Əsgəran əməliyyatı (Şelli - Abdal - Harov cəbhəsi)
Üçüncü Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsas hücum istiqamətlərindən biri Xankəndi-Xocavənd yolu nəzarətə götürülməsi əməliyyatı idi. Xocalı rayonunun bu strateji hissəsində təmas xətti 10 noyabr 2020-ci il razılaşması ilə Ağdam rayonunun Azərbaycana qaytarılmasından sonra formalaşdı. Bu cəbhə xətti, xüsusilə Abdal-Harov istiqaməti, bölgədəki hərbi nəzarət və təminat yolları baxımından kritik əhəmiyyət kəsb edirdi. Xankəndi-Xocavənd yoluna nəzarət, həm hərbi-strateji mövqelərin möhkəmləndirilməsi, həm də logistik dəhlizlərin idarə olunması baxımından vacib sayılırdı. Bu əməliyyatın ilkin məqsədi “DQR” Müdafiə Ordusunun bölgədəki hərəkət azadlığını məhdudlaşdırmaq, xüsusilə də əsas kommunikasiya xətlərini və yolları bloklamaq idi. Xocalı-Xocavənd kəsişməsində cəbhə xəttinin açılması, Azərbaycan Ordusunun daha geniş əməliyyat planının tərkib hissəsi olaraq, bölgədə tam nəzarətin bərpasına xidmət edirdi.
Abdalın strateji əhəmiyyəti
Abdal kəndi Gülablı ilə birlikdə Ağdam rayonunun cənub hissəsində, keçmiş Martuni (Xocavənd) rayonuna doğru uzanan çıxıntılı ərazidə yerləşir. Kənd Xocavənd və Xocalı rayonlarının inzibati sərhədlərinin kəsişdiyi nöqtədə yerləşərək bu bölgələr arasında təbii keçid rolunu oynayır. Abdal və Gülablı kəndləri Ağbulaq, Dəhrəz, Harov, Mirikənd, Çörəkli, Avdur və Yenikənd yaşayış məntəqələri ilə əhatələnib. Kəndin relyefinin dağlıq və meşəlik ərazi olması ona coğrafi və hərbi baxımdan strateji əhəmiyyət qazandırır. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk illərdən etibarən Abdal uğrunda ciddi hərbi qarşıdurmalar yaşanıb. 1990-cı illərin əvvəllərində cəbhə xəttinə yaxın yerləşməsi səbəbilə kənd həm Azərbaycan, həm də erməni hərbi birləşmələri üçün önəmli mövqelərdən biri hesab olunurdu.
Birinci Qarabağ müharibəsi zamanı (1992-ci ilin sentyabrında) erməni qüvvələrinin Ağdam rayonunda ələ keçirdiyi ilk kənd məhz Abdal olmuşdu. Xaçın çayı hövzəsindəki digər kəndlərdə olduğu kimi, burada da işğal dövründə erməni əhali məskunlaşdırılmışdı. Lakin bu kəndin fərqli xüsusiyyəti ondan ibarət idi ki, Abdalda əsasən Ermənistandan köçürülmüş ermənilər, eləcə də 2000-ci illərin əvvəllərində bölgəyə yerləşdirilmiş Suriya erməniləri məskunlaşdırılmışdı. Mardakert rayonuna daxil edilən Ağdam kəndlərindən fərqli olaraq, burada erməni qaçqın ailələri yaşamırdı. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunun nəzarətə götürdüyü Ağdam rayonunun ən son kəndi məhz Abdal olmuşdu.
Abdal-Harov cəbhəsi
Abdal kəndinə nəzarəti bərpa etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri və “DQR” Müdafiə Ordusu təmas xəttində yeni döyüş mövqeləri formalaşdırmağa başladı. Azərbaycan bölmələri Abdal kəndinə ən yaxın erməni yaşayış məntəqəsi olan Mirikənd istiqamətində Çolaqlı yüksəkliyində (1124,2 m) mövqe tutmuşdu. Ermənilərin əsas döyüş mövqeyi isə 1100 metr yüksəklikdə yerləşirdi. Azərbaycan Ordusunun digər mövqeləri Yenikənd istiqamətində 946 metr, Avdur tərəfdə isə 852 metr yüksəkliyində yerləşirdi. Hücumun əsas istiqaməti cənub-qərb boyunca müəyyənləşdirildi. Bunun səbəbi isə ən hündür yüksəkliklərin məhz Harov tərəfdə yerləşməsi idi (Süleymanov & Ələkbərova, 2024, s. 59).
