrdə təchizat çətinliklərinin qarşısını almaq üçün Aİ-nin əsas çıxış yolu fərqli mənbələrdən daha çox təbii qaz idxalıdır. 

Təbii qaz idxalı mənbələrinin diversifikasiyası isə neft və digər yanacaqlar ilə müqayisədə daha çətindir. Belə ki, tankerlərlə daşınan neftdən fərqli olaraq qazın mənşə ölkəsindən təyinat ölkəsinə çatdırılması üçün infrastruktur – həmin ölkələri birləşdirən boru kəməri və ya mayeləşdirilmiş qazın ixracı və qəbulu üçün LNG terminalları mövcud olmalıdır. Boru kəməri infrastrukturunun artıq mövcud olduğu ölkələrdən qaz çatdırılması əsasən kəmərlərin maksimum gücünə yaxın olduğundan hazırda idxal ölkələri ilə bu kəmərlərin genişləndirilməsi və ya yeni kəmərlərin tikintisi və təchizatın müvafiq olaraq artırılması barədə razılığa gəlinməsi, LNG idxalına münasibətdə isə yeni təchizatçıların tapılması, mövcud idxal ölkələrindən təchizatın artırılması və LNG terminallarının qurulması Avropa İttifaqının diversifikasiya siyasətinin əsas istiqamətləridir.


Boru kəmərləri vasitəsilə təbii qaz idxalı 

Əlcəzair

Əlcəzair Aİ tərəfindən boru kəməri vasitəsilə təbii qazın idxalı üçün əsas alternativlərdən biri kimi görülür. Qeyd edək ki, son dövrlərdə təbii qaza yerli tələbatın artması, infrastruktura investisiya qoyuluşunun azalması və siyasi qeyri-sabitlik Əlcəzairdən Avropaya təbii qaz ixracının azalmasına səbəb olmuşdu. Eyni zamanda, ötən ilin noyabrında Əlcəzair Mərakeşlə olan problemlər səbəbindən əsas qaz təchizatçısı olduğu Aİ ölkələrindən biri İspaniyaya qaz nəql edən iki boru kəmərindən birinin – Məqrib-Avropa qaz kəmərinin fəaliyyətini dayandırmışdı. Əlcəzairdən digər boru kəməri Medqaz-ın tutumunun artırılması vasitəsilə Aİ-yə qaz ixracının yüksəldilməsi mümkün olsa da, bunun üçün Əlcəzairin mövcud ehtiyatlarının işlənməsi prosesi sürətlənməlidir. Buna baxmayaraq, İtaliya artıq Trans-Aralıq dənizi boru kəməri (TransMed) vasitəsilə Əlcəzairdən qaz idxalının 40%-ə qədər artırılması ilə bağlı razılıq əldə edib. Qaz idxalının həcmi 2022-ci ildən başlayaraq mərhələli şəkildə artmaqla Əlcəzairdən illik olaraq əlavə 9 milyard m3 qaz İtaliyaya göndərilməlidir.

Həmçinin, tikintisi davam etdirilən və dəyəri 21 milyard ABŞ dolları olan Nigal qaz kəməri layihəsinin reallaşması Nigeriya və Nigerdən keçməklə il ərzində 30 milyard m3 təbii qazın Əlcəzairə nəqlini və buradan mövcud infrastrukturla Avropaya ixracını mümkün edəcəkdir.

Norveç

Dünyanın 7-ci ən böyük qaz istehsalçısı və 3-cü ən böyük təbii qaz ixracatçısı olan Norveç 2021-ci ildə Avropaya 113.2 milyard m3 təbii qaz ixrac etməklə İttifaqın Rusiyadan sonra ikinci əsas təchizatçısı olmuşdu. 2022-ci ildə bu rəqəmin 122 milyard m3 olması proqnozlaşdırılır.

