Topçubaşov-Çxeidze Forumunun təsis sessiyası: Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitlik naminə strateji tərəfdaşlıq kimi

Topçubaşov-Çxeidze Forumunun təsis sessiyası: Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitlik naminə strateji tərəfdaşlıq kimi

Martın 5-də Azərbaycanın Topçubaşov və Gürcüstanın Geocase beyin mərkəzləri aparıcı analitiklərin iştirakı ilə regiondakı ən son geosiyasi hadisələrin müzakirəsini hədəfləyən Topçubaşov-Çxeyidze forumu çərçivəsində ilk birgə vebinarı tədqim ediblər. Tədbirdə Rusiyanın Ukraynanı işğalından sonra dəyişən güc reallıqları fonunda ikitərəfli münasibətlərdən başlayaraq regional inteqrasiyaya qədər Bakı və Tbilisinin xarici siyasət prioritetləri kimi müxtəlif aktual mövzular nüanslı şəkildə müzakirə olunub.

Geocase rəhbəri Victor Kipiani sessiyanı Topçubaşov-Çxeyidze forumunun əhəmiyyəti barədə geniş məruzə ilə açaraq onun Azərbaycan və Gürcüstan ekspert icmaları arasında dialoq və əməkdaşlığın təşviqində mühüm rolunu qyed edib.  Cənab Kipianinin 1990-cı illərdən Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı haqqında çıxışı iki ölkənin qarşılıqlı əlaqələrinin tarixi trayektoriyası, ortaq məhdudiyyətlər və imkanların yönləndirilməsində qarşılıqlı anlaşma və əməkdaşlığın vacibliyi kimi dəyərli fikirləri əhatə edib.

Cənab Kipianinin əhatəli təqdimatından sonra Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Topçubaşov-Çxeyidze forumunun aktuallığı barədə danışaraq bu müzakirələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə hərtərəfli işıq tutduğunu qeyd edib. Münasibətlərin keçmişi, bugünü və gələcəyi haqqında müfəssəl təqdimatdan sonra cənab Hüseynov əlaqələrin davamlı xarakterini, yaranan müəyyən çətinlikləri və ortaya çıxan yeni imkanlardan yararlanmaq üçün davamlı əməkdaşlığın zəruriliyini vurğulayıb.

Topçubaşov Mərkəzinin eksperti Məhəmməd Məmmədov Azərbaycan və Gürcüstanın regional geosiyasətdə mühüm rol oynadıqlarına vurğu edərək son aylarda regionda baş verən əsas dəyişiklikləri təhlil edib. Onun fikrincə, regiondan keçən enerji (Cənub Qaz Dəhlizi) və nəqliyyat (Orta Dəhliz)  marşrutlarının müxtəlif güc mərkəzlərinin qlobal strategiyaları üçün artan əhəmiyyəti hər iki Cənubi Qafqaz respublikasına getdikcə qeyri-müəyyənləşən dünyada mövqelərini gücləndirmək üçün bir çox imkanlar yaradıb. Ermənistan və  Azərbaycanın hərtərəfli sülh müqaviləsinin imzalamasına yaxınlaşması ilə Cənubi Qafqaz regionu öz stabil mühitindən yararlanaraq qlobal səviyyədə siyasi və iqtisadi dəstək əldə edə bilər.

Nəhayət, Geocase eksperti Beka Boçorişvili diqqəti Gürcüstanın Avropa İttifaqına üzvlük istəkləri və bunun regiona təsirlərinə çəkib. Onun təqdimatı Gürcüstanın Aİ-yə namizəd ölkə kimi statusunun hərtərəfli təhlili, Aİ ilə daha sıx inteqrasiyanın potensial faydaları və çətinlikləri kimi mövzuları əhatə etdi. Cənab Boçorişvilinin  fikirləri daha geniş  regional kontekstdə Gürcüstanın Aİ ilə yaxın əməkdaşlığını yaxından izləyən siyasətçilər və təhlilçilər üçün faydalı ola bilər.

Ümumilikddə, vebinar Gürcüstan-Azərbaycan münasibətlərinin mürəkkəbliklərini və daha geniş regional dinamikanı başa düşmək üçün düşündürücü və məlumatlandırıcı platforma irəli sürdü. Tərəflər regionda və onun hüdudlarından kənarda geosiyasi hadisələrin müxtəlif aspektlərini işıqlandırmaq üçün hər iki ölkədən daha çox ekspert cəlb etməklə gələcəkdə müzakirələrin əhatə dairəsini genişləndirmək barədə razılığa gəldilər.

Müzakirə Geocase-nin Youtube kanalında mövcuddur.