Kəndin təxminən iki kilometrliyində, 1390 metr yüksəklikdə yerləşən 406 saylı mövqedə erməni qüvvələrinin əsas müdafiə xətti qurulmuşdu. Onunla eyni silsilədə, 1304 metr yüksəklikdə 407-ci post yerləşirdi. Bu iki mövqe erməni tərəfinin lokal müdafiə xəttini təşkil edirdi. Qarşı tərəfdə, Azərbaycan Ordusuna məxsus postlar isə müvafiq olaraq 1382 və 1294 metr yüksəkliklərdə yerləşirdi. Beləliklə, bu istiqamətdə hər iki tərəf iki mövqedən ibarət paralel döyüş xətti formalaşdırmışdı. Azərbaycan Silahlı Qüvvələri və “DQR” Müdafiə Ordusunun postları bir-birinə son dərəcə yaxın idi, 406 saylı post ilə Azərbaycan mövqeyi arasında cəmi 50 metr məsafə vardı. Ərazidə Müdafiə Ordusunun Əsgəran briqadasının 4-cü bölüyü və Harov kəndinin sakinlərindən təşkil olunmuş yerli silahlı dəstə döyüş növbətçiliyi aparırdı. Bu bölməyə bölük komandiri Vrej Əyriyan rəhbərlik edirdi. Ümumi komandanlığı isə Hamlet Qasparyan tərəfindən həyata keçirilirdi.
Müharibədən üç gün əvvəl erməni qüvvələri Azərbaycan postları istiqamətində intensiv hərbi aktivlik müşahidə etmişdilər. Buna görə də 406 saylı post və ətraf ərazilərdə birinci səviyyəli döyüş hazırlığı rejimi elan olunmuşdu. 19 sentyabr səhər Xankəndidə yerləşən ehtiyat qüvvələr də Harov istiqamətinə gətirilmişdi. Üçüncü Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu ilə “DQR” Müdafiə Ordusu arasında ilk toqquşma məhz Harov kəndində baş tutdu.
Sentyabrın 19-da saat 09:00–09:15 radələrində Azərbaycan Ordusunun ərazidəki aktivliyini müşahidə edən erməni hərbi bölmələrinin bir hissəsi ikinci müdafiə xəttinə geri çəkildi. Saat 09:45 radələrində Azərbaycan Ordusunun təxminən 50–60 nəfərlik canlı qüvvəsi müşahidə postu qarşısında ağaclıq sahədə mövqelərə doğru irəlilədi. Bu hərəkət kəşfiyyat və mövqelərin ilkin qiymətləndirilməsi məqsədi daşıyırdı. İrəliləməyə cavab olaraq müşahidə mövqesindəki erməni komandiri Martik Harutyunyan F-1 tipli əl qumbarasını irəliləyən Azərbaycan əsgərlərinin olduğu istiqamətə atdı. Qumbara atıldığı anda Azərbaycan hərbçiləri dərhal səpələnərək müdafiə mövqeyi tutduqları üçün itki vermədilər. Tərəflər arasında atışma başladı və nəticədə Azərbaycan bölmələri ilkin mövqelərinə geri çəkildi. Hadisə lokal atəşkəs pozuntusu kimi qiymətləndirildiyindən, vəziyyəti qiymətləndirmək məqsədilə əraziyə Rusiya Sülhməramlı Kontingentinin nümayəndələri və “DQR” Müdafiə Ordusunun özünümüdafiə dəstələrinin komandanlıq heyəti gəldi. Danışıqlar aparıldığı dövrdə Azərbaycan bölmələri 406 saylı postun qarşısına təxminən 10 ədəd zirehli texnika cəmləşdirdi. Azərbaycan mövqelərinin meşəlik sahədə yerləşməsi səbəbilə erməni tərəfi dərin müşahidə imkanına malik deyildi. Saat 12:37 radələrində Rusiya sülhməramlıları insidentlə bağlı protokol tərtib etməklə məşğul olduqları anda Azərbaycan Ordusu genişmiqyaslı hücuma başladı. Sülhməramlı kontingent və erməni komandanlığı ərazini təcili tərk etdi, lakin onlara məxsus texnika post yaxınlığında qaldı.