Cari ilin martında Norveçin enerji şirkəti Equinor Avropa bazarında qiymət artımı və təchizat qıtlığını kompensasiya etmək üçün Aİ ərazisinə ixracı artırmağa və bunun üçün istehsalın artımına (2022-ci ildə ən azı əlavə 1.4 milyard m3) hazır olduğunu elan etmişdir. Bununla yanaşı, apreldən etibarən inşası davam etdirilən və 2023-cü il 1 yanvarda tam istifadəyə verilməsi gözlənilən Baltik kəməri vasitəsilə Norveçdən Polşaya illik 10 milyard m3 qaz çatdırılması nəzərdə tutulur.  

Lakin Norveçin mövcud qaz yataqları maksimum istehsal gücünə yaxın səviyyədə çalışdığından ekspertlər həmin yataqlar hesabına istehsalın dramatik artımına nail olmağın mümkün olmadığı qənaətindədirlər. Siyasi partiyalar arasında fikir ayrılıqları isə yeni quyuların istismarı hesabına qaz hasilatının artımı planlarının qarşısını ala bilər. 

Azərbaycan

Avropa İttifaqının və xüsusən İttifaqın Cənub-Şərqi Avropa hissəsinin Rusiya qazına alternativ axtarışlarında üz tutduğu mənbələr içərisində ölkəmizin də adı yer alır.

Azərbaycandan Avropa İttifaqı ölkələrinə qaz ixracı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir. Şah Dəniz yatağından hasil olunan qazı Avropa ərazisinə çatdıran Cənub Qaz Dəhlizi ümumi uzunluğu 3.500 km olan 3 əlaqəli boru kəmərindən: Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri (SCP), Türkiyə ərazisindən keçən Trans-Anadolu boru kəməri (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyada başa çatan Trans Adriatik boru kəmərindən (TAP) ibarətdir.

Sözügedən dəhliz vasitəsilə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə təxminən 2.8 milyard m3 həcmində təbii qaz ixrac etmişdir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Azərbaycanın qaz ixrac etdiyi Aİ ölkələri İtaliya, Yunanıstan və Bolqarıstandır. Aİ-yə ixrac olunan qazın əsas hissəsi, məsələn 2021-ci il üzrə təxminən 86%-i İtaliyanın payına düşür. Ümumilikdə isə Aİ-yə ixrac olunan təbii qaz Azərbaycanın ümumi təbii qaz ixracının 2021-ci il üzrə 35%-ni, 2022-ci ilin ilk 4 ayı üzrə isə 38%-ni təşkil etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına əsasən, Avropaya 2022-ci ildə ötən il ilə müqayisədə 30% daha çox – 10.5 milyard m3 təbii qazın nəqli proqnozlaşdırılır.

Mənbə: Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalar

Aİ-nin mövcud diversifikasiya siyasəti fonunda Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı daha əvvəldən mövcud olan planların reallaşması istiqamətində iş aktivləşmişdir. Belə ki, yuxarıda barəsində danışılan REPowerEU planında Cənub Qaz Dəhlizinin gücünün artırılmasının Cənub-Şərqi Avropa və Qərbi Balkanların qaz təchizatında böyük rola malik olacağı qeyd edilir və Dəhlizin Avropa hissəsi olan TAP-ın genişləndirilməsinə əlavə investisiya ayrılması Planın tərkib hissəsi kimi göstərilir. Qeyd edək ki, bundan daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprelin sonunda “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı TAP-ın potensialının 10 milyard m3-dən 20 milyard m3-ə qədər artırılmasının mümkün olduğunu, bunun üçün əlavə investisiyalar və vaxtın tələb olunduğunu bildirmişdi.

Prezident həmçinin Azərbaycan qazına artan tələbatı ödəmək üçün “Abşeron”, “Ümid” və digər yataqlar hesabına təbii qaz hasilatının artırılması, hasilatda itkilərin azaldılması, fəaliyyətin optimallaşdırılması və şəffaflaşdırılması, habelə alternativ enerji mənbələrindən istifadə vasitəsilə qənaət olunan təbii qazın ixraca yönəldilə biləcəyini vurğulamışdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, ötən ilin noyabrında Azərbaycan, Tükmənistan və İran arasında imzalanmış və 2022-ci ilin əvvəlindən tətbiq olunan swap sazişinə əsasən illik 1.5 – 2 milyard m3 qazın İran vasitəsilə Türkmənistandan Azərbaycana ixracı nəzərdə tutulur. İyunun əvvəlində Azərbaycan və İran arasında qeyd olunan qaz həcminin 2 dəfə artırılması ilə bağlı Anlaşma Memorandumu qəbul edilmişdir. Swap sazişi üzrə idxal olunan qazın yerli tələbatın ödənilməsinə yönəldilməsi və əvəzində yerli təbii qazın Türkiyə və ya Avropaya ixracı mövcud alternativlər sırasındadır.

