Danışıqların XIII turu: Çin-Hind sərhəd münaqişəsi

Danışıqların XIII turu: Çin-Hind sərhəd münaqişəsi

Müasir dünya tarixinin ən uzun müddət davam edən və eyni zamanda ən qanlı münaqişələrindən biri Çin-hind sərhəd konflikti ötən ilin ikinci rübündən etibarən yenidən alovlanmağa başlayıb. Onilliklər ərzində Himalay sıra dağları boyunca uzanan 3488 km-lik sərhəd xəttində yaşanmış saysız toqquşmalar nəticəsində ölkələr arası münasibətlər ciddi mənada korlanmış və sərhədlərin müəyyənləşmə prosesi iki nüvə dövləti arasında bu günədək həllini tapmamış məsələ olaraq qalmağa davam edir.

Ümumillikdə 120.000 kv kilometrdən çox ərazini əhatə edən mübahisəli zonalarda 1996-ci ildən tərəflərin razılığı ilə odlu silah istifadəsinin tamamilə qadağan edilməsinə baxmayaraq, onlarla əsgərin ölümü ilə nəticələnən qanlı toqquşmalar baş verməyə davam etmişdir (son illər yaşanan insidentlər zamanı düşmən tərəflər bir-birinə dəyənək və daşla hücum edərək xəsarət yetirmişlər). 

Əsasən 3 sərhəd zonası: Pakistan-Hindistan-Çin sərhəddində yerləşən Aksay Kin (Aksai Chin), Butan-Hindistan-Çin-Myanma sərhəddində yerləşən Arunaçal Pradeş (Arunachal Pradesh) və Çinlə Hindistan, eyni zamanda Nepalla Butan arasında yerləşən Sikkim bölgələri tərəflər arasında bu günə qədər mübahisə predmeti olmağa və hərbi qarşıdurmaların yaşanmısına səbəb olur.

Tibet platosunun cənub-qərbində yerləşən və coğrafi olaraq Kəşmir bölgəsinə aid olan Aksay Kin Hindistanın Çinə qarşı ərazi iddialarının mərkəzində yer alır. Əlverişsiz iqlim şəraiti və təbii resurs baxımından kasad olmasına rəğmən bölgənin Pekin üçün geostrateji əhəmiyyəti olduqca böyükdür. Belə ki, ölkənin iki böyük inzibati ərazi vahidini – Sincan-Uyğur və Tibet Muxtar Rayonlarını birləşdirən əsas magistral xətt sözügedən ərazidən keçir. Üstəlik, çinli geoloqların 2015-ci ildə kəşf etdikləri ölkənin ən böyük qurğuşun-sink yataqlarının ərazicə Aksay Kinə yaxın olması da bölgənin strateji əhəmiyyətini artıran amillərdir. Qeyd edək ki, mürəkkəb relyef və sərt iqlimə malik sözügedən dağlıq regionda hündürlüyü 5000 metri aşan dağlar hər iki tərəfin hərbi əməliyyatları davam etdirmələrini çətinləşdirməklə yanaşı, ərazinin daimi yaşayış məskəninə çevrilməsi prosesini də müşkülə çevirir.

Himalay dağ silsiləsinin cənub-şərq yamaclarında yerləşən və rəsmi Pekinin Cənubi Tibet regionunun bir hissəsi hesab etdiyi mübahisəli Arunaçal Pradeş bölgəsi isə Hindistanın tərkibindədir. 1962-ci ildə Çin Xalq Qurtuluş Ordusuna (PLA) aid quru qoşunları Hind hərbi qüvvələrini 4 həftəlik müharibədə məğlubiyyətə uğradaraq bölgəni müvəqqəti olaraq nəzarəti altına ala bilmişdi (cənub-qərb istiqamətində, yəni Aksay Kində möhkəmlənmə missiyasını yerinə yetirən ÇXR ordusu atəşkəs elan edərək Arunaçal Pradeşdən geri çəkilir. Üstəlik, müharibənin uzanması ABŞ-ın da hərbi müdaxilə ehtimalını artırdığından atəşkəsə qərar verilir). Nəticədə, atəşkəsin elanından sonra Çin-Hindistan sərhədinin demarkasiya xətti müəyyən edilmişdir.

Referendum yoluyla Hindistanın tabeliyinə keçmiş və mütəmadi olaraq hərbi qarşıdurmaların yaşandığı bir digər mübahisə mənbəyi olan bölgə - Sikkim, ölkənin şərq və qərb əyalətlərini birləşdirən və ərazi bütövlüyü baxımından Dehli üçün mühüm önəm kəsb edən Siliquri Dəhlizi ilə Çin arasında bufer zona rolunu oynayır. Uzun illər Britaniya və Hindistan mandatlığında olmuş yarımüstəqil Sikkim krallığının süqutu ilə nəticələnmiş 1975-ci il referendumunu ilk illərdə tanımayan Pekin 2003-cu ildə rəsmi Dehlinin Tibeti ÇXR-nin tərkib hissəsi olaraq qəbul etməsi şərtiylə qeyd edilən bölgəni Hindistana aid ərazi vahidi kimi tanımışdır. Adı çəkilən ərazilərdən başqa, Çinlə Butan arasında mübahisəli teritoriya hesab edilən Doklamda 2017-ci ildə Çinin tikinti işlərinə start verməsi, Hindistanı Butana ordu yeritməyə vadar etmişdi. Yol tikinti sahəsinin ölkənin Siliquri dəhlizinə yaxın olması rəsmi Dehlinin təşvişinin əsas səbəbi olaraq göstərilir. 

Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin əvvəlində Britaniyalı kartoqraflar tərəfindən müəyyən edilmiş sərhədlər əvvəldən rəsmi Pekin tərəfindən tanınmayıb. Son dekadada iki dövlətin liderlərinin bir neçə dəfə görüşməsinə və gərginliyi azaltmaq naminə dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı razılıqların əldə olunmasına, o cümlədən, ölkələr arasında son illərdə sürətlə inkişaf edən iqtisadi-ticari əlaqələrə baxmayaraq (son statistikalara əsasən ÇXR, illik 86.4 milyard dollarlıq ticarət dövriyyəsi ilə ABŞ-ı da keçərək Hindistanın ən böyük ticari partnyoru olmuşdur), ziddiyyət və provakasiyaların ilbəil daha sərt formada təkrarlanmasının şahidi oluruq.

Qeyd edək k, hal-hazırda Arunaçal Pradeş bölgəsini Çindən McMahon (MakMahon), Aksay Kin bölgəsini isə Hindistandan Makartni-Makdonald (Macartney-Macdonald) sərhəd xəttləri ayırır. Bundan başqa, qeyd edilən ikinci xətt 1963-cü ildən bəri Çin-Pakistan sərhədlərinin müəyyənləşməsində də rol oynayır. Şübhəsiz ki, hərbi konfrontasiyanın dərinləşməsinə və diplomatik münasibətlərin kəskinləşməsinə təkan verən digər bir vacib faktor da Çinin mübahisəli ərazilərdə fasiləsiz olaraq yeni infrastruktur layihələrini sistematik və geniş şəkildə (hərbi istehkamların, yaşayış massivlərinin, magistral yolların tikilməsi və s.) reallaşdırmasıdır. Pekinin regiondakı ekspansiya siayasətinə cavab olaraq Hindistan da sərhədboyu tikinti işlərini sürətləndirir. Bundan başqa, xüsusən 2020-21-ci illərdə yaşanan anlaşmazlıqlar fonunda Dehli Çin mənşəli malları boykot etməklə yanaşı, “Aliexpress”, “PUBG Mobile”, “Baidu”, “Weibo”, “Wechat” və “TikTok” daxil 260-dan çox Çin əsilli mobil tətbiqi dövlətin kiber təhlükəsizliyini bəhanə edərək ölkə sərhədləri daxilində istifadəsini tamamilə qadağan etmişdir.

Ötən ilin iyun ayından başlayaraq bu günə qədər davam edən və kiçik/orta miqyaslı insidentlərin yaşanmasıyla müşayiət olunmuş 17 aylıq qarşıdurmanın həll edilməsi istiqamətində iki ölkənin hərbi komandanlıqları səviyyəsində növbəti dəfə - XIII görüş 2 gün öncə baş tutmuşdur. Ümumiyyətlə, danışıqların uğursuz alınmasına rəğmən hazırki sərhəd münaqişəsinin tədricən səngiyəcəyini və mövcud status-kvonunun qorunacağını ehtimal etmək olar. Lakin digər tərəfdən də Asiyanın hər iki nəhənginin artan iqtisadi qüdrətlərinə paralel olaraq böyüyən siyasi ambisiyaları və maraqları regionda nüfuz dairəsi uğrunda girdikləri rəqabətin yaxın gələcəkdə daha da kəskinləşəcəyinə zəmanət verir. Dehlinin Avstraliya, ABŞ və Yaponiya ilə birgə “QUAD” hərbi-strateji ittifaqına qoşulması, həmçinin hər il Hind okeanında əsasən “QUAD” üzvlərinin birgə iştirakı ilə baş tutan Malabar hərbi təlimlərində (bu gündən etibarən Malabar 2021 təlimlərinin ikinci mərhələsi Benqal körfəzində başlayıb) aktiv iştirakı Hindistanın uzun illər xarici məsələlərdəki diplomatik yanaşmasını müəyyənləşdirən tərəfsizlik mövqeyinin dəyişdiyini göstərən misallardır. 

Sözsüz ki, Himalay boyu baş verən silsilə hadisələrə paralel olaraq, Çinin Hind okeanı boyunca nüfuz dairəsini genişləndirməyə çalışması da (Benqal körfəzinə çıxışını təmin edəcək Myanmarda tikilən Kyaukpyu, Pakistandakı Gvadar, Şri Lankadakı Hambantota limanlarını, o cümlədən, Çinin Hind Okeanında hərbi, iqtisadi və tranzit maraq və təhlükəsizliyini qorumaqla mükəlləf Cibutidəki Doraleh hərbi bazasını misal çəkmək olar) rəqabəti qızışdıran faktorlardır.