406 və 407-ci postun alınması
Azərbaycan Ordusu ilk zərbəni Harov kəndi istiqamətində yerləşən 407 saylı posta endirdi. Postun müdafiəsi əsasən kənd sakinlərindən ibarət idi və döyüş hazırlığı zəif olduğundan, 1294 yüksəkliyindən başlayan hücum nəticəsində Azərbaycan bölmələri bu mövqeni asanlıqla ələ keçirdi. Paralel olaraq, əsas hücum istiqaməti kimi 406 saylı posta intensiv artilleriya zərbələri endirildi. Atəşin gücü o qədər yüksək idi ki, mövqedə qurulmuş qabionlar dağılmağa başladı. Artilleriya atəşi bitdikdən sonra, təxminən saat 13:20-də Azərbaycan Ordusunun 406 saylı posta qarşı piyada hücumu başlandı. Döyüş təxminən bir saat yarım davam etdi. Döyüşlər 8–10 metr kimi çox qısa məsafədə baş verdi. Azərbaycan Ordusunun hücumu o qədər effektiv təşkil olunmuşdu ki, erməni mövqelərindəki döyüşçülər yaxın məsafədən aparılan atışma şəraitində sursatdan istifadə imkanını belə itirmişdi.
Saat 16:30 radələrində snayper dəstəyinin cəlb olunması ilə Azərbaycan bölmələri erməni mövqeyindəki müqaviməti tamamilə qırdı. Bu mərhələdə açılan snayper atəşi nəticəsində postun ən təcrübəli hərbçilərindən biri olan Mixail Balayan məhv edildi. Döyüşün bu mərhələsində müdafiənin tam çökməsi səbəbilə erməni bölmələri mövqeni tərk edərək geri çəkildilər. 406 və 407 saylı postların ələ keçirilməsindən sonra Azərbaycan Ordusu Harov-nMirikənd torpaq yolu üzərində nəzarəti təmin etdi.
Beləliklə, Abdalın cənubunda və cənub-şərqində yerləşən Mirikənd, Avdur, Çörəkli, Yenikənd, Həşan kimi kəndlərin qərb tərəfdən yolu bağlandı. Bu üstünlüyün qarşısını almaq məqsədilə erməni artilleriyası saat 18:00 radələrində 406 saylı postu atəşə tutmağa başladı. Sözügedən istiqamətdəki erməni bölmələri Dəhrəz və Naxçıvanlı kəndlərində yerləşən haubitsa batareyalarından artilleriya dəstəyi alırdı. Ancaq axşam saatlarında Azərbaycan bölmələri artilleriyanı neytrallaşdıra bildi.
Birinci müdafiə xəttinin itirilməsindən sonra erməni hərbçilər təxminən 1 kilometr geri çəkilərək ikinci xəttin möhkəmləndirilməsinə başladılar. Geri çəkilən bölmələr artıq həmin mövqedə yerləşmiş beş nəfərlik dəstəyə qoşuldu. Bu mövqedəki hərbçilər nisbətən yaxşı təchiz olunmuş, əl qumbaraları və kifayət qədər sursatla təmin edilmişdilər. Ardınca bu qrupa Əsgəran briqadasından əlavə olaraq daha 10 hərbçi də qoşuldu. Onların əsas məqsədi Azərbaycan Ordusunun cənub və qərb istiqamətində irəliləməsinin qarşısını almaqdı.
Çəpnixaç aşırımı və Cəmiyyət kəndi uğrunda döyüş
Azərbaycan qüvvələri gecə saatlarında 406 nömrəli mövqe istiqamətindən iki qrup şəklində – ümumilikdə təxminən 40 nəfərlə gizli sızma əməliyyatına başladılar. Birinci qrupun əsas tapşırığı Çəpnixaç aşırımını keçərək Harov kəndi ilə Xankəndi–Xocavənd avtomobil yolunun birləşdiyi strateji ərazini ələ keçirməklə kommunikasiya xəttini kəsmək idi. İkinci qrup isə Cəmiyyət kəndindən 1,7 km şimal-qərbdə yerləşən “DQR” Müdafiə Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinə (HHMQ) məxsus hərbi bazasını ələ keçirməli idi.