Həmçinin, hazırda Türkmənistandan Azərbaycana təbii qazın planlaşdırılan Trans-Xəzər qaz kəməri vasitəsilə birbaşa ixracının həyata keçirilməsi istiqamətində tərəflər arasında danışıqların aparıldığı bildirilir. Layihə reallaşacağı təqdirdə əldə olunan əlavə qazın Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropaya ixracı mümkündür. Lakin, Azərbaycan tərəfi Avropaya qaz ixracının artırılması üçün ilk öncə infrastruktur layihələrinin maliyyələşdirilməsindəki çətinliklərin aradan qalxmasını və investisiya ehtiyaclarının qarşılanmasını vacib hesab edir.   


Mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 

Mayeləşdirilmiş təbii qaz (LNG) və əsas təchizatçıları

Mayeləşdirilmiş təbii qaz – LNG (Liquified Natural Gas) saxlanılması və daşınmasını asanlaşdırmaq üçün təbii qazın −162°C dərəcədə soyudularaq maye halına salınmış vəziyyətidir. Qaz halından 600 dəfə az həcmə malik olan LNG əsasən xüsusi dizaynlı və soyutma sistemli gəmilər və tankerlər vasitəsilə su yolu ilə, habelə xüsusi konteynerlər vasitəsilə quru və dəmir yolu ilə daşına bilər. Bir qayda olaraq, mənşə ölkəsində mayeləşdirilən təbii qaz LNG şəklində təyinat ölkəsinə nəql edilir və təyinat ölkəsində yenidən qazlaşdırılaraq yerli qaz şəbəkələrinə ötürülməklə istifadə olunur. Bu səbəbdən LNG ticarəti üçün həm ixrac ölkəsində, həm də idxal ölkəsində mayeləşdirmə və qazlaşdırmanı həyata keçirmək üçün müvafiq infrastrukturun mövcudluğu şərtdir.     

Dünya üzrə ümumilikdə 20-dən çox ölkə mayeləşdirilmiş təbii qaz ixrac edir ki, onların içərisində ən iri təchizatçılar Avstraliya, Qətər və Amerika Birləşmiş Ştatlarıdır. Qurulmaqda olan və ya planlaşdırılan əlavə potensiala gəldikdə isə ABŞ digər ölkələrdən daha öndədir. Belə ki, ABŞ-da 31.5 milyon tonluq tikintisi davam edən, 278.7 milyon tonluq isə planlaşdırılan əlavə LNG infrastrukturu var.   


Mənbə: Statista.com

Avropa İttifaqının artan LNG idxalı

Bruegel Araşdırma mərkəzinin hesablamalarına görə, 2022-ci ilin ilk 2 ayında Avropa İttifaqının Rusiyadan qaz idxalındakı təxminən 2 dəfə azalma LNG idxalının, xüsusən ABŞ-dan LNG idxalının 2 dəfədən çox artması ilə əvəz edilmişdir. Xüsusən yanvar ayında LNG-nin Avropa İttifaqına rekord həddə - 16 milyard m3 idxalı qeydə alınmışdır. Müqayisə üçün qeyd edək ki, İttifaqın 2021-ci il üzrə ümumi LNG idxalı 80 milyard m3 təşkil etmişdi. İttifaq ölkələri arasında əsas LNG idxalçıları İspaniya, Fransa, İtaliya, Niderland və Belçika, əsas idxal ölkələri isə ABŞ və Qətərdir.

