ABŞ və Egey münaqişəsi: Baydenin seçilməsi münaqişəyə necə təsir edəcək?

ABŞ və Egey münaqişəsi: Baydenin seçilməsi münaqişəyə necə təsir edəcək?

Amerika Birləşmiş Ştatları öz qərarını verdi: 306 seçici səsi ilə Co Bayden rəsmi olaraq ABŞ-ın 46-cı prezidentidir. Baydenin qələbəsi COVID-19 pandemiyasından irqi ədalətsizliyə qədər bir sıra siyasi məsələlərdə dönüş nöqtəsi olaraq nəzərdən keçirilir və bu, ABŞ xarici siyasətinin gələcəyi ilə bağlı önəmli suallar doğurur. ABŞ-ın Donald Trampın prezidentliyi dövründə dörd illik təcridçilik siyasətindən sonra Baydenin geosiyasi strategiyası çoxtərəfli razılaşmalara və beynəlxalq təşkilatlara daha çox əhəmiyyət verərək daha beynəlmiləl diplomatiya yürüdəcəyini vəd edir. İqlim, ətraf mühit və NATO-ya daha çox diqqət yetirilməsi gözlənilir. Şübhəsiz ki, bu çərçivədə köhnə qitə ilə münasibətlərin bərpası xarici siyasət prioritetlərindən biri olacaqdır. Böyük ehtimalla Çinlə münasibətlərədə əsas öncəliklər insan hüquqları, Tayvan və Honq-Konqla əlaqədar olacaqdır. Seçilmiş prezident İrana qarşı olan gərginliyi aradan qaldırmaqda, Tehrana qarşı sanksiyaları azaltmaqda və nüvə razılaşmasını yenidən gündəmə gətirməkdə maraqlı ola bilər.

Görünür, Baydenin Yaxın Şərq barədə mövqeyi Trampın mövqeyindən fərqlənməyəcək. İraq və Əfqanıstandan qoşunların çıxarılması hələ də regiona təsir edən "əbədi müharibələr"ə son qoymaq üçün prioritet məsələ olacaq, hərçənd bunun neft üzərində muxtariyyətin əldə edilməsi ilə bir yerdə baş verməsi terrorizmlə mübarizədə ABŞ-ın marağından xəbər verir. İsrail-Fələstin məsələsinə gəldikdə isə Baydenin mövqeyi son dərəcə aydındır və yenə də əvvəlki administrasiyanın yeritdiyi siyasətdən çox fərqlənmir. Baydenin İsrailin Baş Naziri Netanyahu ilə təxminən 40 illik dostluğu və ABŞ səfirliyini yenidən Tel-Əvivə köçürmək niyyətində olmaması, Trampın hakimiyyəti dövründə Fələstin Muxtariyyəti ilə diplomatik əlaqələrin sarsıdıcı şəkildə pisləşməsi və nəticədə kəsilməsi əlaqələrin yaxşılaşdırılması ehtimalını çətinləşdirir. Yeni hökumətin fərqli cəhəti isə Baydenin Fələstin xalqına maliyyə yardımının bərpasına sadiqliyi və İsrailin işğal altındakı Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin dayandırılmasını təbliğ etməsidir.

Türkiyə ilə Yunanıstan arasında onsuz da gərgin olan münasibətlər Baydenin Ağ Evə seçilməsindən sonra daha da kəskinləşə bilər. Obamanın prezidentliyi dövründə ABŞ-ın vitse-prezidenti olan Bayden Senatın Xarici İşlər Komitəsində uzun müddətli üzvlüyündən sonra Şərqi Aralıq dənizi barədə ətraflı məlumat topladı və görünür, ABŞ-ın ənənəvi müttəfiqləri ilə əlaqələrini gücləndirməyə ehtiyacı olduğunu düşünür. Yeni seçilən prezident keçmişdə Türkiyəyə qarşı sələfindən daha qətiyyətli bir siyasət yürütməyə meyilli olduğunu artıq sübut etdi və onun diplomatik keçmişində Egey mübahisələrini necə həll edə biləcəyinə dair bəzi əlamətlər var.

2009-cu ildə "Teksan" şirkəti "Nobl Energi" tərəfindən İsrailin müstəsna iqtisadi zonasında təbii qaz yatağı aşkar edildikdən sonra bir çox Şərqi Aralıq dənizi ölkəsi daha çox enerji sahəsi axtarmaq üçün müvafiq qitə platformalarında qazma işlərinə başladı. Bununla birlikdə bəzi ölkələr tərəfindən müstəsna iqtisadi zonaların ayrılmaması bölgədəki mübahisəli ərazilərdə aparıla biləcək enerji axtarışları ilə əlaqədar dərin gərginliyə səbəb oldu. Bu, Türkiyə ilə Yunanıstan arasında davam edən mübahisələrin ümumi vəziyyətini təşkil edir. Beynəlxalq Dəniz Hüququ Konvensiyasını imzalamayan Türkiyə adaların öz müstəsna iqtisadi bölgəsinə sahib olma haqqını tanımır. Buna görə də Türkiyə hökuməti "Oruc Rəis"i bir yunan adası olan Kastellorizo yaxınlığında kəşfiyyata göndərdi. Bu ada sadəcə 12 kvadrat metrdir və Türk sahillərindən 2 km, Yunanıstan sahillərindən isə 600 km məsafədə yerləşir. Afina və digər Avropa ölkələri bu addıma dərhal kəskin reaksiya verdi və Ərdoğanı mübahisəli ərazilərdəki əməliyyatları dayandırmağa və mübahisələrin sülh yolu ilə həlli üçün dialoqu bərpa etməyə çağırdı.