Əməliyyatın ilk mərhələsində birinci qrup öz tapşırığını yerinə yetirmək üçün saat 01:00 radələrində Çəpnixaç aşırımına doğru hərəkətə keçdi. İkinci müdafiə xəttində yerləşən erməni bölmələri gecəgörmə vasitələrinin olmaması səbəbindən Azərbaycan xüsusi təyinatlı və komanda birliklərinin sızmasını ilkin mərhələdə müəyyən edə bilmədi. Batalyonun komanda məntəqəsindən siqnal raketləri vasitəsilə təxmini istiqamət göstərilsə də, açılan atəşə qarşı tərəfdən cavab gəlmədiyindən konkret hədəf müəyyənləşdirilə bilmədi. Azərbaycan qüvvələri mövqelərin yanından keçərək iri qaz kəmərinin arxasında gizlənmiş vəziyyətdə R-30 yoluna doğru irəlilədi. 20 sentyabr gecə saat 03:00–04:00 radələrində Müdafiə Ordusuna məxsus bir tank və iki ədəd BMP-2 Cəmiyyət kəndi istiqamətindən Çəpnixaç aşırımına tərəf hərəkətə başladı. Eyni zamanda, Xankəndidən Çəpnixaç aşırımı və Harov kəndlərinə “DQR” Müdafiə Ordusunun xüsusi təyinatlı bölmələri dislokasiya olundu. R-30 yolunda yerləşən erməni müdafiə mövqelərinə Azərbaycan hərbçilərinin yaxınlaşdığı barədə öncədən xəbərdarlıq edilmişdi. Dan yeri sökülərkən əraziyə çatmış erməni motoatıcı bölmələri tank və zirehli transportyorları çarpaz atəş zonası yaratmaq məqsədilə uyğun mövqelərdə yerləşdirdi. Ümumi müdafiə hazırlığını tamamlamaq üçün təxminən bir saatlıq vaxta ehtiyac duyulurdu.
Lakin həmin müddətdə Azərbaycan hərbçiləri artıq mövqeyə yaxın, təxminən 100 metr məsafədə pusqu quraraq hücum üçün əlverişli anı gözləyirdilər. Bu zaman ərzində tank briqadasının şəxsi heyəti ərazidəki xüsusi təyinatlı qüvvələrlə koordinasiya yaratmağa çalışırdı. Çəpnixaç aşırımında yerləşdirilmiş qüvvələr arasında Xocalıdan gətirilmiş yeddi hərbçi də mövqe tutmuşdu. Qarşıdurmanın başlamasına təsadüfi amil təsir göstərdi. Təcili yardım sürücüsünə istiqaməti dəyişərək yaralıların evakuasiyası üçün hazır vəziyyətdə dayanmaq tapşırığı verilmişdi. Sürücü hərəkət edərkən, təsadüfən ərazidə gizlənmiş Azərbaycan hərbçilərini aşkar etdi və nəticədə hər iki tərəf arasında silahlı toqquşma başladı. Xüsusi təyinatlı erməni hərbçisi Hraç Ohanyan xatırlayır: “Atəş başlayan kimi BMP-yə doğru qaçmağa başladım. Qaçdığım anda məni vurdular – biri odlu silahla, digəri isə qumbaraatanın qəlpəsi ilə. Yerə yıxıldım, ancaq özümdə güc tapıb BMP-yə girə bildim. Atəş açmağa başladım və onları geri otuzdurdum. Üçüncü hücumda azərbaycanlılar digər BMP-ni vura bildilər. Nişangahında problem yaranan BMP-yə doğru hərəkət etmək istədim, ancaq çox qan itirdiyim üçün yıxıldım. Əsgərlər məni təcili evakuasiya edib xəstəxanaya apardılar. Beləcə, döyüş oradaca bitdi. Xəstəxanaya çatdırılanda da yanımda rabitə cihazım var idi, onlarla danışırdım. Həkimlər yaralarımı yoxlayana qədər, təxminən saat 11:30 idi. Azərbaycanlıların irəliləməsi dayanmışdı.”
20 sentyabr səhər saat 8:00 radələrində başlayan döyüş günorta saatlarına qədər davam etdi. Azərbaycan hərbçiləri yaxın məsafədə qəfil hücuma keçdiyi üçün erməni hərbçiləri tank və artilleriyadan istifadə edə bilmədi. Buna baxmayaraq, ciddi müqavimətə rast gələn Azərbaycan hərbçilərinin Çəpnixaç ərazisini nəzarətə götürməsi mümkün olmadı. Buradakı döyüşdə ümumilikdə 4 erməni hərbçi yaralandı.