Mənbə: Bruegel

ABŞ

Avropa İttifaqına ABŞ-dan ilk dəfə LNG idxalı 2016-cı ildə baş tutmuşdur. 2018-ci il iyul tarixli Birgə Bəyannamədə Avropa İttifaqının ABŞ-dan daha çox LNG idxal etməsi ilə bağlı müddəanın yer almasından sonra idxalda artım müşahidə olunmuş, 2021-ci ildə Avropa İttifaqına ixrac 12 milyard avro dəyərində 22 milyard m3 olmaqla ABŞ-ın ümumi LNG ixracının 23%-ni təşkil etmişdir. 

2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində isə böhran vəziyyəti ABŞ-dan LNG idxalını xüsusən artırmışdır. Ötən ilin dekabrında İttifaqın LNG təchizatı məhz Asiya bazarları üçün nəzərdə tutulan ABŞ LNG tankerlərinin Avropaya yönəldilməsi hesabına təmin edilmişdi. 2022-ci ilin ilk 4 ayında ABŞ-dan Aİ-yə ixrac ABŞ-ın ümumi LNG ixracının 3/4-nü təşkil etməklə  (2021-ci ilin müvafiq dövründə 1/3) ölkəni Aİ-nin əsas LNG təchizatçısına çevirmişdir. Bu artım ABŞ-ın mövcud təchizatın ixrac coğrafiyasını dəyişməsi və Asiyaya ixracı 2 dəfə azaltması hesabına baş verir. LNG ixracının təyinat nöqtəsinin dəyişməsinə səbəb Avropa bazarında qiymətlərin Asiya spot bazarlarından daha yüksək olması, Asiya ilə müqayisədə Amerikadan Avropaya marşrut daha qısa olduğundan LNG tankerlərinin daha çox səfər yerinə yetirə bilməsi, həmçinin siyasi və strateji motivlərdir.  

2022-ci il mart tarixli Enerji Təhlükəsizliyi ilə bağlı Birgə Bəyannaməyə uyğun olaraq, Avropa İttifaqı cari il ərzində ABŞ-dan planlaşdırılandan əlavə ən az 15 milyard m3 LNG idxalını və ümumilikdə 2030-cu ilə qədər illk 50 milyard m3 LNG idxalını reallaşdırmağı hədəfləyir. Bu hədəflərin həyata keçməsi ABŞ-ı İttifaqın ən iri qaz təchizatçılarından birinə çevirmək və İttifaqın Rusiyadan enerji idxalını dayandırmaq cəhdlərinin əsas benefisiarı etməklə Avropa bazarında Rusiyanın dominant yerini ABŞ-ın tutması ilə nəticələnə bilər.

Qətər

Ən böyük LNG təchizatçılarından biri olan Qətərin LNG ixracının təxminən 80%-i Asiya ölkələrinə, xüsusən Cənubi Koreya, Hindistan, Çin və Yaponiyaya təchiz edilir. Avropaya ixrac isə Qətərin LNG ixracının təxminən 15%-ni təşkil edir. Hazırda Aİ ölkələri içərisində Qətərdən əsas LNG alıcısı İtaliyadır.

Qətərdən LNG idxalına artan maraq fonunda mart ayında Qətərin enerji naziri CNN xəbər xidmətinə müsahibəsində Rusiyanın Avropaya qaz təchizatını tamamilə dayandırmağın və onu əvəz etməyin qeyri-mümkün olduğunu, Qətərin Avropanın ehtiyaclarını təmin etmək üçün kifayət qədər qaz ehtiyatlarına malik olmadığını, lakin gələcəkdə bunun mümkün ola biləcəyini bildirmişdi.

Mayın 20-sində Aİ-nin ən böyük qaz idxalçısı Almaniya ilə Qətər arasında Enerji tərəfdaşlığı haqqında bəyannamə imzalanmış və Qətərin 2024-cü ildən etibarən Almaniyaya LNG təchiz etməsi ilə bağlı razılıq əldə edilmişdir. Qətərin Şimal Yatağının genişləndirilməsi layihəsi (layihə Qətərin illik LNG istehsalı gücünü 110 milyon tona çatdıracaq (2021-ci ildə bu rəqəm 77 milyon olmuşdur)) hesabına mövcud alıcılarla yanaşı Almaniyanın LNG tələbatını və ümumilikdə ölkənin qaz tələbatının 20-25%-ni ödəmək gücündə olduğu bildirilir. İtaliya ilə Qətər arasında təchiz olunan LNG həcminin artırılması ilə bağlı martın əvvəlindən başlayan danışıqlar nəticəsində İtaliyanın “Eni” enerji şirkətinin sözügedən Şimal Yatağının genişləndirilməsi layihəsində tərəfdaş (25% payla) kimi iştirakı ilə bağlı razılığa gəlinmişdir.   