Trampın prezidentliyi dövründə ABŞ Şərqi Aralıq dənizində əhəmiyyətli bir təşəbbüs göstərməmişdi. Hökumət ABŞ-ın enerji bazarlarını genişləndirməsinə imkan verəcək stabil vəziyyət yaratmaq üçün ölkələr arasındakı mövcud gərginliyi azaltmaq məqsədi güdürdü. Yunanıstan ilə ABŞ arasında münasibətlərin son illərdə olduğu kimi yaxın olmadığı danılmaz olsa da, bəzi fikir ayrılıqlarına baxmayaraq Tramp və Ərdoğan bir-birləri ilə stabil münasibət qurdular. Xüsusilə Trampın Türkiyənin Rusiya ilə S-400 raket müqaviləsindən sonra Ankaraya sanksiya tətbiq etməməsi qərarı iki ölkə arasındakı münasibətlərin sərtləşməsinə yol aça biləcək ehtimalların qarşısını aldı. Bundan əlavə son aylarda ABŞ-ın Yaxın Şərqdən hərbi qüvvələrini çıxarması Türkiyəyə daha geniş fəaliyyət dairəsi verdi və planlı əməliyyatlarını Cənubi Qafqazdan başqa, xüsusilə Suriyada və Liviyada daha sərbəst şəkildə həyata keçirməsinə imkan verdi. Belə başa düşmək olar ki, Ağ Ev üçün Egey münaqişəsindəki tərəflərdən birinə qarşı daha fərqli münasibətin fəsadlara yol açacağı ehtimal olunurdu və həqiqətən də hökumət həmişə bu və ya digər aktyorun tərəfinə keçərək neytrallığını pozmaqdan çəkinirdi. Lakin Şərqi Aralıq dənizində iddialı siyasət yürütməməsi Trampın hər şeyi təsadüfə buraxması demək deyil. Əksinə, bu, ABŞ-ın regiondakı mövqelərinin yaxşılaşdırılmasına yönəlmiş diplomatik addımını əks etdirir.

Yüksək ehtimalla Baydenin Ərdoğana yanaşması fərqli olacaq. Bayden bu günə qədər Ərdoğana qarşı tənqidlərini gizlətməyib və müxalifət liderlərinin dəstəyini alaraq ona “avtokrat” damğasını vurub. Bundan əlavə, o, Türkiyə prezidentini ifadə azadlığına məhdudiyyət qoyduğuna görə tənqid edib. Bayden keçmişdə dəfələrlə kürdpərəst bir mövqe tutmuş və bu da Türkiyə hökumətinin onu “anti-türk” hesab etməsinə səbəb olmuşdu. Baydenin tənqidi Ərdoğanın Şərqi Aralıq dənizindəki xarici siyasətini də əhatə edirdi. Türkiyəyə “bölgədəki anlaşmazlıqlar sülh yoluyla həll edilməli ve bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməli və qorunmalıdır” deyərək, bir yandan Yunanıstana qarşı etdiyi təhdidləri qınadı, digər tərəfdən isə “Mavi Vətən” konseptsiyalarından qaynaqlanan ekspansionist mövqelərinə son qoymaq üçün Türkiyəyə sanksiya tətbiq olunmasının vacibliyini təsdiqlədi. ABŞ-ın Türkiyəyə qarşı münasibəti mülayimləşməsə, Ankara-Moskva əməkdaşlığının güclənməsi və Türkiyənin Qərb müttəfiqlərindən daha da uzaqlaşması Obama prezidentliyi dövründə olduğu kimi bölgənin sabitliyinə ciddi təsir göstərə bilər.

Bundan əlavə ən azından yaxın gələcəkdə Yunanıstanla müəyyən ortaqlıq və ya strategiyada ciddi bir dəyişiklik gözlənilmir. Ankara son dərəcə strateji əhəmiyyətə malik bir tərəfdaş olaraq qalır və ortaq maraqlar əhəmiyyətli dərəcədə çoxdur. Bu səbəbdən də ABŞ-ın NATO-nun əsas müttəfiqlərindən biri ilə açıq qarşıdurmaya başlama ehtimalı azdır. “Ritorikanın seçkilərdə üstünlük təşkil etməsi səciyyəvidir. Ancaq sonradan əsl həqiqətlər ön plana çıxacaq” deyə Türkiyənin vitse prezidenti Fuad Oktay qeyd edib. Üstəlik ABŞ-ın yeni rəhbərliyinin, COVID-19 ilə mübarizə də daxil olmaqla, diqqətinin çox hissəsini ayırması lazım olan həyati vacib amillər var.

Nəticə etibarı ilə Baydenin prezidentliyi dövründə son illərdə ABŞ-Türkiyə münasibətlərini pozan düyünlərin üzə çıxacağını və Ankaranın Vaşinqtonla bəzi problemlərdə qarşı-qarşıya gələcəyini gözləyə bilərik. Baydenin seçkiqabağı çıxışları, türkiyəli həmkarı ilə üz-üzə gəlməsi Şərqi Aralıq dənizində sabitliyə heç də müsbət təsir göstərməyəcək. Buna baxmayaraq güman etmək olar ki, hər an Rusiya domeni istiqamətində qətiyyətli addımlar ata bilən fundamental müttəfiqlə ən azı mülayim münasibətlər qurmaq üçün Biden rəhbərliyinə bəzi institusional təzyiqlər olacaqdır.