Azərbaycan tərəfinin xüsusi təyinatlı və komanda birliklərinin ikinci qrupu Harov kəndindən təxminən 2 km cənub-şərq istiqamətində hərəkət edərək Cəmiyyət kəndinə doğru irəlilədi. Bu kəndin ərazisində əsas hərbi mövqe 1410 metr yüksəklikdə yerləşən Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası idi. Baza ətrafında ümumilikdə 20 nəfərlik şəxsi heyət mövqelənmişdi və onlara divizionun komandiri Armen Budaqyan rəhbərlik edirdi. Azərbaycan Ordusunun bölmələri həmin hərbi bazaya eyni vaxtda üç istiqamətdən hücum təşkil etdilər. Hücum saat 12:20 radələrində həyata keçirildi və bu əməliyyata dair görüntülər daha sonra ictimaiyyətə təqdim olundu. Ciddi müqavimətlə qarşılaşmayan Azərbaycan xüsusi təyinatlı qüvvələri HHMQ bazasını nəzarətə götürdülər. Döyüş zamanı Müdafiə Ordusunun baş çavuşu Qaqik Hakobyan öldürüldü, divizion komandiri Armen Budaqyan da daxil olmaqla daha iki hərbçi yaralandı. Erməni bölmələri mövqelərini tərk etdikdən sonra baza Müdafiə Ordusu tərəfindən artilleriya atəşinə tutuldu. Bununla belə, bu mərhələdə artilleriya zərbələri Azərbaycan bölmələrinin irəliləyişini əhəmiyyətli dərəcədə ləngitmədi və xüsusi təyinatlılar Cəmiyyət kəndi istiqamətində hərəkəti davam etdirdilər. Cəmiyyət kəndinə daxilolma ərəfəsində atəşkəs razılaşması imzalandı. Kəndin Xankəndi–Xocavənd avtomobil yolunun üzərində yerləşməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Lakin atəşkəsin qüvvəyə minməsi səbəbilə Azərbaycan bölmələri mühasirəyə alınmış kəndə daxil ola bilmədi.
Şelli-Əsgəran cəbhəsi
Ağdamın Şelli kəndi, Əsgəran qəsəbəsinə yaxınlığı səbəbindən strateji mövqedə yerləşir. Əsgəran isə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) dövründə Əsgəran rayonunun mərkəzi olmuş və bu baxımdan bölgədə mühüm rol oynamışdı. Xocalının azad olunması üçün keçirilən mart əməliyyatı zamanı isə Rusiya Ordusu məhz Şelli kəndi ərazisində dislokasiya olunmuşdu. Şellinin yerləşdiyi mövqe həm Əsgərana, həm də Xocalıya birbaşa çıxış təmin etdiyi üçün bu əraziyə nəzarət etmək bölgənin ümumi logistik və əməliyyat imkanlarına ciddi təsir göstərirdi. Məhz bu səbəbdən, 1993-cü ildə erməni qüvvələrinin Ağdam şəhərini işğal edərkən hücumlarının əsas istiqamətlərindən biri də Şelli və onun ətrafına fokuslanmışdı. Ağdam əməliyyatı zamanı işğal edilən Şelli kəndində 2001-ci ilə qədər məskunlaşma olmadı. Həmin il Ermənistandan gəlmiş aztəminatlı ailələr burada yerləşdirildi və yeni yaşayış məntəqəsi salındı. Çox ağır şərtlərdə yaşayan bu kəndin əhalisi isə üçtərəfli bəyanatın imzalanmasından sonra ərazini tərk etdi. Azərbaycan Ordusu isə 22 noyabrda Şelli kəndinə daxil oldu.