Yaxın Şərq və Afrika ölkələri

Yaxın Şərq regionunda İsrail və Misirdən LNG idxalının artırılması da İttifaqın diqqət mərkəzindədir. Bu yaxınlarda İsrailin Misirdəki LNG infrastukturdan istifadə etməklə Avropa İttifaqına qaz ixracı həyata keçirməsi ilə bağlı üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. İlkin razılığa əsasən İsraildən Misirə Ərəb Qaz Boru kəməri vasitəsilə qazın ixracının artırılması, həmin qazın Misirdə mayeləşdirilməsi və LNG şəklində Avropaya ixracı nəzərdə tutulur. İsrail alternativ olaraq üzən LNG terminalı alınması da nəzərdən keçirir.

Qeyd: İsraildən həmçinin Kipr vasitəsilə Yunanıstana qaz nəqlini nəzərdə tutan və hazırda planlaşdırma mərhələsində olan (2027-ci ildə istifadəyə verilə biləcəyi gözlənilir) Şərqi Aralıq Dənizi (East-Med) boru kəməri ilə Avropaya illik 9-12 milyard m3 təbii qaz çatdırılması planlaşdırılır.

Şərqi Aralıq dənizi regionunda qaz ticarəti habına çevrilmək istəyində olan Misir də həm yerli təbii qaz ixracı, həm də idxal olunan qazın LNG şəklində ölkədə mövcud olan 2 LNG terminalı vasitəsilə təkrar ixracı hesabına Avropaya ixracı artırmaq niyyətindədir. Misir Aİ ilə boru kəməri ilə əlaqələnmədiyi üçün təbii qaz ixracının hazırda yeganə mümkün yolu qazın LNG şəklində ixracıdır.

Qərbi Afrika ölkələrindən, xüsusən Seneqal, Nigeriya və Anqoladan Avropaya LNG və hidrogen idxalı ilə bağlı da ilkin danışıqlar aparılır. Almaniya Kansleri Olaf Şolzun Afrikaya səfəri zamanı birgə qaz və bərpa olunan enerji hasilatı, habelə LNG idxalı ilə bağlı Seneqal ilə ilkin danışıqlar aparılmışdır. Nigeriyadan İttifaq ərazisinə LNG idxalının artırılması imkanları ilə bağlı da danışıqlar davam edir. Qeyd edək ki, Nigeriya 2021-ci ildə əsasən İspaniya, Portuqaliya və İtaliyaya olmaqla ümumilikdə Avropaya 12.6 milyard m3 LNG ixrac edib ki, bu rəqəmin mümkün ixrac potensialından xeyli aşağı olduğu deyilir.

Bununla yanaşı, aprel ayında İtaliyanın enerji şirkəti “Eni” MisirdəKonqoda qaz istehsalını və bu ölkələrdən Avropaya, xüsusən İtaliyaya LNG ixracını artırmaq ilə bağlı sözügedən ölkələrin hökumətləri ilə, həmçinin bərpa olunan enerji və LNG ilə bağlı birgə layihələrə dair Anqola ilə razılığa gəlmişdir.
 

Avropada LNG infrastukturu çatışmazlığı

Avropa İttifaqının ümumi LNG idxal qabiliyyəti 157 milyard m3 (qazlaşdırılmış halda) civarında olsa da, LNG idxalı üçün lazım olan infrastrukturun İttifaq ölkələri arasında bölgüsü bərabər deyildir. 2022-ci ilin  aprelinə olan məlumatlara əsasən Avropa İttifaqı ərazisində 21 işlək LNG terminalı var ki, bu terminalların böyük əksəriyyəti İspaniya, Fransa və İtaliya ərazisində yerləşir. LNG idxal terminalları və maye qaz bazarlarına çıxışı olan həmin ölkələr mümkün təchizat qırılmalarına daha dözümlüdürlər.