Azərbaycan Ordusunun Ağdam-Xocalı istiqamətindəki döyüş mövqeləri Harovdan ləğv edilmiş Əyriz kəndinə qədər uzanırdı. Bu ərazidə əsas müdafiə zolaqları Ulubab yüksəkliyindən Qazandağa, Fərrux-Pirlər-Əsgəran və Naxçıvanlı-Pircamal-Dəhrəz-Harov xətti boyunca qurulmuşdu. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra bu ərazidə müdafiənin təşkili məqsədi ilə ermənilər yerli əhali arasında dəstələr təşkil etdi. Bu dəstələr əsasında 2021-ci ildə Əsgəran alayı formalaşdırıldı. Alayın komandiri polkovnik Aşot Qulyan idi. Bu alayın tərkibinə 3 müntəzəm ordu batalyonu, 2 özünümüdafiə batalyonu və 1 özünümüdafiə bölüyü daxil idi. Vaqif Hakhumyanın rəhbərliyindəki 42-ci batalyon Qazandağ yüksəkliyindən (1285,2 metr) Ulubab yüksəkliyinə (1427,8 metr) qədər olan sahənin mühafizəsinə cavabdeh idi. Seyran Avakimyanın rəhbərlik etdiyi bölük isə Əsgəran yaxınlığındakı mövqeləri müdafiə etməli idi. Burada müdafiə xətti zəif təşkil olunmuşdu. Bölük tam komplektləşdirilməmişdi, tərkibində 58 nəfər könüllü xidmət edirdi. Bu istiqamətdə yerləşən 414 saylı döyüş mövqeyi ən vacib post hesab olunurdu. Bu yüksəklik Şelli kəndinin tam qarşısında, Əsgərandan 1–2 km məsafədə yerləşirdi. 490 metr hündürlükdə olan bu postun qarşısında, eyni hündürlükdə Azərbaycan postu yerləşirdi. Qarqarçayın sahilində yerləşən bu postlar bir-birinə çox yaxın məsafədə idi. Rusiya sülhməramlılarının Əsgərandakı bazası çayın digər tərəfində mövqelərə yaxın məsafədə yerləşirdi.
Azərbaycan Ordusu Əsgəran istiqamətində əməliyyata saat 13:00 radələrində başladı. Artilleriya hazırlığından Azərbaycan bölməsi hücuma keçdi. Postun komandiri Armen Qabrielyan xatırlayır: “Birdən gördüm ki, təxminən on beş nəfərdən ibarət Azərbaycan hərbi qüvvəsi aşağıdan mövqeyimizə daxil olmağa hazırlaşır. Mən dərhal Razmikə pulemyotu onlara tuşlamağı əmr etdim. O, soyuqqanlı şəkildə tapşırığı yerinə yetirməyə başladı. Elə bu zaman biz ikimiz birlikdə düşmənə əl qumbaraları atmağa başladıq. Bir qədər sonra rəqib tərəfimizə atəş açdı və mən Razmikin başını pulemyotun üzərinə qoyduğunu gördüm. Anladım ki, o, öldürülüb. Özüm isə kürəyimdən yaralandım və bədənimə qəlpə dəydiyini hiss etdim.”
Hücumun elə ilk mərhələsində mövqe və onun arxa təminat xətləri artilleriya zərbələri ilə dağıdıldı. Vəziyyət ağır olduğu üçün Seyran Avakimyan dörd nəfərlik qrupla birlikdə Əsgəran qəsəbəsindən mövqeləri müdafiə edənlərə kömək üçün yola çıxdı. Lakin Azərbaycan bölmələri intensiv minaatan zərbələri ilə onların posta yaxınlaşmasına imkan vermədi. Armen Qabrielyan xatırlayır: “Anladım ki, biz artıq mövqeyi saxlaya bilməyəcəyik. Təxminən 25 metr məsafədə mövqeyimizə köməyə gəlmiş şəxsi heyət azərbaycanlılara atəş açmağa başladılar. Mən aşağıya sürüşməyə cəhd etdim və bu dəfə güllə ilə yaralandım. Lakin avtomatı əlimdən buraxmadım, baxmayaraq ki, qolum demək olar ki, işləmirdi. Nəhayət, çətinliklə də olsa, kömək edən hərbçilərimizin yanına çatdım.”
Azərbaycan Ordusu postun ən çox sol cinahına təzyiq etdi. Burdakı əsgərlərdən Vrej Stepanyan öldürüldü, Vahan Beqlaryan və Artur Hovsepyan yaralandı. Döyüşün ilk dəqiqələrində ağır itkilər verən 414 saylı şəxsi heyəti mövqenin yan və arxa hissələrinin atəş altına düşməsi nəticəsində daha da sıxışdırıldı. Yaralanan mayor Armen Qabrielyanın qərarı ilə erməni bölməsi geri çəkilməyə başladı. Postdakı hərbçilərdən Manvel Tavadyan xatırlayır: “Mən mövqenin sağ tərəfində idim. Hamının çıxmasını yoxladıqdan sonra mən də postu tərk etdim. Əsgərlər Aslan və David mövqenin yuxarı hissəsində idilər və oradan rəqibin hərəkətlərini izləyirdilər. Digər şəxsi heyət üzvləri sol cinahda mövqelənmişdi. Onlar da uğurla mövqedən çıxmağı bacardılar. Biz geri çəkilməyə məcbur olduq, çünki qüvvələr qeyri-bərabər idi. Əgər orada qalsaydıq, hamımız məhv olacaqdıq.”
Beləliklə, hərbi əməliyyatların başlanmasından qısa müddət sonra Azərbaycan Ordusu postu ələ keçirdi. Postu itirən erməni qüvvələri 500 metr geri çəkilərək yeni müdafiə xətti qurdu. Yeni mövqenin əsas məqsədi hücumun dərinə irəliləməsinin qarşısını almaq idi. Lakin Azərbaycan Ordusu Əsgəran üzərinə hücuma keçmədi. Nəticədə bu istiqamətdə əlavə əməliyyat həyata keçirilmədi. Sentyabrın 20-də günorta elan olunan atəşkəslə bölgədə sakitlik bərqərar oldu.
Nəticə
Azərbaycan Ordusunun Ağdam-Xocavənd və Ağdam-Xocalı istiqamətlərində həyata keçirdiyi əməliyyatlar müharibənin sürətli yekunlaşmasında mühüm rol oynadı. Müharibə zamanı Xankəndi-Xocavənd yolunu ələ keçirməyə çalışan Azərbaycan bölmələri ilkin olaraq bu məqsədə nail ola bilmədi. Lakin Şuşa istiqamətindən irəliləyən Azərbaycan bölmələrinin Muxtar-Şuşakənd-Daşkənd-Dağdağan xətti üzrə həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra həmin yolun tutulmasının strateji əhəmiyyəti azaldı. Müharibənin bitməsinə qısa müddət qalmış Dağdağanda yerləşən Azərbaycan bölmələri Abdal istiqamətindən hücuma keçən digər bölmələrlə birləşməyə yaxınlaşdı. Yalnız Dovurdağ yüksəkliyi bu iki qüvvəni ayırırdı. Bu vəziyyət ərazinin iki hissəyə bölünməsi demək idi. Hər iki hərbi birləşmə ərazidə lokal mühasirə halqaları yaradaraq erməni bölmələrinin koordinasiyasını iflic vəziyyətinə saldı. Sağ cinahdakı xüsusi təyinatlılar müharibənin son saatlarında Cəmiyyət kəndinə yaxınlaşdı. Buradakı bölmələrin Xankəndi-Xocavənd yolunu nəzarətə götürmək artıq zaman məsələsi idi. Sentyabrın 22-də Rusiya sülhməramlılarının müşayiəti ilə həmin kəndə daxil olan Azərbaycan hərbçiləri orada yerləşən erməni silahlı birləşmələrini tərksilah etdilər. Sol cinahdakı Azərbaycan bölmələri isə 20 sentyabr tarixində atəşkəslə bağlı razılıq əldə edildikdən sonra Harov istiqamətində yerləşən ikinci müdafiə xəttinin qarşısında mövqe tutmuşdu. Müharibənin başa çatmasından sonra həmin ərazidə bir dəfə də silahlı toqquşma qeydə alındı. Lakin Rusiya sülhməramlı qüvvələrinin müdaxiləsindən sonra vəziyyət sabitləşdirildi və qarşıdurma genişlənmədən dayandırıldı. 21 sentyabrda “DQR” rəhbəri Samvel Şahramanyan Rusiya sülhməramlıları və Azərbaycan hərbçilərinin müşayiəti ilə Harov kəndinə gəldi. Danışıqlardan sonra erməni hərbi qüvvələri tərksilah olunaraq onunla birlikdə ərazini tərk etdilər. Kənd əhalisinin taleyi ilə bağlı yekun qərar verilmədiyi üçün sakinlər 25 sentyabra qədər kənddə qaldılar. Həmin gün günorta saatlarında sonuncu Harov sakini də kəndi tərk etdi.