Cənub-şərqi, Mərkəzi və Şərqi Avropa ölkələrində isə LNG infrastrukturu zəifdir və ya ümumiyyətlə mövcud deyil. Sözügedən regionlarda yalnız Polşa, Litva və Xorvatiyada LNG terminalı mövcuddur. Eyni zamanda, LNG-nin qəbul edildiyi və qazlaşdırıldığı terminallardan digər Aİ ölkələrinə ötürülməsi üçün də boru kəməri infrastrukturu çatışmır. Məsələn, Pireney yarımadası LNG idxal terminalı habı olsa da, buradan qazın Avropanın digər hissələrinə çatdırılması üçün kifayət qədər infrastruktur yoxdur.

Hazırda Aİ ərazisində 24 yeni LNG terminalınını tikintisi planlaşdırılır. Lakin terminalların tikintisi və fəaliyyətə başlaması böyük vaxt və xərc tələb edir. Belə ki, bir terminalın tikintisinə 3-5 ilə qədər vaxt və təxminən bir neçə yüz milyon avro sərf olunmalıdır. LNG idxalı üçün yeni infrastrukturun, o cümlədən daimi terminallar və üzən saxlama və qazlaşdırma qurğuları, habelə LNG-nin digər ölkələrə çatdırılması üçün boru kəmərlərinin tikintisi layihələrinin təsdiqinin sürətləndirilməsi və maliyyə mənbələrinin tapılması üçün Komissiya və üzv dövlətlər tərəfindən iş aparılır.

Qeyd edək ki, Rusiya qazından asılılığı yüksək olan Aİ-nin ən böyük iqtisadiyyatı Almaniyanın öz LNG terminalı yoxdur. Almaniya hazırda Belçika, Fransa və Niderlanddakı terminallardan istifadə edir ki, bu da onun LNG idxal imkanlarını məhdudlaşdırır. Hazırda Almaniyada dördə qədər yeni daimi LNG terminalının tikintisi planlaşdırılır. Terminallarından birinin 8 milyard m3 tutuma malik olmaqla Almaniyanın Brunsbuettel liman şəhərində tikilməsi və 2026-cı ilə qədər istifadəyə verilməsi gözlənilir. 12 milyard m3 tutuma malik olacaq Stade terminalının da 2026-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. 2020-ci ildə inşasına başlanılan və 2022-ci ilin fevralından etibarən işlərin davam etdirildiyi Wilhelmshaven LNG terminalının isə 2025-ci ildə tamamlanması və illik tutumunun 10 milyard m3 olması gözlənilir. Almaniya həmçinin apreldə Şimal dənizi və Baltik dənizi limanlarında yerləşdirilməsi üçün üzən LNG terminallarının icarəsinə 3 milyard avro ayırmışdır.

Yekun

Göründüyü kimi, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu real təchizat problemləri, qiymət artımı və qaz idxalının Rusiyadan diversifikasiyası yönündə siyasi iradə Avropa İttifaqının həm boru kəməri vasitəsilə təbii qazın, həm də LNG idxalının artırılması ilə bağlı çoxsaylı alternativləri nəzərdən keçirməsinə səbəb olmuşdur. Bu alternativlərin təchizata təsirini qısa müddətli və orta və uzun müddətli dövrlərdə qiymətləndirmək mümkündür.

Qısa müddətli dövrdə - planlaşdırılan və ya tikintisi aparılan bir çox infrastruktur layihələrinin, o cümlədən boru kəməri və LNG infrastrukturunun tikintisinin tamamlanması üçün illər tələb olunduğundan bu layihələrin qısa müddətdə Aİ-nin qaz təchizatı problemlərinə kömək edəcəyi real görünmür. Üstəlik enerji keçidinin sürətləndirilməsi narrativi səbəbilə qalıq yanacaqların hasilatı sənayesinə investisiyaların azalması və maliyyə institutlarının yeni enerji layihələrinə kredit ayırmaqdan çəkinməsi ilə bağlı yeni layihələrin reallaşdırılması üçün maliyyə resurslarının və əlavə investisiyaların cəlb edilməsi ilə problemlər mövcuddur ki, bu da layihələrin ləngiməsinə səbəb ola və ya reallaşmasını sual altında qoya bilər.