Azərbaycan Ordusunun Ağdam-Xocavənd istiqamətindəki əməliyyatları zamanı əsas hücum istiqaməti Harov xətti boyunca müəyyənləşdirilsə də, Mirikənd istiqamətindən həyata keçirilmiş sızma əməliyyatı rayonun şərq bölgəsində mühüm strateji nəticələr doğurdu. Azərbaycan bölmələri Mirikəndin qərbindən, təqribən 10 km-lik müdafiəsiz sahədən irəliləyərək, Avdur, Mirikənd, Yenikənd və Yemişcan kəndlərinin yerləşdiyi bölgəni taktiki mühasirəyə aldı. Bu manevr nəticəsində erməni bölmələrinin xüsusilə bu xətt boyunca mövqeləri və arxa təminat xətləri pozuldu. Avdur kəndi bu mərhələdə ən mühüm müqavimət nöqtələrindən biri kimi çıxış etdi. Kənd istiqamətində, 180 metr məsafədə yerləşən üç erməni postu, Mqer Poqosyanın rəhbərliyi ilə Azərbaycan bölmələrinin təzyiqinə qarşı müəyyən müqavimət göstərdi. Lakin 19 sentyabr axşam saat 20:00 etibarilə postlar tam mühasirəyə alındı və müdafiə imkanları məhdudlaşdı. 20 sentyabrda həm Avdur, həm də Mirikənd kəndlərinin əhalisi Qağartsi kəndinə təxliyə olundu. Azərbaycan bölmələri atəşkəslə bağlı razılaşmadan sonra irəliləyişi davam etdirdi. 21 sentyabrda, Qağartsiyə gedən meşə yolu uğrunda qısamüddətli döyüşdən sonra erməni tərəfinə yarım saatlıq çıxış imkanı verildi. Bu, sentyabrın 22-də faktiki olaraq Mirikənd və Avdurun Azərbaycan nəzarətinə keçməsi ilə nəticələndi. Yenikənddə də bənzər ssenari yaşandı. Azərbaycan bölmələri təqribən 1 km məsafədə mövqe tutaraq kəndin faktiki təcridini təmin etdi. Əhali müharibənin ilk günü Heşan kəndinə təxliyə edildi. Kənddəki erməni hərbçilər isə 26 sentyabrda mövqelərini tərk etdi. Ən son mərhələdə Xocavəndin şərqində yerləşən Yemişcan və Qarakənd kəndlərinin əhalisi də bölgəni tərk etdi. Bununla da 26 sentyabrda bütövlükdə Xocavəndin şərq bölgəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Xocavənd-Xocalı kəsişməsindən fərqli olaraq, Ağdam-Xocalı xətti boyunca hərbi əməliyyatların intensivliyi nisbətən aşağı səviyyədə qaldı. Bununla yanaşı, ərazidəki erməni hərbçilərin dislokasiya yerlərinin sabit saxlanılması məqsədilə davamlı təzyiq göstərildi. Hərbi əməliyyatlar zamanı erməni bölmələri Pirlər və Xanabad istiqamətində canlı qüvvə itkisinə məruz qaldı. Postlara yönəldilən artilleriya zərbələrinin bir hissəsi yaşayış məntəqələrinə də təsir etdi. Bu istiqamətdə müharibə dövründə ən böyük mülki itki qeydə alındı. Ağbulaq kəndinə endirilən artilleriya zərbəsi nəticəsində dörd mülki şəxs həlak oldu. Müharibənin ilk mərhələsində cəbhə xəttinə yaxın yerləşən altı yaşayış məntəqəsi üzrə təcili evakuasiya həyata keçirildi. Bu kəndlərdən dördü — Pirlər, Naxçıvanlı, Xanabad və Ağbulaq Ağdam-Xocalı istiqamətində yerləşirdi. Əlavə olaraq, regionun ən böyük yaşayış məntəqəsi olan Əsgəran qəsəbəsinin əhalisi də müharibənin gedişində ərazini tərk etdi. Sentyabrın 20-də Əsgəran qəsəbəsindən təxminən 2200 nəfər mülki sakin çıxarıldı və yaşayış məntəqəsi demoqrafik baxımdan tam boşaldı.
Azərbaycan Ordusu bu strateji qəsəbə üzərində tam nəzarəti sentyabrın 30-da təmin etdi. Əsgəran, bütün əməliyyatlar çərçivəsində nəzarətə götürülən ən son yaşayış məntəqələrindən biri oldu. Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Əsgəranda dövlət bayrağını ucaltdı. Əsgəranın nəzarətə götürülməsi ilə əməliyyatlar başa çatdı və bölgədə faktiki olaraq yeni idarəetmə rejimi formalaşdı. Sonrakı mərhələdə isə əsas diqqət ərazidə sabitliyin və idarəetmə mexanizmlərinin qurulmasına yönəldi.
İstifadə edilən ədəbiyyat
Süleymanov, M., & Ələkbərova, S. (2024). Azərbaycanın suverenliyinin təmin edilməsi üçün həyata keçirilən lokal xarakterli antiterror tədbirləri. Hərbi Bilik, 1(1), 53–64.