Sözügedən narrativ son illərdə enerji təhlükəsizliyini arxa plana atmaqla Avropanın hazırkı böhranında müəyyən paya malikdir. Hazırda isə böhran səbəbilə İttifaqın bəzi ölkələrinin nüvə və kömür istehsalına geri qayıtmaq niyyəti, təbii qaz idxalı üçün qalıcı infrastrukturların tikintisi planları bərpaolunan enerjiyə keçidə və İttifaqın ətraf mühitin qorunması hədəflərinə çatmaq istiqamətində geri addım kimi dəyərləndirilə bilər. Bu baxımdan, İttifaqın mövcud vəziyyətdə enerji təhlükəsizliyi və eneji keçidi prioritetlərini necə balanslaşdıracağı maraq doğurur.

Müharibənin davam etməsi ilə Rusiyanın qaz təchizatını azaltması və ya Rusiyadan qaz idxalına qarşı sanksiyaların tətbiqi halında qısa müddətdə təchizatın təmin edilməsi və saxlancların səviyyəsinin artırılması üçün mövcud infrastruktur və üzən LNG terminallarından istifadə hesabına LNG idxalının artırılması daha ağlabatan görünür. Lakin burada LNG bazarlarının maksimum gücünə yaxın səviyyədə çalışması, əlavə tələbatın ödənilməsi üçün təchizatın çatışmaması səbəbindən mövcud təchizat uğrunda rəqabətin artması (əsasən Şərqi və Cənubi Asiya ölkələri ilə) və xüsusən payız və qış dövrlərində qiymətlərin dramatik səviyyədə yüksəlməsi gözləniləndir. Bu isə öz növbəsində lazımi təchizatın əldə edilməsində çətinliklərə və Aİ ölkələrinin əvvəlki illərlə müqayisədə təbii qaza daha çox maliyyə sərf etməsinə gətirib çıxaracaqdır.

Orta və uzun müddətli dövrdə - hazırda planlaşdırılan və ya tikintisi aparılan infrastruktur layihələrinin hazır olacağı və fəaliyyətə başlayacağı dövrdə Avropada təbii qaza tələbatın hazırkı kimi yuxarı səviyyədə olmaması riski mövcuddur. Belə ki, Aİ üçün prioritet olan bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi gələcəkdə qalıq yanacaq infrastrukturlarının istifadəsiz qalmasına səbəb ola bilər. Layihələrin əksəriyyətinin 2025-26-cı illərdə yekunlaşıb fəaliyyətə başlaması planlaşdırılır ki, həmin vaxtadək Avropada enerji keçidinin hansı mərhələdə olacağını və qalıq yanacaqlara tələbatın səviyyəsini proqnozlaşdırmaq çətindir. İstehsalçı ölkələr və investorlar bu cəhətdən yeni layihələr üzrə risklərin qiymətləndirilməsində xüsusən diqqətli olmalıdırlar.

Digər tərəfdən, təbii qaz idxalının artırılması üçün nəzərdə tutulan çoxsaylı layihələrin reallaşması, alternativ enerji istehsalının artırılması, həmçinin Rus qazının Avropa bazarını tərk etməməsi və ya müharibədən sonra bazara geri qayıtması Avropa və dünya bazarlarında qaz təchizatının artıqlığının yaranmasına və qiymətin istehsalçı ölkələrin maraqlarına zidd olan şəkildə enməsinə səbəb ola bilər. Bu baxımdan, istehsalçı ölkələr hazırda yaranmış fürsətləri tez bir zamanda dəyərləndirməyə çalışmaqla bərabər neft hasilatı ilə olduğu kimi təbii qazda da hasilat normalarının artırılmasında ehtiyatlı davranmalıdırlar.